24 yanvar 2026 00:29
76

Sülh Şurasında təmsil olunması ölkəmizə əlavə DİVİDENDLƏR QAZANDIRACAQ

1971-ci ildə yaradılan Davos Forumu qısa zaman ərzində dünya ölkələrinin etimad göstərdiyi nüfuzlu platformalardan birinə çevrildi və 1987-ci ildə Dünya İqtisadi Forumu statusunu qazandı. Bu gün Davos Forumu qlobal iqtisadi böhranların həlli ilə yanaşı, mürəkkəb siyasi proseslərin tənzimlənməsinə də öz töhfəsini verməkdədir. Forumda aparılan müzakirələr və keçirilən panel iclasları bir daha göstərir ki, iqtisadi və siyasi problemlərin həlli bu gün heç vaxt olmadığı qədər bir-biri ilə sıx bağlıdır. Xüsusilə indiki mürəkkəb dövrdə müzakirələr aparılmadan və qarşılıqlı etimada söykənən dialoq mühiti qurulmadan əksər problemlərin həlli mümkünsüz görünür. Beynəlxalq hüququn asanlıqla unudulduğu, güc faktorunun dominantlıq təşkil etdiyi müasir dünyada yalnız belə müzakirələr ortaq beynəlxalq rəyin formalaşmasına və hətta ən kəskin qarşıdurmaların çözülməsinə töhfə verə bilər. Prezident İlham Əliyevin yanvarın 20-də Davosda "Euronews” televiziyasına verdiyi müsahibədə səsləndirdiyi bu fikir elə həmin reallığı əks etdirir: "Beləliklə, qeyd etdiyiniz kimi, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu”.

Cənab Prezident müsahibədə onu da xüsusi vurğuladı ki, istənilən ölkənin iqtisadi rifahında, dövlət maraqlarının və milli təhlükəsizliyinin qorunmasında sabitlik amili xüsusi çəkiyə malikdir. Danılmaz həqiqətlərdən biri də odur ki, əlverişli investisiya mühiti, təhlükəsizlik və sabitlik kimi meyarlar həm ölkənin iqtisadi tərəqqisində, həm də xarici sərmayələrin cəlb edilməsində həlledici rol oynayır. Azərbaycan Prezidentinin beynəlxalq auditoriyaya ünvanladığı mühüm mesajlardan biri də bu oldu ki, ölkəmiz üçün risklər yalnız kənardan qaynaqlana bilər. Azərbaycan həm də bu səbəbdən qonşu ölkələrdə sabitliyin dayanıqlı olmasında maraqlıdır. Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasında fikrini daha da inkişaf etdirərək, Serbiya Prezidenti Aleksandar Vuçiçin açıqlamasına bu cür münasibət bildirdi: "Biz beynəlxalq təsisatlara arxalanmamalıyıq. Mən Aleksandar ilə razılaşıram ki, bu gün vəziyyət heç vaxt olmadığı qədər mürəkkəbdir. Ancaq mən onun bədbinliyini bölüşmürəm, çünki vəziyyət nəzarətə götürülürsə, milli maraqlara və rəhbərlik etdiyin xalqa bağlılıq varsa, o zaman uğura nail olmaq mümkündür”.

Prezident İlham Əliyevin mövqe əminliyinin arxasında Azərbaycanın son iki əsrlik tarixində üzləşdiyi acı həqiqətlər dayanır. Tarixi torpaqlarımızın zaman-zaman işğal və ilhaqı, haqq səsimizin eşidilməməsi, qaçqın və köçkünlük həyatı təkcə son 30 ilin problemi deyildi. İstər ötən əsrin 80-ci illərinin sonu - Sovetlər dönəmində, istərsə də müstəqillik dövründə üzləşdiyimiz ayrı-seçkilik tarixi ədalətsizliyin daha açıq müstəvidə və daha kobud şəkildə davamı idi. BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı məlum dörd qətnaməsinin 27 il kağız üzərində qalması, ATƏT-in Minsk qrupundakı keçmiş vasitəçilər üçlüyünün 28 il ərzində mandatını yerinə yetirməməsi və ya yetirmək istəməməsi tarixi ədalətsizliyin yalnız görünən tərəfidir. Prezident İlham Əliyevin beynəlxalq təsisatlarla bağlı açıqlamasının kökündə də elə bu həqiqətlər dayanır: "Onların heç biri biz vəziyyəti öz əlimizə alanadək həyata keçirilmədi. Biz özümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq”.

Son 80 ildə bənzəri olmayan bu cür tam və mütləq Qələbə yalnız ona görə mümkün oldu ki, xarici təzyiq və təhdidlərin, ayrı-seçkilik və ikili standartlar siyasətinin qarşısında güclü Azərbaycan faktoru dayandı, milli maraqlara xidmət edən Lider qətiyyəti ümumxalq dəstəyi ilə bütövləşdi. Ötən il avqustun 8-də Vaşinqton razılaşmalarının imzalanması və sülh sazişinin paraflanması da ona görə mümkün oldu ki, Azərbaycanın haqlı mövqeyinə, həqiqi və dayanıqlı sülh seçiminə dünyanın bir nömrəli ofisində-Ağ Evdə ilk dəfə olaraq adekvat və ədalətli münasibət göstərildi. Prezident Donald Trampın Azərbaycan Prezidentinə "Siz böyük Lidersiniz”, -deyərək müraciət etməsi bir daha göstərdi ki, indiki mürəkkəb dünyada Lider faktorunun rolu əvəzolunmazdır. Siyasi liderlərin bir-birinə qarşılıqlı inam və etimadı bu gün əksər problemlərin açarıdır.

Bu kontekstdə Azərbaycanın Davosda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının (“Board of Peace Charter”) Nizamnaməsini imzalaması rəsmi Bakının xarici siyasət kursunda yeni diplomatik mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu addım ölkəmizin beynəlxalq mövqeyi, regional rolu və qlobal sülh gündəmində iştirakı baxımından mühüm vədlər verir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Sülh Şurasının nizamnaməsinin imzalanması Azərbaycanın münaqişədən sülhə keçid təcrübəsinə malik dövlət kimi təqdim olunmasını gücləndirir. Xüsusilə postmünaqişə dövründə sülh, bərpa və reinteqrasiya proseslərini ön plana çıxaran Azərbaycan bu platformada sülh quruculuğu sahəsində əldə etdiyi təcrübəni paylaşmaq, beynəlxalq ictimaiyyət qarşısında konstruktiv və məsuliyyətli aktor kimi çıxış etmək,“sülh təşəbbüslərinin tərəfdarı” imicini möhkəmləndirmək imkanı qazanır. Bu, rəsmi Bakının beynəlxalq legitimliyini və siyasi etibarlılığını artıran amil kimi qiymətləndirilə bilər. Davos çərçivəsində formalaşan Sülh Şurası siyasi liderlər, iqtisadi elitalar və təhlükəsizlik üzrə əsas qərarverici aktorları bir araya gətirən platforma kimi çıxış edir. Azərbaycanın bu Nizamnaməni imzalaması qlobal siyasi diskussiyalarda birbaşa iştirak, qeyri-rəsmi diplomatiya kanallarının genişlənməsi, ABŞ və Qərb mərkəzli siyasi təşəbbüslərlə institusional təmas baxımından rəsmi Bakıya əlavə imkanlar yarada bilər.

Azərbaycanın Sülh Şurasında təmsil olunması həm də Cənubi Qafqazda regional sabitlik təşəbbüslərində söz sahibi olmaq imkanlarını artırır. Rəsmi Bakı bu platforma vasitəsilə regional təhlükəsizlik mexanizmləri ilə bağlı təşəbbüslər irəli sürə, postmünaqişə bölgələrində sülh modelləri təklif edə, regional əməkdaşlığın beynəlxalq səviyyədə legitimləşdirilməsinə nail ola bilər. Bu isə o deməkdir ki, Azərbaycan regional liderlik iddialarını siyasi müstəvidə möhkəmləndirmək yolunda daha bir mühüm addım atır.

Qeyd etmək lazımıdr ki, sülh və təhlükəsizlik mövzularında fəal mövqe sərgiləyən dövlətlər investorlar üçün daha etibarlı tərəfdaş kimi qəbul olunur. Davos platformasında atılan bu addım, eyni zamanda, Azərbaycana olan investisiya marağını artıracaq, bərpa və inkişaf layihələrinə beynəlxalq maliyyə institutlarının cəlb olunmasını asanlaşdıracaq,iqtisadi diplomatiyanı siyasi diplomatiya ilə uzlaşdırmaq baxımından rəsmi Bakıya əlavə dividendlər qazandıracaq.

Sevinc Azadi, “İki sahil”