Dövlət başçısı İlham Əliyevin “Qərb Sənaye Parkının yaradılması haqqında” Fərmanı bu məqsədə xidmət edən mühüm addımların tərkib hissəsidir
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı həyata keçirilən iqtisadi siyasətin əsas tərkib hissələrindəndir. Dövlət başçısı İlham Əliyevin 2003-cü ildə “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” çağırışına uyğun olaraq həm Bakı və Bakıətrafı, həm də regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları icra edildi. Uğurlu nəticələr göz qabağındadır. Tarixi Zəfərimizdən sonra isə mövcud yeni reallıqlar fonunda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Hər bir sənəd təbii ki, Azərbaycanın bu gününə və gələcəyinə hədəflənib.
Prezident İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk gündən hər bir ölkənin inkişafında əsas faktor olan sahibkarlığın inkişafına göstərdiyi diqqət atılan davamlı addımlarda özünün aydın ifadəsini tapır. Prezident kimi jurnalistlərə ilk müsahibəsində də də cənab İLham Əliyev qarşıdakı dövrün hədəfləri sırasında güclü sahibkarlar sinfinin yaradılacağını xüsusi qeyd etmişdir. Bu gün həmin vədin artıq reallıq olduğu inkaredilməzdir. Ölkədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, məşğulluq səviyyəsinin artırılması istiqamətində davamlı addımlar atılır. Bu gün haqqında bəhs etdiyimiz sənaye parklarının yaradılması da bu məqsədə xidmət edən addımlardandır. Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyev 2021-ci ildə ölkədəki mövcud sənaye parkları, sənaye məhəllələri və aqroparklar sahəsində idarəetməni, habelə nəzarət mexanizmlərini daha da təkmilləşdirmək, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq, daha sıx koordinasiyanı və sistemliliyi təmin etmək məqsədilə mühüm addım atmışdı. İmzalanan Fərman əsasında İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı.

Hazırda ölkəmizdə Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Balaxanı sənaye parkları fəaliyyət göstərir. İqtisadiyyatın inkişafına, ixrac potensialının artırılmasına, rəqabətqabiliyyətli məhsul istehsalına önəmli töhfə verən sənaye parklarının sırasına “Ağdam Sənaye Parkı” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı da daxil olub. Həmçinin 2024-cü ildə Hacıqabul və Naxçıvan Sənaye Parklarının yaradılması haqqında Fərman imzalanıb.
Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev 15 yanvar 2026-cı il tarixdə “Qərb Sənaye Parkının yaradılması haqqında” Fərman imzaladı. Məqsəd ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara və yerli resurslara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, habelə regionlarda iqtisadi fəallığın və məşğulluğun daha da artırılmasıdır. Qərb Sənaye Parkının fəaliyyəti İqtisadiyyat Nazirliyinin tabeliyində olan İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən təşkil ediləcək, idarə olunacaq və inkişaf etdiriləcək. Sənaye parkının fəaliyyətinin təşkili və infrastrukturun yaradılması üçün 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat vəsait ayrılıb. Bu vəsait layihələndirmə işlərinin həyata keçirilməsinə yönəldiləcək. Nazirlər Kabinetinə üç ay müddətində Gəncə şəhərində Yevlax şosesində yerləşən və hazırda "Azəralüminium” MMC-nin istifadəsində olan 81,8 hektar dövlət torpaq sahəsinin, həmçinin Şəmkir rayonunun Könüllü kəndi ərazisində yerləşən 100 hektar bələdiyyə torpağının Qərb Sənaye Parkının fəaliyyətinə cəlb olunması ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb. İqtisadiyyat Nazirliyi isə iki ay müddətində sənaye parkında istehsal və emal olunacaq məhsullar, eləcə də göstəriləcək xidmətlər üzrə prioritet istiqamətləri müəyyən edərək Prezidentə təqdim etməlidir. Nazirlik, eyni zamanda, park ərazisində bütün xarici və daxili infrastrukturun yaradılması üçün Agentliyə dəstək göstərəcək.

Göründüyü kimi, ölkəmiz iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük nailiyyətlər əldə edir və qarşıdakı dövr üçün hədəfləri müəyyənləşdirir. İqtisadi fəallığın artırılması, dayanıqlı inkişafın təmin olunması məqsədilə ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması intensiv xarakter alır. Qarabağın dirçəlişində də sənayeləşmə önəmli faktor kimi diqqətdədir. İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Region iqtisadiyyatının ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf istiqamətlərinə və milli prioritetlərə uyğun dinamik, şaxəli inkişaf etdirilməsi məqsədilə müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturu yaradılmalı, innovativ texnologiyaların tətbiqini nəzərdə tutan investisiyalar cəlb edilməli, sənaye potensialı reallaşdırılmalı, zəruri təşviq mexanizmləri hazırlanmalı və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılmalıdır. Ağdam rayonunun əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları, yük axınlarının gələcək təmərküzləşməsi və digər mühüm logistika potensialının mövcudluğu rayonda müasir infrastruktura malik sənaye parkının yaradılmasını zəruri etdi. Bu ərazilərdə yeni sənaye müəssisələrin yaradılması istiqamətində atılan addımlar gələcəkdə bu ərazilərə qayıdan soydaşlarımızın məşğulluğunun təmin edilməsinə, həmçinin ölkəmizin dayanıqlı inkişafına xidmət edir. Cənab İlham Əliyevin 28 may 2021-ci il tarixli “Ağdam Sənaye Parkının yaradılması haqqında” Fərmanı özündə bütün bu çağırışları ehtiva etdi. Ötən bu qısa dövrdə görülən işlərə, yaradılan sənaye müəssisələrinə diqqət yetirmək kifayətdir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması da bu məqsədə hədəflənib. Logistika imkanlarının artırılması vacibdir. Cəbrayıl rayonu ərazisində fəaliyyət göstərəcək “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı bu imkanların reallaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Yaradılan logistika mərkəzi, “yaşıl enerji” konsepsiyasına əsaslanan innovativ sənaye sahələri, habelə tikinti materialları istehsalı bölgənin sosial-iqtisadi inkişafına təkan olacaq.
Nəzərə alsaq ki, əsas hədəflərdən biri ölkəmizin ixrac potensialını artıqmaqdır, bu halda şəhər və bölgələrimizdə sənaye parklarının yaradılmasının əhəmiyyəti özünü daha aydın şəkildə nümayiş etdirir. Yeni sənaye müəssisələrinin yaradılması həm işsizlik probleminin həlli, həm ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, həm də yeni sənaye məhsullarının istehsalı və idxalı deməkdir. Azərbaycan hər zaman təkmil inkişaf modeli ilə dünyanın diqqətindədir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması bugünkü inkiçafın əsasıdır. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrası nəticəsində həm enerji sektorunda davamlı uğurlara imza atdı, həm də neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunu inkişaf etdirir. Bu günlərdə dövlət başçısı İlham Əliyevin 56-cı Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlərdə də Azərbaycanın iqtisadi potensialına xüsusi diqqət yönəldildi. Qeyd edək ki, ölkəmiz Davos İqtisadi Forumunun hesabatlarında rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi liderliyini daim qoruyur.

Bu məqamı da xüsusi qeyd etməliyik ki, bütün bu uğurlar hədəflərə ardıcıllıqla nail olmağın, eyni zamanda, kompleks tədbirlərin həyata keçirilməsinin nəticəsidir. Bütün sahələrin inkişafına xidmət edən Dövlət Proqramları icra edilir. Bütün regionların, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin müasir çağırışlara uyğun olaraq bərpasında, yenidən qurulmasında əsas diqqət göstərilən məsələ infrastruktur layihələrinin uğurlu icrasıdır. Paytaxt Bakı ilə yanaşı, regionlarımızda əhalinin suya, işığa, qaza tələbatının prioritetliyi diqqətdən kənarda qalmır. Həmçinin yol infrastrukturunun təkmilləşdirilməsi xüsusi diqqətdədir. Bütün bunlar isə öz növbəsində sahibkarlığın inkişafına geniş imkanlar yaradır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da son illərin hədəfləri və icra mexanizmləri öz əksini tapmışdır. Strategiyada qeyd edilmişdir ki, bu mərhələdə başlıca məqsəd yüksək, dayanıqlı, inklüziv iqtisadi artım templərini bərpa etməklə, hər bir Azərbaycan vətəndaşının sabit təminatlı həyat səviyyəsinə nail olmaqdır. Strateji dövrdə yeni artım modeli özəl təşəbbüslərə, keyfiyyətli və sağlam insan kapitalına söykənəcək. Dayanıqlı, inklüziv inkişafı təmin edən özəl təşəbbüslər və rəqabətqabiliyyətli açıq iqtisadiyyat modeli müasirləşmə strategiyasının əsas qüvvəsi olacaq. Bu hədəf də açıqlanmışdır ki, aqrar sektor, sənaye və xidmət sahələrində müasir texnologiyaların tətbiqi ilə məhsuldarlıq artacaq, həmçinin yeni iş yerləri yaradılacaq. Dövlətin stimullaşdırıcı dəstəyi ilə bu sahələrin qlobal dəyər zəncirinə dayanıqlı inteqrasiyası təmin olunacaq. Dövlət aqrar sector, cənaye və xidmət sahələrinin inkişafını dəstəkləyən infrastrukturun yaradılmasında fəal iştirak edəcək, müxtəlif sənaye parkları və məhəlləri, turizm zonaları yaradılacaq, istehsal olunan məhsul və xidmətlərin xarici bazarlara ixracı stimullaşdırılacaq. Artıq bu sənədin icrasının son mərhələsidir. Bütün məqsədlər reallıqda öz əksini tapmaqla Azərbaycanın inkişaf modelinə yeniliklər əlavə edir, daha da təkmilləşdirir. Ölkəmiz dayanıqlı inkişafı, təcrübəsi ilə dünyanın diqqətindədir. Yeni tərəfdaşlar qazanmaqla, yeni sənədlər imzalamaqla gələcəyə daha böyük inamla addımlayır.
Yeganə Əliyeva, “İki sahil”