Milli Məclisin deputatı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov Türkiyədən gələn QHT nümayəndəsi ilə görüş keçirib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Milli QHT Forumunun ofisində baş tutan görüşdə İzmir Azərbaycan Dərnəyinin İdarə Heyətinin sədri Pərviz Altay və Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının katibi, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri Nadir İsmayılov iştirak ediblər.
Görüş zamanı Azər Allahverənov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Katibliyinin tərəfdaşlıq əlaqələri və vətəndaş cəmiyyəti institutlarının inkişafına yönəlmiş fəaliyyətlər barədə ətraflı məlumat verib. O, Platformanın gələcək fəaliyyət istiqamətlərindən danışaraq, Türk dünyasının QHT-ləri arasında koordinasiyanın və qarşılıqlı dəstəyin gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Baş katib qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaş cəmiyyəti institutlarını bir platformada birləşdirmək ideyası xalqlar arasında mənəvi və mədəni bağların möhkəmləndirilməsinə, eləcə də ortaq dəyərlərin qorunub inkişaf etdirilməsinə xidmət edir.
Tərəflər görüş çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri arasında əməkdaşlığın cari vəziyyəti, birgə layihələrin icrası, ictimai diplomatiyanın inkişafı və vətəndaş institutlarının rolunun artırılması istiqamətində fikir mübadiləsi aparıblar. Sonda qarşılıqlı əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.