Zəngəzur dəhlizinin açılması məsələsi yaxın və uzaq ölkələrin maraq dairəsindıdir. Çünki bu yol Avropa ilə Asiyanı birləşdirəcək, qitələrarası ticarətin inkişafına böyük töhfələr verəcək. İndiki şəraitdə dəhliz həm də ona görə cəzbedicidir ki, ABŞ Prezidenti Donald Tramp qətiyyətlə bildirib ki, yolun keçdiyi ölkələrin təhlükəsizliyinə zəmanət verəcək.
Lakin buna baxmayaraq, bu gün Ermənistanda dəhlizin açılmasına ehtiyatla yanaşan, narahatlıq keçirən bir kəsim də var. Elə qrup da var ki, o, ümumiyyətlə, Zəngəzur dəhlizinin əleyhinə çıxış edir. Bunlar əsasən baş nazir Nikol Paşinyanla düşmən münasibətdə olan daşnaklar, revanşistlər və kilsə xadimləridir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə müxalif deputat Kristina Vardanyanın sualını cavablandırarkən Zəngəzur marşrutu ətrafında diqqətçəkən açıqlama verib. Bildirib ki, Ermənistanın razılığı olmadan nə bir dövlətin, nə də hər hansı digər xarici dövlətin şirkəti Zəngəzur marşrutunun icrasında iştirak edə bilməz.
Nazirin sözlərinə görə, bu cür qərarlar yalnız İrəvanın razılığı ilə qəbul oluna bilər, yəni bu, Ermənistanın daxili işidir və heç kimin qarışmağa, təsir göstərməyə ixtiyarı yoxdur. O, mövqeyini əsaslandırmaq üçün Vaşinqtonda Zəngəzur marşrutu ilə bağlı verilmiş bəyanata istinad edərək bildirib ki, sənəddə prinsipial məsələlər üzrə bütün qərarların Ermənistanın tam nəzarətində qalacağı açıq şəkildə qeyd olunub. ABŞ Prezidenti Donald Trampın nəqliyyat dəhlizinə dərin maraq göstərməsi, hətta onu öz şərəfinə “Tramp marşrutu” adlandırması bəzi iddialı dövlətləri dəhliz barədəki iddialarından susdurmuş və çəkindirmişdi. Ancaq hər şey bununla bitməyib. Buna külli miqdarda gəlir mənbəyi kimi baxanlar yenə peyda olublar. Bu sarıdan Ermənistan ictimaiyyətinin ayrı-ayrı nümayəndələri və müxalifət partiyalarının üzvləri dəhlizin açılmasını istəmirlər. Bunu parlamentin deputatı Kristina Vardanyanın sualından da görmək olur. İndiyədək xarici ölkələrlə işbirliyi etməyən, böyük iqtisadi layihələrə yaxın buraxılmayan Ermənistanın öz qapısını indi hamının üzünə açmaq istəməsi özünə qapanmış bəzi erməniləri təşvişə salır və baş nazir Nikol Paşinyanın “əl-qolunu” bağlayıb fəaliyyətini məhdudlaşdırmağa cəhd edirlər. Ancaq baş nazirin arxasında elə ölkələr dayanır ki, Nikol Paşinyana təhdidlə nəyisə qəbul etdirmək mümkün deyil. Deməli, bu variant da effekt verməz.
Məsələnin həlli qalır parlament seçkilərinə. Əgər işdir-şayətdir, müxalif qüvvələr qalib gəlsələr onda Zəngəzur dəhlizinin taleyi tamamilə başqa cür olacaq. Amma kimsə ağlına gətirmir ki, Nikol Paşinyan parlament seçkilərində məğlub ola bilər. Çünki əhali Paşinyanın yeddi illik ağır mübarizəsinin şirin nəticələrini təzəcə dadmağa başlayıb. Yeni qaydalara görə, Azərbaycanla düşmənçiliyə son qoyulur, əvəzində həyati zərurət olan kommunikasilar açılır, yanacaq verilir, başqa ölkələrdən mallar Ermənistana qısa yolla-Azərbaycan ərazisindən keçməklə daşınır. Real nəticə də var-Qazaxıstandan alınan taxıl Azərbaycan ərazisindən keçməklə iki qəfə iki qatarla Ermənistana daşınıb. Bu, milyonlarla dollara qənaət etmək deməkdir. Kasıb Ermənistan üçün bu, böyük qənaətdir. Bununla bərabər, Türkiyə ilə sərhədlər açılır, ticarət əlaqələri genişlənir, türk dövlətləri Ermənistanı əməkdaşlığa qəbul edirlər və s. Ona görə də “Tramp marşrutu”nun-Zəngəzur dəhlizinin açılması hamıdan çox Ermənistana lazımdır. Bu yol həm də hamı üçün sərfəli olan dostluq və əməkdaşlıq yolu olacaq.
Vəli İlyasov, “İki sahil”