19 yanvar 2026 11:31
116

Millinin kapitanı: Azərbaycan yığmasında potensiallı oyunçular var

Ötən gündən toplanışa start vermişik. Qarşıda bizi Danimarka ilə iki yoldaşlıq oyunu gözləyir.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan futzal millisinin kapitanı Emin Kürdov jurnalistlərə açıqlamasında deyib.

O, bu cür hazırlıq oyunlarının keçirilməsinin müsbət məqam olduğunu bildirib: "Praktikamız artır və qarşıdakı görüşlərə daha hazırlıqlı oluruq. Bildiyiniz kimi, ilin sonlarına yaxın dünya çempionatının seçmə mərhələ matçları var. Orada da uğurlu olmaq istəyirik. Artıq millidə legionerlər də yoxdur. Məşqçinin dediyi kimi, yeni komanda qururuq. Heyətdə potensiallı oyunçular var. Sadəcə, onlara vaxt lazımdır".

Xatırladaq ki, hazırlıq prosesində 4-ü qapıçı olmaqla ümumilikdə 19 futzalçı iştirak edir. Yığma toplanış zamanı yanvarın 22-də və 24-də Bakı İdman Sarayında Danimarka yığması ilə yoldaşlıq oyunları keçirəcək.