21 yanvar 2026 22:57
149

Azərbaycan startapları 3-cü Qətər “Web Summit”ində iştirak edəcək

Fevralın 1-dən 4-dək Qətərdə 3-cü “Web Summit 2026” keçiriləcək.

“İki sahil” Sammitin Təşkilat Komitəsinə istinadla xəbər verir ki, tədbirdə 124 dövlətdən 30 minə yaxın qonaq, 700 investor, eləcə də 600 media nümayəndəsi iştirak edəcək. Bundan başqa, sammitə Almaniya, İsveçrə, İtaliya, Niderland, Serbiya, Pakistan və Fələstindən hökumət nümayəndə heyətləri qatılacaq.

Sammitdə startaplar və investorlar üçün əlverişli mühit yaradılacaq, regional və qlobal miqyasda fikir mübadiləsi aparmaq və rəqəmsal iqtisadiyyatın gələcəyini formalaşdırmaq üçün platforma təmin ediləcək. Tədbirə müxtəlif ölkələrdən 1600-dən çox startap işlərini təqdim edib. Azərbaycandan “KidFi” və “Ebiletstore” startapları da tədbirdə təqdim olunacaq. “KidFi” interaktiv şəkildə maliyyə, gəlir, xərc, yığım və yatırım haqqındadır. “Ebiletstore” isə ən müasir texnologiyalardan istifadə edərək bilet alış-verişini daha asan və rahat edən rəqəmsal platformadır.

Sammit çərçivəsində 14 mövzu, o cümlədən süni zəka, kvant kompüterləri, maliyyə texnologiyaları, energetika, səhiyyə, sənaye üzrə müzakirələr aparılacaq.