24 yanvar 2026 12:30
128

Hərbi attaşe: Azərbaycan və Türkiyə şəhidləri cəsarət və fədakarlıq mücəssəməsidir

Azərbaycanın Türkiyədəki hərbi attaşesi, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Zeynalov Türkiyənin bir neçə əyalətində Gürcüstanda qəzaya uğrayan C-130 hərbi-nəqliyyat təyyarəsində həlak olan hərbçilərin ailələrini ziyarət edib.

“İki sahil” xəbər verir ki, general-mayor Zeynalov bu ziyarətlərdə Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndələri ilə birlikdə olub.

Azərbaycanın hərbi attaşesi Kırklareli vilayətinin Lüleburqaz şəhərində şəhid baş gizir Berkay Karacanın ailəsi ilə söhbətində ölkəmizdə Türkiyə və Azərbaycan qəhrəmanları arasında heç bir fərq qoyulmadığını vurğulayıb. Vətən Müharibəsi Qəhrəmanı şəhidin ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verib, hər bir hərbçinin Vətən uğrunda canından keçməyə hazır olduğunu qeyd edib. Sonra iki qardaş ölkənin şəhidlərinin xatirəsinə dualar oxunub, Türkiyə ilə Azərbaycanın qardaşlığının və birliyinin rəmzi olaraq, qəhrəmanın ailəsinə Azərbaycan Bayrağı təqdim edilib.

Eskişehir vilayətində general-mayor Z. Zeynalov Türkiyə Silahlı Qüvvələrinin baş leytenantı Emre Mercanın ailəsi ilə görüşüb. Hərbi attaşe şəhidin ailəsinə başsağlığı verib, qəhrəmanın babasına Azərbaycan Bayrağını təqdim edib. Vətən Müharibəsi Qəhrəmanı şəhidlərin Azərbaycan və Türkiyədə hər bir vətəndaş üçün cəsarət və fədakarlıq mücəssəməsi olaraq qaldığını vurğulayıb.

Hərbi attaşe daha sonra Tekirdağ vilayətinə gedib və orada baş gizir İlker Aykutun ailəsini ziyarət edib. Balıkesir vilayətində general-mayor Z. Zeynalov baş gizir Emre Sayının ailəsinə başsağlığı verib, Bilecik vilayətində baş gizir İlhan Onqanın xatirəsini yad edib, İstanbulda isə şəhid Gökhan Korkmazın doğmalarını ziyarət edib.

Bursa vilayətinin Yenişehir şəhərində Türkiyə Hərbi Hava Qüvvələri mayoru Serdar Uslunun xatirəsi anılıb.

Qəhrəman hərbçilərin ailə üzvləri və dostları şəhidlərin xatirəsinə göstərilən diqqətə görə Azərbaycan rəhbərliyinə və xalqına təşəkkür ediblər.