ABŞ-də yerləşən müdafiə sənayesi şirkəti “VisionWave”in “Argus” sistemi orbit pozucu vasitələrlə birləşdirilərək qlobal Pilotsuz Uçuş Aparatı (PUA) müdafiəsi üçün süni zəka dəstəkli, kosmos əsaslı bir “öldürmə zənciri” qurur.
“İki sahil” xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatında yerləşən “VisionWave” şirkəti PUA müharibəsini atmosferdən yuxarıya daşımaq üçün addım atıb və süni zəka ilə işləyən antidron sistemi hazırlayaraq birbaşa orbitdən əməliyyatlar icra etməyi hədəfləyir.
Kaliforniyada yerləşən “VisionWave”in “Argus” konsepsiyası kosmosdan bir neçə silah sistemini əlaqələndirmək üçün yüksək tezlikli (HF) siqnallardan istifadə edəcək.
Şirkətin yaydığı məlumata əsasən, sistem kosmos əsaslı müşahidə sistemlərini önləyici vasitələr və effektorlarla birləşdirərək qlobal antidron “öldürmə zənciri” kimi fəaliyyət göstərəcək.
Orbitdən elektro-optik və infraqırmızı avadanlıqlarla təchiz edilmiş “Argus” peykləri sərhədləri, limanları və digər yüksək əhəmiyyətli əraziləri izləyəcək və kiçik və taktiki PUA-ların “tam spektrini” aşkarlayacaq.
“VisionWave” şirkətinin prezidenti Duq Devis açıqlamasında bildirib:
“Argus” kosmosdan düşmən PUA-larını aşkarlaya, onları anında kateqoriyalara ayıra və son dərəcə gərgin mühitlərdə belə real vaxtda dəqiq əks-zərbəni əlaqələndirə bilən döyüş meydanı miqyasında qalxan yaratmaq üçün nəzərdə tutulub”.