23 yanvar 2026 13:23
149

Azərbaycanın qlobal siyasətdə mövqeyi

Azərbaycanın xarici siyasəti milli maraqlara söykənən, müstəqil və çoxvektorlu strategiya üzərində qurularaq regional sabitliyin təmin olunmasına, beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişləndirilməsinə və ölkənin qlobal siyasi-iqtisadi proseslərdə mövqeyinin gücləndirilməsinə yönəlib. Bu siyasət çərçivəsində Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, iqtisadi diplomatiya və təhlükəsizlik məsələlərində etibarlı tərəfdaş kimi tanınır. Eyni zamanda, ölkəmiz beynəlxalq təşkilatlarla və aparıcı dövlətlərlə qarşılıqlı hörmət və suverenlik prinsiplərinə əsaslanan münasibətlər quraraq, müasir beynəlxalq münasibətlər sistemində öz sözünü deyən fəal aktora çevrilib.

Cari ilin 19 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək məqsədilə İsveçrə Konfederasiyasına səfər edib. Bu mühüm forumda Azərbaycanın fəal iştirakı, dövlət başçısının aparıcı beynəlxalq media qurumlarına verdiyi müsahibələr və keçirdiyi yüksək səviyyəli görüşlər ölkəmizin etibarlı tərəfdaş, enerji və nəqliyyat-logistika mərkəzi, eləcə də Cənubi Qafqazda sabitliyin və inkişafın əsas dayağı kimi mövqeyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

Dünya nizamının sürətlə dəyişdiyi, beynəlxalq münasibətlərin klassik hüquqi mexanizmlərdən daha çox güc balansı üzərində formalaşdığı bir mərhələdə Azərbaycan öz milli maraqlarına əsaslanan çevik və prinsipial siyasi xətt yürüdür. Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə bu yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın tutduğu mövqeyi, regional və qlobal siyasətdə qazandığı nüfuzu, eləcə də Cənubi Qafqazda formalaşmaqda olan sülh arxitekturasını aydın şəkildə göstərdi.

Prezident İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq hüquq normaları artıq dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq davranış qaydası kimi qəbul edilmir. Müasir beynəlxalq münasibətlər sistemi getdikcə daha çox güc qaydasına əsaslanan yeni bir mərhələyə daxil olur. Bu şəraitdə dövlətlərin əsas vəzifəsi öz milli maraqlarını qorumaq, potensiallarını düzgün qiymətləndirmək və buna uyğun strateji xətt formalaşdırmaqdan ibarətdir.

Məhz bu reallıqları düzgün dəyərləndirən Azərbaycan son illərdə həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə öz mövqelərini möhkəmləndirib. Suverenliyimizin və ərazi bütövlüyümüzün  bərpası prosesi beynəlxalq hüquqa tam uyğun şəkildə həyata keçirilib. Bu, Azərbaycanın prinsipial və legitim mövqeyinin bariz nümunəsidir. Dövlət başçımızın qeyd etdiyi kimi, görülən bütün işlər – istər siyasi inkişaf, istərsə də ərazi bütövlüyünün təmin edilməsi – ümumbəşəri dəyərlərə və beynəlxalq hüquq normalarına söykənib.

Yeni beynəlxalq münasibətlər sistemində uğurun əsas şərtlərindən biri də çoxtərəfli və balanslaşdırılmış diplomatiyadır. Azərbaycan bu istiqamətdə həm regional, həm də qlobal müstəvidə etibarlı tərəfdaş imici formalaşdırıb, mümkün qədər çox ölkə ilə qarşılıqlı hörmət və faydaya əsaslanan münasibətlər qurmağa nail olub.

Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də Azərbaycanın sülhə və əməkdaşlığa verdiyi töhfələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir. Dövlət başçısı bu mükafatı Qafqazda uzun illər davam edən münaqişə və qanlı qarşıdurmalardan sonra sülhün bərqərar olunması istiqamətində göstərilən səylərə verilən dəyər kimi qiymətləndirib.

Bu gün Cənubi Qafqaz yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan və Ermənistan arasında uzun illər davam edən qarşıdurmadan sonra regionda sülh şəraitinin formalaşması tarixi bir hadisədir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq real sülh mühitində yaşayır və bu, həm böyük fürsət, həm də mühüm məsuliyyətdir.

Azərbaycanın Ermənistanla münasibətləri artıq qarşıdurma müstəvisindən əməkdaşlıq mərhələsinə keçməkdədir. Yüklərin daşınmasında məhdudiyyətlərin aradan qaldırılması, Ermənistanın əsas ehtiyac malları, xüsusilə neft məhsulları ilə təmin olunması regionda iqtisadi inteqrasiyanın formalaşmasına xidmət edir. Bu yanaşma “hamının qazandığı” modelin əsasını qoyur və uzunmüddətli sabitliyin təminatına çevrilir.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi əsas ideya ondan ibarətdir ki, Qafqazda sülh yalnız dövlətlərin siyasi iradəsi ilə deyil, həm də cəmiyyətlərin qarşılıqlı anlaşması və əməkdaşlığı ilə möhkəmlənə bilər. Azərbaycan və Ermənistanın, eləcə də vətəndaş cəmiyyətlərinin birgə səyləri nəticəsində regionda uzunmüddətli deyil, əbədi sülhün bərqərar olunması real hədəf kimi qarşıya qoyulub.

Prezident İlham Əliyev müsahibəsində xüsusi olaraq vurğuladı ki, ölkə daxilində hər hansı potensial risk mövcud deyil və Azərbaycanın təhlükəsizliyinə təhdidlər yalnız xarici faktorlarla bağlı ola bilər. Bu yanaşma Azərbaycanın son illərdə həyata keçirdiyi təhlükəsizlik strategiyasının real nəticələrə söykəndiyini göstərir. Dövlətin güclü siyasi idarəetməsi, ordu quruculuğu və ictimai sabitliyi təmin edən institusional mexanizmlər ölkədaxili riskləri minimuma endirib.

Bununla yanaşı, Prezidentin regionda, xüsusilə İran ətrafında müşahidə edilən qeyri-sabitlikdən narahatlığını ifadə etməsi Cənubi Qafqazın geosiyasi həssaslığını bir daha gündəmə gətirir. Azərbaycan üçün regional sabitlik sadəcə diplomatik anlayış deyil, milli inkişafın və iqtisadi tərəqqinin əsas şərtidir. İşğal və müharibə təcrübəsindən keçmiş bir ölkə olaraq Bakı sülhün və proqnozlaşdırıla bilən siyasi mühitin alternativsiz olduğunu açıq şəkildə bəyan edir.

Prezident İlham Əliyevin enerji bazarları ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın artıq sıravi enerji ixracatçısı deyil, qlobal enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrildiyini göstərir

Azərbaycan bu yeni mərhələdə əsas sabitləşdirici aktorlardan biri kimi çıxış edir. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə dünyada birinci yer tutması, 16 ölkəyə qaz ixrac etməsi və onların 10-nun Avropa İttifaqının üzvü olması Bakının Avropanın enerji təhlükəsizliyindəki rolunu strateji səviyyəyə yüksəldir.

Azərbaycanın həm Cənubi Qafqazın yeganə enerji ixracatçısı olması, həm də region ölkələrinin enerji təminatçısına çevrilməsi onu bölgənin iqtisadi-siyasi dayağına çevirir. Gürcüstan və Ermənistanın Azərbaycan qazından asılılığı bu reallığın açıq göstəricisidir. Eyni zamanda, Suriyaya qaz ixracının başlaması Azərbaycanın Yaxın Şərq bazarına da çıxış imkanlarının genişləndiyini nümayiş etdirir.

Prezident İlham Əliyevin Avropa ilə münasibətlərə dair mövqeyi Azərbaycanın praqmatik və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modelini ortaya qoyur. Azərbaycan Avropa üçün etibarlı enerji mənbəyi, Avropa isə Azərbaycan üçün premium bazardır. Bu münasibətlər ideoloji yox, strateji və iqtisadi maraqlar üzərində qurulub.

Bu kontekstdə Avropa Komissiyası ilə əməkdaşlığın davam etdirilməsi, lakin Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası ilə əlaqələrin dayandırılması Bakının selektiv diplomatiya modelini göstərir. Azərbaycan açıq şəkildə bildirir ki, siyasi qərəz və lobbiçilik təsiri altında formalaşan platformalarla əməkdaşlıq onun milli maraqlarına uyğun deyil.

Prezident İlham Əliyevin Avropa Parlamentinin tənqidlərinə artıq reaksiya verilməməsi barədə bəyanatı Azərbaycanın beynəlxalq münasibətlərdə özünəinamının və siyasi suverenliyinin bariz ifadəsidir.

Azərbaycanın Ermənistanla sülh prosesində konstruktiv mövqe sərgilədiyi, Ağ Evdə sülh müqaviləsinin paraflandığı bir şəraitdə Avropa Parlamentinin Bakını “təcavüzkar mövqedə” ittiham etməsi siyasi məntiqə və reallığa ziddir. Bu kimi addımlar Avropa institutlarının bir qisminin regiondakı yeni geosiyasi reallıqları hələ də qəbul etmədiyini göstərir.

Prezident İlham Əliyevin Davosdan verdiyi mesajlar Azərbaycanın artıq regional güc olmaqla yanaşı, qlobal siyasi və iqtisadi proseslərə təsir göstərən aktora çevrildiyini sübut edir. Bakı sülh, sabitlik, enerji təhlükəsizliyi və müstəqil siyasət prinsiplərini paralel şəkildə həyata keçirən nadir paytaxtlardan biridir.

Azərbaycan bu gün Cənubi Qafqazın sabitlik mərkəzi, Avropanın enerji dayağı və regionlararası əməkdaşlığın əsas qovşağıdır. Davosdan səslənən mövqelər isə bu strateji kursun dəyişməz və ardıcıl şəkildə davam etdiriləcəyinin açıq bəyanıdır.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini