Kopenhagen şəhər meriyası Rusiya səfirliyinin binaları üçün ayrılmış torpaq sahələrinin müsadirəsi ilə bağlı indiyədək heç bir praktik addım atmayıb.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Rusiya diplomatik missiyası bildirib. Qeyd olunub ki, məsələ Danimarka mediasında müzakirə mövzusu olub.
Rusiya səfirliyinin “RIA Novosti”yə verdiyi məlumata görə, həmin dövrdə Kopenhagen merinin müavini Yens-Kristian Lütken şəhər rəhbərliyinin səfirliyi torpaq sahəsindən minimal qiymətə geri alma mexanizmi vasitəsilə məhrum etməkdə maraqlı olduğunu bəyan etmişdi.
Diplomatik nümayəndəlik diqqətə çatdırıb ki, Moskva ilə Kopenhagen arasında 1982-ci ildə imzalanmış və hər iki paytaxtda səfirliklərin qarşılıqlı yerləşdirilməsi şərtlərini tənzimləyən saziş qüvvədə qalmaqda davam edir. Agentliyin həmsöhbətləri Danimarka tərəfinin bu cür addımlarının yolverilməz və ziddiyyətli xarakter daşıdığını vurğulayıblar.
Bundan əvvəl Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin bəyan etmişdi ki, ölkə hakimiyyəti Kopenhagendəki Rusiya səfirliyinə məxsus torpaqları müsadirə etməklə hədələyir. Onun sözlərinə görə, Danimarka hökuməti artıq diplomatik missiyanın say tərkibini azaldıb, ticarət nümayəndəliyinin fəaliyyətini dayandırıb və Rusiya Elm və Mədəniyyət Mərkəzinin işini məhdudlaşdırıb.