Araz Aslanlı: Güman edirəm ki, Sülh Şurası münaqişələrin aradan qaldırılması istiqamətində fərqli ideyaların ortaya çıxması üçün mənbə ola bilər
ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurası Yaxın Şərqdə sülhü möhkəmləndirmək, eyni zamanda, qlobal münaqişələrin həllinə töhfə vermək baxımından olduqca önəmlidir. Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması isə Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və ölkəmizin dünyada sülhün təşviqində oynadığı rolun təcəssümü kimi qiymətləndirilməlidir. Bunu həm də Azərbaycanın ABŞ-la qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin ölkəmizin regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi kimi də dəyərləndirmək olar. Şübhəsiz, bunun arxasında hər şeydən əvvəl, regiona sülh və barış gətirmiş Prezident İlham Əliyevin böyük əzmi, uzaqgörən siyasi strategiyası dayanır. Yeri gəlmişkən, yanvarın 22-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.
Xatırladaq ki, Sülh Şurası, ilk növbədə, Qəzza zolağında barışın təmin olunması məqsədi daşıyır. Birləşmiş Ştatlar administrasiyası onu beynəlxalq münaqişələrin həllində rol oynaya biləcək platforma kimi təqdim edir, həmçinin Şuranın BMT-nin və digər ənənəvi qurumların alternativ və ya tamamlayıcı struktura çevrilməsini istəyir.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, hazırda dünyanın bir sıra ölkələrində münaqişələr və müharibələr davam edir: “Amma hadisələrin gedişatı göstərir ki, dünyanın aparıcı beynəlxalq təşkilatları, o cümlədən BMT münaqişələrə son qoymaq gücündə deyil. Yeri gəlmişkən, ABŞ Prezidenti Tramp həmin sənədin imzalanması mərasimində diqqəti BMT-nin üzərinə də çəkib. Amma o, BMT-nin böyük potensialının olduğunu deyib və təəssüflə həmin potensialdan istifadə edilmədiyini vurğulayıb. D.Tramp, həmçinin qurumun müharibələri bitirmək üçün kifayət qədər səy göstərmədiyini də dilə gətirib.
Bəli, bu gün dünyada güc beynəlxalq hüquqdan öndədir. ABŞ Prezidenti Donald Tramp beynəlxalq münasibətlərə fərqli yanaşmaları ilə diqqət mərkəzinə gətirib. Ötən ilin avqustunda Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə iki ölkə arasında sülh sazişinin mətninin paraflanması və digər vacib razılaşmaların əldə edilməsi də bunu bir daha təsdiq edir. Nəticədə Cənubi Qafqaza de-fakto sülh hölm sürür. Şübhəsiz, bu prosesdə Azərbaycanın 44 günlük Vətən müharibəsində və 23 saat davam edən lokal antiterror əməliyyatında qazandığı möhtəşəm Qələbə mühüm rol oynayıb. Onu da qeyd edim ki, son zamanlar Tramp öz siyasəti ilə 8 müharibəyə son qoyub. Bu mənada onun sədrliyi ilə yaradılan Sülh Şurasını da digər münaqişələrin aradan qaldırılması istiqamətinə yeni yollar axtarışı kimi dəyərləndirmək olar. Başqa sözlə desək, Sülh Şurası münaqişələrin aradan qaldırılması baxımından ümidverici platforma potensialındadır”.
Müsahibimiz daha sonra dedi: “Unutmayaq ki, üç onillik ərzində Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanın münaqişənin həllində kifayət qədər təcrübəsi var. Ölkə erməni qəsbkarlarını ərazisindən qovub çıxarmaqla öz suverliyini bərpa edib. Hətta son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Bəli, bu gün Azərbaycan regionda, eləcə də dünyada söz sahibi, qlobal təhlüksizlikdə rolu olan ölkələrdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq, sadəcə, Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının enerji təhlükəsizliyi və logistik konfiqurasiyasında həlledici aktordur.
Azərbaycan həm də müəyyən qlobal məsələlərdə mövqeyi dinlənilən ölkədir. Ölkəmiz bu gün də konstruktiv addımları ilə bu mövqeyini daha da möhkəmləndirir. Bu mənada Azərbaycanın Sülh Şurasına öz töhfəsini verəcək. Digər tərəfdən, Azərbaycanla ABŞ-ın regional sülh və təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirdiyi əməkdaşlıq Sülh Şurası çərçivəsində daha da genişlənəcək. Onu da qeyd edim ki, Sülh Şurası BMT-ni əvəz etmir. Amma güman edirəm ki, bu qurumun fəaliyyətə başlaması münaqişələrin aradan qaldırılması istiqamətində fərqli ideyaların ortaya çıxması üçün bir mənbə ola bilər”.
Qvami Məhəbbətoğlu, “İki sahil”