21 yanvar 2026 11:45
96

İcbari Sığorta Bürosunun yenilənmiş internet səhifəsi istifadəyə verilib

“İcbari Sığorta Bürosu” (İSB) Hüquqi Şəxslərin İttifaqı vətəndaşlara və sığorta bazarının iştirakçılarına göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini əsas prioritetlərdən biri kimi müəyyən edib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq İSB-nin internet səhifəsi - www.isb.az  təkmilləşdirilmiş formada və yeni dizaynda istifadəyə verilib.  

İSB-dan "İki sahil"ə verilən məlumata görə, saytın yenilənməsində məqsəd istifadəçilər üçün daha rahat, çevik və funksional platformanın yaradılması, informasiya əlçatanlığının artırılmasıdır.  

Yenilənmiş veb səhifə müasir dizayn və təkmilləşdirilmiş struktur əsasında hazırlanıb, istifadəni asanlaşdıran yeni texniki imkanlarla zənginləşdirilib. Saytda naviqasiya sistemi daha sadə formaya salınıb, ən çox istifadə olunan bölmələr ön plana çıxarılıb, Azərbaycan və ingilis dillərində istifadə imkanı təmin edilib. 

Yeni versiyada vətəndaşlar, sığorta şirkətləri və digər maraqlı tərəflər üçün vacib məlumatlar sistemləşdirilib, icbari sığorta növləri, sığorta hadisələri zamanı atılacaq addımlar və prosedur qaydaları, tpl.az platforması, Yaşıl Kart sistemi barədə məlumatlar təqdim olunur. Saytda sığorta növləri üzrə statistik məlumatlar da yerləşdirilib və mütəmadi olaraq yenilənir.

İSB-nin informasiya sistemində “Şəxsi kabinet”in dizaynı yenilənib, funksionallığı daha da artırılıb. Saytda 4 yeni elektron xidmət istifadəyə verilib. İstifadəçilər bonus-malus əmsalı, sığorta tarixçəsi, radar cərimələri, sığorta hadisəsi üzrə müstəqil ekspertin təyin olunması və digər məsələlərlə bağlı müraciətlərini elektron qaydada təqdim edə bilərlər.