Məlum olduğu kimi, ətraf mühitin və bitki sağlamlığının qorunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Sovet dövründən qalmış və uzun illərdir ciddi risk mənbəyi olan istifadəyə yararsız pestisidlərin zərərsizləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Hesabat ili ərzində Samux, Füzuli və İmişli rayonlarından 1 351 ton istifadəyə yararsız pestisid və çirklənmiş torpaq qatı toplanaraq "Cəngi pestisid poliqonu"na daşınıb və xüsusi beton bunkerlərdə zərərsizləşdirilib. Bu istiqamətdə bu il də işlər davam etdiriləcək.
Bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci ildə fəaliyyətinə həsr olunmuş brifinqdə Agentliyin sədr müavini Əziz Şərifov səsləndirib.
AQTA-nın sədr müavini Əziz Şərifov ölkədə bitki sağlamlığının və bioloji təhlükəsizliyin təmin olunması, eləcə də fitosanitar sabitliyin qorunması məqsədilə 2025-ci ildə Agentlik tərəfindən görülən mühüm tədbirləri də media nümayəndələrinin diqqətinə çatdırıb. Onun sözlərinə görə, ölkə ərazisində bitkiçilik məhsullarının ilkin istehsalı ilə məşğul olan təsərrüfatlarda fitosanitar monitorinqlər aparılıb. Monitorinqlər 3 234 bitkiçilik təsərrüfatını, 126 park və yaşıllıq sahəsini, eləcə də 33 marşrut müşahidəsini əhatə edib. Nəzarət tədbirləri nəticəsində 254 halda uyğunsuzluq halları aşkar edilib.
Onun sözlərinə görə, 2025-ci ildə 129 xüsusi təhlükəli heyvan xəstəliyi üzrə hesabat hazırlanaraq Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) müvafiq elektron sisteminə daxil edilib. Ölkədə heyvanlar arasında quduzluqla bağlı epizootik vəziyyət, o cümlədən relyefin coğrafi xüsusiyyətləri və həssas vəhşi heyvanların miqrasiyasının mövcudluğu nəzərə alınmaqla, hesabat ilində helikopter vasitəsilə aldadıcı yem formasında olan 22 500 doza quduzluq əleyhinə vaksinlə peyvəndlənmə tədbirləri həyata keçirilib. Qeyd olunanları nəzərə alaraq heyvandarlıq fəaliyyəti ilə məşğul olan sahibkarların nəzərinə çatdırmaq istərdik ki, heyvanların yoluxucu xəstəliklərdən qorunması üçün baytarlıq-sanitariya tələblərinə ciddi riayət etsinlər, eyni zamanda həyata keçirilən peyvəndləmə tədbirlərində fəal olsunlar. Ölkəmizdə biotəhlükəsizliyin qorunması istiqamətində Agentliyin həyata keçirdiyi profilaktik tədbirlərə dəstək göstərmək hər bir təsərrüfat sahibinin birbaşa məsuliyyətidir. Bu, həm epizootik sabitliyin qorunması, həm də qida təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Yaqut Ağaşahqızı “İki sahil”