26 yanvar 2026 16:07
227

Dövlət teatrlarının əsasnamələri, strukturu və ştat cədvəlləri yenilənib

Azərbaycanda dövlət teatrlarının əsasnamələri, strukturu və ştat cədvəlləri yenilənib.

“İki sahil” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edib. Qərara əsasən, "Teatr və teatr fəaliyyəti haqqında" qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, strukturu və ştat cədvəlləri yenidən işlənilərək təsdiqlənib. Dəyişikliklər ötən ildən başlayaraq teatr rəhbərlərinin, sahə üzrə ekspert və mütəxəssislərin, eləcə də aidiyyəti komissiyaların iştirakı ilə müzakirə olunub.

Vurğulanıb ki, yeni təsdiqlənmiş əsasnamələr teatrların fəaliyyətinin sistemləşdirilməsinə, idarəetmənin səmərəliliyinin artırılmasına və funksional vəzifələrin daha aydın şəkildə müəyyənləşdirilməsinə xidmət edir. Qərarlar teatr müəssisələrinin dayanıqlı inkişafının təmin olunmasına, yaradıcı və inzibati fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə, həmçinin, idarəetmə proseslərində şəffaflığın və ardıcıllığın gücləndirilməsinə yönəlib.

Xatırladaq ki, yeni qəbul edilmiş "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasında teatr sənətinin inkişafı ilə bağlı mühüm strateji hədəflər müəyyən edilib. Bu çərçivədə teatr sahəsində hüquqi bazanın mərhələli şəkildə təkmilləşdirilməsi, o cümlədən teatr haqqında qanunvericiliyin yenilənməsi perspektivi Azərbaycan teatrının gələcək inkişafının və beynəlxalq mədəni mühitdə mövqeyinin gücləndirilməsinə xidmət edir.