Gürcüstan hökuməti Orta Dəhliz layihəsi çərçivəsində Azərbaycan, Türkiyə və Ermənistana gedən avtomobil yollarının tikintisini 2026-cı ildə başa çatdırmaq niyyətindədir.
“İki sahil” xəbər verir ki, Gürcüstan hökumətinin planına əsasən, cari ildə Rustavi-Qırmızı Körpü, Ermənistan sərhədinə gedən Alqeti-Sadaxlo və Türkiyə sərhədinə gedən Batumi-Sarpi avtomobil yollarının tikintisi tam başa çatdırılmalıdır. Bunun üçün 2026-cı ilin dövlət büdcəsində vəsait də nəzərdə tutulub.
Sənəddə deyilir ki, bu layihələrin həyata keçirilməsi nəticəsində Gürcüstan, Azərbaycan, Ermənistan və Türkiyəni birləşdirən Orta Dəhlizin hissələrinin tikintisi başa çatacaq.
Qeyd edək ki, “Transxəzər” Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın aparıcı dəniz və dəmir yolları nəqliyyatı şirkətlərinin iştirakı ilə yaradılıb.
Dəhliz hazırda Çin-Qazaxıstan sərhədindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçərək Avropayadək uzanır.