27 yanvar 2026 00:49
105

ABŞ-Azərbaycan: Münasibətlər yüksək səviyyəyə ucalır

Budəfəki Davos Dünya iqtisadi Forumunda daha çox məsələnin müzakirəsi dövlət başçılarının ikitərəfli görüşləri ilə digərlərindən fərqlənir. Burada ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi ehtiram nümayiş etdirməsi Forum iştirakçılarının və siyasətçilərin diqqətini çəkdi.

Davos Forumunda ABŞ Prezidenti Donald Trampın cəmi iki liderlə - Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüş keçirməsi də diqqətçəkən məqamlardan biridir. Əlbəttə, böyük əhəmiyyətə malik diplomatik addım idi. Bu iki görüşdə aparılan müzakirələr rəsmi Vaşinqtonun prioritetlərini üzə çıxarır. Yəni, əgər Ukrayna probleminin həlli ABŞ üçün nə qədər vacibdirsə, Azərbaycanla əməkdaşlıq da eyni səviyyədə strateji əhəmiyyət daşıyır. Bu prioritetlər isə Donald Tramp administrasiyasının eks-prezident Cozef Bayden hakimiyyətindən fərqli olaraq, regionda sülhü təmin etmək, enerji təhlükəsizliyini möhkəmləndirmək, Cənubi Qafqaz məsələsində açar ölkənin Azərbaycan olması reallığını qəbul etmək məqsədini ortaya qoyur. Başqa arqumentlər də var.

Azərbaycan Prezidenti İlham Əliyevin amerikalı həmkarı Donald Trampla görüşü Bakı-Vaşinqton münasibətlərini gücləndirməklə bərabər, eyni zamanda, Azərbaycanın qlobal problemlərin həllində etibarlı və strateji tərəfdaş kimi tanındığını da təsdiqləyir. Bu yanaşmanın isə Davos kimi mötəbər bir forumda məhz ABŞ Prezidenti tərəfindən göstərilməsi Azərbaycanın regional və qlobal arenada etibarını daha da möhkəmləndirir. Bu görüş ona dəlalət edir ki, ABŞ-ın əvvəlki prezidentlərin dövründə Ağ Ev Azərbaycana ikili standartlarla yanaşırdı. Xüsisilə Barak Obamanın və Cozef Baydenin dönəmlərində erməni lobbisi orada özünü suda balıq kimi hiss edirdi. Bəzi senatorlar və konqresmenlər erməni lobbisinin sifarişləri ilə Azərbaycana təsir göstərməyə, ədalətsiz qərarların qəbul edilməsinə, ölkəmizin daxili işlərinə belə qarışmağa girişmişdilər.

Bu gün isə ABŞ-ın Azərbaycana xüsusi önəm verməsi bəzi dairələri narahat edir. ABŞ-Azərbaycan münasibətlərinin yüksək cəviyyəyə ucalması qınlarına çəkilmiş bədxahlara başgicəlləndirici zərbədir.

Davosda Azərbaycan Prezidentinə göstərilən böyük hörmət və ehtiramın arxasında əmin-amanlıq, yeni nailiyyətlər və möhkəm siyasi mövqe durur. Donald Trampın Azərbaycan Prezidentini Sülh Şurasının üzvlüyünə dəvət etməsi ölkəmizə göstərilən daha bir etimadın nümunəsidir. Yəni, ölkəmizin reytinqinin birə-beş artması deməkdir. Bu, o deməkdir ki, Zəngəzur dəhlizinin açılmasına süni əngəllər törətməyə cəhd göstərənlər öz yerlərində sakit oturmalıdırlar.

Hiss olunur ki, ABŞ Prezidentinin Azərbaycana və onun rəhbərinə belə isti mühasibəti razılıq oldu-olmadı dəhlizdən zorakılıqla pay qoparmaq niyyəti ilə aranı qarışdırmağı planlayan bəzi iddialı dövlətləri dayanmağa, əl saxlamağa məcbur edir. Təbii ki, indiki qarışıq zamanda ağıllı dövlət başçısı ABŞ-a qarşı çıxmağa cəsarət etməz. Çünki hərə “gözü çıxan qardaşdan” öz payını götürür.

Yaxşı haldır ki, 2026-ci il ilk günlərindən ölkəmizə tarixi əhəmiyyəti olan hadisələrlə daxil oldu. Həmin hadisələrin işığında gələcək layihələrimizin həyata keçirilməsi xeyli asanlaşacaq. Ən əsası, əl-ayağımıza dolaşmağa cəhd edənlər özlərini normal aparmağa məcbur qalacaq. Davos görüşlərinin nəticəsi olaraq Azərbaycan irəliyə öz addımlarını daha böyük inamla atacaqdır.

Vəli İlyasov, “İki sahil”