22 yanvar 2026 00:44
98

Rəqəmsal dövrün yeni təhlükəsi - “text neck” və...

Mobil telefon və noutbuklardan uzun müddət düzgün olmayan vəziyyətdə istifadə etmək boyun fəqərələrinə düşən yükü dəfələrlə artırır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, “text neck” (telefon ekranına baxarkən yaranan boyun gərginliyi) və “laptop neck” (noutbuk ekranına baxarkən yaranan boyun gərginliyi ) sindromları artıq bütün yaş qruplarında geniş yayılıb və vaxtında tədbir görülməzsə, xroniki ağrılara və boyun yırtığına səbəb ola bilər.

Gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən mobil telefonlar və noutbuklar fərqinə varılmadan onurğa sağlamlığını təhdid edir. Xüsusilə ekrana uzun müddət başı önə əyərək baxmaq son illərdə “Text Neck Sindromu” və “Laptop Neck Sindromu” adlanan dayaq-hərəkət sistemi problemlərinin artmasına yol açıb.

Medicana Sağlamlıq Qrupunun Beyin və sinir cərrahiyyəsi şöbəsindən həkim Mehmet Serdar Balkan bildirib ki, mobil telefon və kompüterdən uzunmüddətli istifadə boyun fəqərələrində ciddi yüklənməyə səbəb olur. Onun sözlərinə görə, bu sindromlar artıq yalnız gəncləri deyil, bütün yaş qruplarını təhdid edir.

Mütəxəssis qeyd edib ki, hər iki problemin əsas səbəbi eynidir: başın uzun müddət önə doğru əyilməsi. Normalda 4-5 kiloqram olan baş çəkisi 60 dərəcə əyildikdə boyun fəqərələrinə 25-30 kiloqrama qədər yük yarada bilir.

Gənclər və masa arxasında işləyənlər risk altındadır

Araşdırmalar göstərir ki, bu sindromlar xüsusilə gənc yetkinlər, tələbələr və masa arxasında çalışan şəxslər arasında daha çox müşahidə olunur. Həkim Balkan universitet tələbələrində boyun ağrılarının görülmə tezliyinin 25-70 faiz arasında dəyişdiyini bildirib. Onun sözlərinə görə, uzaqdan iş və onlayn təhsilin yayılması ilə “laptop neck” hallarında da ciddi artım qeydə alınır. Problem təkcə gənclərlə məhdudlaşmır. Ofis işçiləri, müəllimlər, həkimlər və uzun müddət kompüter qarşısında işləyən hər kəs risk qrupuna daxildir.

Boyun ağrısı ilə başlayır, xroniki problemlərə çevrilə bilər

“Text neck” və “laptop neck” sindromlarının əsas əlamətləri boyun, çiyin və kürək sümükləri arasında ağrı, boyunda sərtlik, hərəkət məhdudiyyəti, şiddətli baş ağrıları və yuxarı bel nahiyəsində yanma hissidir. İrəliləmiş hallarda duruş pozuntuları daha da nəzərə çarpır.

Mütəxəssis vurğulayıb ki, başın daimi olaraq önə doğru yer dəyişməsi, çiyinlərin düşməsi və donqarlaşma təkcə estetik problem deyil, funksional və irəliləyən ciddi sağlamlıq problemidir.

“Keçici ağrı” kimi qiymətləndirilməməlidir

Həkim Balkan bu halların sadə əzələ ağrısı kimi dəyərləndirilməsinin yanlış olduğunu deyir. Vaxtında tədbir görülmədikdə boyun disk degenerasiyasına, əzələ balansının pozulmasına, onurğa əyriliklərinin artmasına və xroniki ağrı sindromlarının yaranmasına səbəb ola bilər. Daha ağır hallarda boyun yırtığı və onurğa kanalının daralması kimi cərrahi müdaxilə tələb edən problemlər ortaya çıxa bilər.

Mütəxəssisin tövsiyələrinə görə:

Telefonun və noutbukun ekranı göz səviyyəsinə yaxın tutulmalıdır;

Noutbukdan istifadə zamanı yüksəldici və xarici klaviatura seçilməlidir;

Hər 30 dəqiqədən bir qısa fasilə verilməli, boyun və çiyinlər hərəkət etdirilməlidir;

Baş neytral vəziyyətdə, çiyinlər arxada saxlanmalıdır;

Boyun və bel əzələlərini gücləndirən məşqlər gündəlik rejimə daxil edilməlidir.

Mütəxəssis qeyd edib ki, düzgün duruş, erqonomik iş şəraiti və müntəzəm fiziki aktivliklə bu problemlərin böyük hissəsinin qarşısını almaq mümkündür. Onun sözlərinə görə, texnologiya insanlara xidmət etməli, onurğa sağlamlığına zərər vurmamalıdır.

Şahnigar Əhmədova, “İki sahil”