Ölkəmiz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırıb. Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlanılıb. Münasibətlərin bu istiqamətdə inkişafı hər iki tərəfin xeyrinədir. Məqsəd Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olmaqdır. Azərbaycan hər zaman Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq tərəfdarı olub. Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas istiqamətlərindən biri də məhz budur. Ölkə başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də elə Qafqazda sülhün qurulmasında səylərinə verilən qiymətdir.
“Euronews” televiziyasına müsahibəsində Prezident İlham Əliyev beynəlxalq sistemin yenidən formalaşmasına da münasibət bildirib. Ölkə başçısı qeyd edib ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Azərbaycan hər zaman beynəlxalq hüquqa və ümumi dəyərlərə hörmətlə yanaşıb. Bu çərçivədə öz milli maraqlarını təmin edib. Ölkəmizin həm siyasi inkişafı, həm də suverenliyinin və ərazi bütövlüyünün bərpası beynəlxalq hüquqa uyğun olmuşdur. Bir sözlə, Azərbaycan beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyini həyata keçirmişdir. Lakin bu gün beynəlxalq münasibətlər sistemi yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir.
“Euronews” televiziyasının Prezident İlham Əliyevin beynəlxalq sistemin yenidən formalaşmasına dair fikirlərini öyrənməsi bir daha təsdiqləyir ki, Azərbaycan müasir dünyanın siyasi xəritəsində mühüm əhəmiyyətə malik dövlətlərindən biridir. Həmçinin Prezident İlham Əliyev dünya miqyaslı siyasi lider olduğu üçün onun yeni formalaşan beynəlxalq münasibətlər sisteminə dair fikirləri beynəlxalq ictimaiyyətə çox maraqlıdır.
Anar Şahmuradov,
YAP Ağdaş rayon təşkilatı Aparatının ideoloji işlər üzrə məsləhətçisi
Azərbaycan qlobal proseslərdə söz sahibi olan dövlət kimi mövqeyini möhkəmləndirir