26 yanvar 2026 20:00
108

Zəngəzur layihəsinin reallaşması ilə Orta Dəhlizin yükdaşıma gücü artacaq 

Bu gün Azərbaycan regional kommunikasiyaların təhlükəsizliyini və fasiləsizliyini təmin etməklə bölgədə etibarlı tranzit ölkə statusunu bir daha təsdiq edir.  Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın Qafqazdakı mövqeyini güclənəcək, bölgənin nəqliyyat, enerji və iqtisadi inteqrasiyasını daha da sürətlənəcək. 

Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasındakı çıxışında bildirib ki, Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir: “İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Əminəm ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək”.

Dünyanın ikinci böyük iqtisadiyyatına sahib olan Çinin Orta Asiya ölkələri vasitəsilə Azərbaycan üzərindən Avropaya yük daşıması respublikamız üçün mühüm əhəmiyyətə malikdir. Dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda beynəlxalq nəqliyyat daşımalarında strateji önəmini gündən-günə artıran Azərbaycan hazırda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) daha da güclənməsinə böyük töhfələr verir. Yeri gəlmişkən, Orta Dəhliz və ya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır.Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

Orta Dəhlizə daxil olan avtomobil və dəmir yolları, hava və dəniz limanları, körpülər və digər infrastruktur layihələri region ölkələri arasında qarşılıqlı əlaqələri və insan birliyini gücləndirir. Bu dəhlizdən istifadə edən dövlət və özəl sektor nümayəndələri dünya bazarlarına daha geniş çıxış imkanı əldə edir, ticarət dövriyyəsini artırır və iqtisadi inkişafı sürətləndirirlər. Çin, Avropa İttifaqı və ABŞ kimi böyük iqtisadi güclər bu beynəlxalq nəqliyyat marşrutunu yaxından dəstəkləyir və onun inkişafını regionun sabitliyi və iqtisadi inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayırlar.

 Ümumiyyətlə, region ölkələri üçün mühüm tarixi, siyasi və iqtisadi əhəmiyyətə malik olan Zəngəzur dəhlizi Ermənistana da böyük imkanlar yaradacaq. Dəhliz fəaliyyətə başladığı vaxtdan etibarən yüklərin Ermənistana daha qısa zamanda və daha səmərəli şəkildə daşınması mümkün olacaq. 8 avqust tarixli Vaşinqton Zirvə görüşündə sülh sazişinin mətninin paraflanmasından sonra Azərbaycanla Ermənistan arasında müəyyən müsbət addımlar atılıb. Azərbaycanın Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırmasını buna nümunə göstərmək olar. Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etdiyi kimi, Azərbaycan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətləri aradan qaldırıb. Bugünlərdə taxıl yüklü qatar Azərbaycandan keçməklə Ermənistana gedib. Qazaxıstandan göndərilən min tona yaxın taxıl yüklü 15 vaqon noyabrın 5-də Azərbaycana daxil olub. Bundan başqa, Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə 1048 ton 800 kq taxıl yüklü 15 vaqon bugünlərdə Böyük Kəsik stansiyasından Ermənistana göndərilib. Yüklər Gürcüstana, oradan isə Ermənistana daşınıb.

 ABŞ Prezidenti Donald Trampın bildirdiyi kimi, TRIPP (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”) təkcə yeni nəqliyyat erası deyil, həm də Ağ Evin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilən tarixi sülh sazişinin nəticəsidir. Böyük strateji əhəmiyyət kəsb edən bu dəhliz dövlətimizin başçısının bildirdiyi kimi, azad edilmiş torpaqlara Böyük Qayıdışa əhəmiyyətli töhfələr verəcək, eləcə də Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Şübhəsiz, bu unikal layihənin regionda yeni nəqliyyat imkanları yaratması Qərblə Şərqin, Cənubla Şimalın daha sıx birləşməsinin geosiyasi əhəmiyyətini artıracaq, Azərbaycan-Türkiyə əlaqələrinin yüksəlməsinə böyük töhfələr verəcək, türkdilli dövlətlər arasında əməkdaşlığa yeni nəfəs gətirəcək. Zəngəzur dəhlizinin reallaşması ilə Asiya və Avropa arasındakı Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma gücü artacaq ki, bu da Pekindən Londonadək uzanan Şərq-Qərb ticarətinin yüksəlməsinə ciddi təkan verəcək.

Zahid Rza, “İki sahil”