26 yanvar 2026 18:29
175

AQTA 2025-də necə fəaliyyət göstərib?

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib.

AQTA-nın sədr müavini Əziz Şərifov ötən il ərzində Agentliyin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, qida zəncirində risk əsaslı dövlət nəzarətinin əhatə dairəsi genişləndirilib, saxta və təhlükəli məhsulların dövriyyədən çıxarılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bununla yanaşı, laborator müayinələr gücləndirilib, idxal və ixrac proseslərində beynəlxalq standartlara uyğunlaşma təmin olunub, elektron nəzarət sistemləri tətbiq edilib və yerli məhsullar üçün yeni bazarlara çıxış imkanları yaradılıb.

Qeyd olunub ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla yekunlaşıb, növbəti dövrü əhatə edən yeni Dövlət Proqramı hazırlanıb. “Bitki sağlamlığı haqqında” və “Heyvan sağlamlığı haqqında” qanun layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Qida təhlükəsizliyi sahəsində mövcud normativ bazaya dəyişikliklər edilib, 10-a yaxın yeni sanitariya norma və qaydalar hazırlanıb. Xüsusi həssas qruplar üçün 1994-cü ildən bəri istifadə olunan normalar yenilənib və Nazirlər Kabinetinin 2025-ci il 21 oktyabr tarixli 314 nömrəli Qərarı ilə tibb, təhsil və sosial müəssisələrdə istifadə üçün təsdiq edilib.

Əziz Şərifov qida zənciri üzrə dövlət nəzarətinin nəticələrinə dair statistik göstəriciləri diqqətə çatdırıb. Bildirib ki, 2025-ci ildə 4 304 müəssisədə yoxlama aparılıb və 3 739 müəssisədə uyğunsuzluq aşkarlanıb. Qanunvericiliyin tələblərinə əsasən tədbirlər görülüb. Eyni zamanda 7 halda kərə yağı adı altında bitki tərkibli yağların satışı faktı aşkar edilərək istehlakçıların aldadılmasının qarşısı alınıb. 561 dönərxana və 21 çiy dönər emalı müəssisəsində nəzarət tədbirləri həyata keçirilib, 373 dönərxanada və 18 çiy dönər emalı müəssisəsində nöqsanlar aşkar edilib.

Hesabat ilində 497 müəssisədən 600 nümunə götürülərək müayinəyə cəlb olunub, 107 müəssisəyə məxsus 122 nümunədə uyğunsuzluq aşkarlanıb. Yoxlamalar zamanı mal əti adı ilə satılan məhsullardan götürülən nümunələrdə bir sıra hallarda at və camış ətinin DNT-si aşkarlanıb. İstehlakçıları aldatmaq məqsədilə “kənd toyuğu” görüntüsü yaratmaq üçün sintetik boyaq maddələrindən istifadə edilərək toyuqların süni şəkildə sarı rəngə boyanması faktlarının qarşısı alınıb. Bəzi məhsullarda dadlandırıcı maddələrin normadan artıq istifadəsi halları müəyyən edilərək müvafiq tədbirlər görülüb.

Ötən il ərzində alkoqollu içkilərin dövriyyəsi üzrə aparılan nəzarət tədbirlərində ümumilikdə  müxtəlif növ 8 197 ədəd saxta alkoqollu içki aşkarlanaraq satışdan kənarlaşdırılıb və zəruri tədbirlər görülüb.

Bildirilib ki, ölkəmizə il ərzində 107 ölkədən müxtəlif növ qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətə dair məhsullar idxal olunub. İdxal zamanı 787 uyğunsuzluq halı aşkarlanıb, təhlükəsizlik və keyfiyyət göstəricilərinə cavab verməyən 2 min ton və 308 min ədəd məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Yoxlamalar zamanı tərkibində qadağan edilən maddə aşkar olunan energetik içkilər, uyğunsuzluq aşkar edilən uşaq qidası, eləcə də təhlükəsizlik göstəricilərinə görə uyğunsuzluq müəyyən edilmiş ət və ət məhsulları, quş əti, bitkiçilik məhsulları, qənnadı məmulatları və digər məhsullar məhv edilib. 7 müxtəlif ölkənin 19 istehsalçı müəssisəsindən Azərbaycan Respublikasına məhsul idxalına qadağa tətbiq olunub.

Görülən məqsədyönlü işlərin nəticəsi olaraq hazırda Azərbaycandan dünyanın 73 ölkəsinə qida, baytarlıq və fitosanitar nəzarətində olan məhsulların ixracı həyata keçirilir. 2025-ci ildə idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla 1 milyon tona yaxın bitkiçilik, 103 milyon ədəddən çox heyvan mənşəli, eləcə də 28 min tona yaxın müxtəlif növ emal olunmuş qida məhsullarına nəzarət beynəlxalq standartların tələblərinə uyğun olaraq həyata keçirilərək ixracı təşkil edilib.

Mətbuat konfransında məlumat verilib ki, bitkiçilik məhsullarının ixracı əvvəlki illə müqayisədə 23 faizdən çox artıb və rekord həcmdə, 187,5 min ton xurma məhsulu idxalçı ölkənin tələblərinə uyğunlaşdırmaqla ixrac edilib. Avropa İttifaqı ölkələrinə kürü məhsulunun ixracı üçün icazənin davamlılığı təmin edilib, akvakulturada yetişdirilən balıqların ölkəmizdən Avropa İttifaqına ixracına dair müvafiq icazə alınıb və balıq məhsulları dünyanın bir sıra ölkələrinə ixrac olunub. Ölkəmizin quş qripi xəstəliyindən azad statusu qorunduğu üçün ABŞ və BƏƏ də daxil olmaqla bir sıra ölkələrə, ümumilikdə 90 milyondan çox ərzaqlıq yumurta ixrac olunub.

Balıq məhsullarının Böyük Britaniyaya ixracına icazənin əldə olunması üçün intensiv işlər davam etdirilir. Hesabat ilində Çinə bitkiçilik məhsullarından fındıq və badam üçün ixrac icazələri alınıb. 2025-ci il 20 oktyabr tarixində Agentliyin Çinin CIFER (Çinə Qida Məhsulları İdxal edən Müəssisələrin Qeydiyyatı Sistemi) sistemində qeydiyyatı uğurla tamamlanıb və Agentliyə giriş məlumatları təqdim edilib. Ölkəmizdən İsrailə dondurma, makaron məmulatları, alkoqollu içkilər, meyvə şirələri və bir sıra digər məhsulların ixracı üzrə icazələrin davamlılığı təmin edilib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Əli Nəbiyev jurnalistlərə məlumat verib ki, ötən il AQTİ-nin 17 laboratoriyasında 759 mindən artıq müayinə həyata keçirilib və 50 yeni müayinə metodu tətbiq olunub: “Bununla da metodların sayı 990-a çatıb. Nəticələrimizin etibarlılığı Almaniya, Türkiyə, Fransa, Böyük Britaniya və Niderlandın beynəlxalq səviyyədə tanınmış nüfuzlu qurumları tərəfindən təşkil olunan səriştəlik sınaqlarında təsdiqlənib”.

Daha sonra media nümayəndələrinin sualları cavablandırılıb.

Yaqut Ağaşahqızı, “İki sahil”