20 yanvar 2026 23:47
112

Denis Şmıqal: Azərbaycanın yardımı Ukraynanın enerji dayanıqlılığını gücləndirəcək

Ukraynanın energetika sahəsinə göstərilən növbəti humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edilib.

“İki sahil” Ukrayna Energetika Nazirliyinə istinadla xəbər verir ki, Ukraynanın Baş nazirinin müavini, energetika naziri Denis Şmıqal Azərbaycanın Ukraynaya bir milyon dollar dəyərində yeni enerji avadanlığı bağışladığını bildirib.

D.Şmıqal qeyd edib: “Azərbaycan Respublikası enerji sektoru üçün Ukraynaya təxminən bir milyon dollar dəyərində daha bir humanitar yardım göndərib. Azərbaycan Prezidenti İlham Əliyevə və energetika naziri Pərviz Şahbazova göstərdikləri dəstək və həmrəyliyə görə minnətdaram”.

Onun sözlərinə görə, bu əhəmiyyətli dəstək davamlı hava zərbələri şəraitində Ukraynanın enerji dayanıqlılığının gücləndirilməsinə mühüm töhfə verəcək.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı sahəsində humanitar yardımlar göndərib. Ölkəmizin Ukraynaya göstərdiyi ümumi humanitar dəstəyin, o cümlədən bərpa və yenidənqurmayönümlü yardımların dəyəri artıq 45 milyon ABŞ dollarını ötüb.