26 yanvar 2026 14:09
130

Siyasi iradənin uğuru - ŞƏRH

Məlum olduğu kimi Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyan “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb. Bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə mükafatın təntənəli təqdimat mərasiminin keçiriləcək, həmin tədbirdə fəxri qonaq qismində iştirak edəcək Prezident İlham Əliyev bu mükafat təqdim olunacaq. Şübhəsiz, bu, dövlətimizin başçısının münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərinə, güclü siyasi iradə nümayiş etdirməsinə verilən dəyərdir. 

Bəli, bu artıq faktdır ki, dövlətimizin başçısının atdığı qəti addımlar sayəsində Cənubi Qafqazda de-fakto sülh mühiti formalaşdırılıb. Prezidentin də qeyd etdiyi kimi, son aylar sülh artıq ticarət sahəsi də daxil olmaqla, praktik müstəviyə keçib. Başqa sözlə desək, Iki ölkə iqtisadi əməkdaşlığa və ixrac əməliyyatlarına başlayıb. Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Bundan əlavə, Azərbaycan Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlayıb. Sülh, sabitlik, qarşılıqlı anlaşma olmadan bunları həyata keçirmək mümkün olmazdı. Bütün bunlarla həm də Ermənistana anladıb ki, onlar üçün iqtisadi cəhətdən səmərəli yolu Zəngəzur dəhlizidir, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur (TRIPP). Fikrimizcə, bir məsələni də vurğumaq yerinə düşərdi: Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasında Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da Prezident İlham Əliyevin sülh kursunu təqdir etdiyini bildirib: “Cənab İlham Əliyevə də minnətdaram, görülən işləri təqdir edirik”.

Şübhəsiz, otuz il davam etmiş müharibə və qan tökülməsindən sonra həqiqi sülhün bərqərar olması hər halda olduqca misilsiz bir hadisədir. Bu həm Ermənistanın, həm də Azərbaycanın xeyrinədir.  Bu əməkdaşlıq nəticəsində Cənubi Qafqazın da bütün dünya üçün çox əlverişli regiona çevriləcəyi şəksizdir. Bu gün Cənubi Qafqaz həmçinin yeni inkişaf mərhələsinə qədəm qoyması da bunu bir daha sübut edir. Halbuki Cənubi Qafqaz uzun illər geosiyasi toqquşmaların, süni qarşıdurmaların sınaq meydanına çevrilmişdi. Nəticədə regiona nə təhlükəsizlik gətirilirdi, nə də davamlı sabitlik. Amma Azərbaycan, onun lideri bu anlaşmaz mövqe ilə barışmadı. Təzyiqlərə baxmayaraq, sülhə aparan yolun koordinatlarını müstəqil siyasəti ilə müəyyənləşdirdi. Şübhəsiz, əgər Azərbaycan 44 günlük müharibədə Zəfər qazanmasaydı, lokal antiterror əməliyyatı ilə erməni daşnaklarlını ərazisindən qovub çıxarmasaydı, mütilik nümayiş etdirsəydi, regionda nə sülhdən, nə də sabit gələcəkdən danışmaq olardı. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın sayəsində de-yure sülh də təmin ediləcək.
Yeri gəlmişkən, artıq bu gün tam suverenliyini bərpa etmiş Azərbaycan bütün dünyada ədalətin və rifahın təminatçısı kimi tanınır və məhz ölkəmiz sayəsində sülhün bərqərar olunduğunu etiraf edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”