Qış aylarında xüsusilə uşaqlar arasında geniş yayılan qar yemək vərdişi sadəcə maraqdan yaranan məsum davranış təsiri bağışlasa da, mütəxəssislər bunun ciddi sağlamlıq riskləri daşıdığını bildirirlər. Xüsusilə şəhər mühitində yağan qarın hava çirkliliyi və ətraf mühit amilləri səbəbindən zərərli maddələrlə çirklənə biləcəyi vurğulanır. Mütəxəssislər valideynləri uşaqları bu vərdişdən uzaq tutmağa çağırırlar.

Uşaq xəstəlikləri üzrə mütəxəssis, həkim Özge Yurtseven uşaqlar arasında tez-tez rast gəlinən qar yemək vərdişi ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, qar yemək düşünüldüyü qədər də zərərsiz deyil. Həkim Yurtseven bildirib ki, şəhərlərdə yağan qar hava çirkliliyi səbəbindən işlənmiş qazlarına məruz qalır: “Bu cür qarlarda ağır metallar toplanır və tərkibində müxtəlif mikroorqanizmlər mövcud ola bilər. Bu səbəbdən də çirklənmiş qarın yeyilməsi qətiyyən tövsiyə edilmir.”
Yerdə toplanmış qarın riskinin daha yüksək olduğunu deyən mütəxəssis qeyd edib ki, belə qarlar heyvan nəcisini, bakteriya və parazitləri ehtiva edə bilər. Bu isə xüsusilə uşaqlarda ciddi sağlamlıq problemlərinə yol aça bilər. Buna görə də uşaqların qar yeməsi tövsiyə olunmur.
Uşaqların maraq hissi ilə qar yemək istəyə biləcəyini deyən həkim Yurtseven bu halda valideynlərin diqqətli olmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, əgər uşaq israr edərsə, yalnız təzə yağdığı və təmiz olduğuna əmin olunan qardan çox az miqdarda dadmasına icazə verilə bilər. Lakin bundan sonra mütləq ağız gigiyenasına diqqət edilməlidir.
Mütəxəssis əlavə edib: “Bir pediatr olaraq deyə bilərəm ki, qar yemək təhlükəsiz deyil. Ən düzgün seçim onu ümumiyyətlə, yeməməkdir.”
Şahnigar Əhmədova, “İki sahil”