19 yanvar 2026 14:31
112

Aqrar Biznes Festivallarına dəstək verən tərəfdaş qurumların sayı artır

Aqrar İnnovasiya Mərkəzi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası əməkdaşlığı genişləndirmək barədə razılıq əldə olunub

Dövlət-özəl əməkdaşlığı çərçivəsində aqrar sahədə birgə fəaliyyətin genişləndirilməsi, sahibkarların dəstəklənməsi və maliyyə savadlılığının artırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi (AIM) ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında müzakirələr aparılıb.  

“İki sahil” xəbər verir ki, müzakirələrdə qeyd olunub ki, hər iki qurumun səmərəli əməkdaşlığı çərçivəsində regionlarda keçirilən Aqrar Biznes Festivallarına sahibkarların aktiv cəlb edilməsi təmin olunur. Festivallar kənd təsərrüfatı məhsullarının tanıdılması, bazara çıxış imkanlarının genişləndirilməsi, eləcə də sahibkarlarla maliyyə qurumları arasında birbaşa əlaqələrin qurulması baxımından mühüm platforma rolunu oynayır.

Tərəflər aqrar sahədə fəaliyyət göstərən sahibkarların maliyyə savadlılığının artırılmasının vacibliyini vurğulayıb, bu istiqamətdə maarifləndirici tədbirlərin, praktiki görüşlərin və müzakirə formatlarının əhəmiyyətini xüsusi qeyd ediblər. Bildirilib ki, festivallar çərçivəsində keçirilən panel müzakirələr, kredit yarmarkaları kimi tədbirlər sahibkarların dövlət dəstək mexanizmləri barədə məlumatlılığının artırılmasına mühüm töhfə verir.

Müzakirələrdə cari ildə Azərbaycan Sahibkarlar Konfederasiyasının “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələrində tərəfdaş qismində iştirak barədə razılıq əldə olunub. Bu panel müzakirələrinin region sahibkarları üçün bilik və təcrübə mübadiləsi baxımından effektiv platforma olacağı vurğulanıb.

Müzakirə zamanı həmçinin qeyd olunub ki, ASK bank və maliyyə sektorunun kredit yarmarkalarına cəlb edilməsi və bu prosesin təşviqi istiqamətində dəstək göstərəcək.

Tərəflər gələcək dövrdə birgə təşəbbüslərin genişləndirilməsi, festivallara və digər maarifləndirici tədbirlərə daha çox sahibkarın cəlb edilməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyi barədə razılıq əldə ediblər.

Qeyd edək ki, son illər ərzində bölgələrdə Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ümumilikdə 90 Aqrar Biznes Festivalı keçirilib. Bunlardan 32-si 2025-ci ildə baş tutub. Ötən il keçirilən festivallarda ümumilikdə 421 907 nəfər iştirak edib, bunların 38 492 nəfəri fermer, 383 415 nəfəri isə ziyarətçi olub.

Festivallar çərçivəsində təkcə 2025-ci ildə bölgələrdə rayon icra hakimiyyətləri ilə birgə 19 Məhsul Festivalı təşkil olunub.

Aqrar Biznes Festivalları çərçivəsində 2025-ci ildə ölkənin 8 iqtisadi rayonunda 14 toxum sərgi-satış yarmarkası, kredit yarmarkaları, “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində “Bootcamp” proqramları təşkil olunub.