21 yanvar 2026 12:06
95

Supervarlılardan tutulan vergilərin artırılması tələb olundu - Milyarderlər BƏYANAT YAYDILAR

Dünya üzrə 24 ölkəni təmsil edən 400-ə yaxın milyonçu və milyarder supervarlılardan tutulan vergilərin artırılmasını tələb edən açıq müraciət imzalayıblar.

“İki sahil” xəbər verir ki, dünya liderlərinə ünvanlanan məktub Davosda keçirilən Dünya İqtisadi Forumunda yayımlanıb.

Müraciətdə bildirilir ki, həddindən artıq sərvət siyasəti çirkləndirir, sosial təcridi artırır və iqlim böhranını gücləndirir. Bəyanatda supervarlılarla digər təbəqələr arasındakı artan fərqin azaldılmasının vacibliyi də vurğulanır.

Məktubu Mark Ruffalo, Brian Eno və Abigail Disney kimi tanınmış şəxslər də imzalayıb.

"Patriotik milyonçular" qrupunun keçirdiyi sorğuya görə, G20 ölkələrindəki milyonçuların 77 faizi supervarlıların siyasi təsir əldə etdiyini düşünür.

G20 dövlətlərinin vətəndaşları arasında aparılmış digər sorğuda isə respondentlərin üçdə ikisi milyarderlərdən tutulan vergilərin artırılmasını dəstəklədiyini bildirib, 17 faiz isə bunun əleyhinə çıxıb. Sorğu iştirakçılarının üçdə ikisi tutulan vergilərin dövlət xidmətlərinə sərf olunmasının vacib olduğunu qeyd edib.

"Oxfam" xeyriyyə təşkilatının məlumatına görə, ötən il dünyada milyarderlərin ümumi sayı ilk dəfə olaraq 3 mini keçib.