KÖŞƏ

Taleh Turqut

Hərb, yoxsa sülh: danışıqlar bərpa ediləcəkmi?

30 noyabr 2016 23:30
736

“Çox intensiv danışıqlar gedirdi. Ümidimiz var idi ki, Kazan formulu əsasında yayda və ya payızda razılaşma əldə edə bilərik, ilin sonunda isə məcburi köçkünlər doğma evlərinə qayıda bilərlər. Lakin alınmadı”. Bu fikirlər Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markova məxsusdur.

Rusiyalı politoloq bu sözləri bir müddət əvvəl Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların dayanmasına münasibət bildirirərkən deyib. Xatırladaq ki, elə həmin Markov aprel döyüşlərindən sonra verdiyi şərhlərdə olduqca əminliklə bildirirdi ki, bu ilin sonunadək münaqişənin həllində nəticələr əldə olunacaq və qaçqınlar öz yerlərinə qayıdacaqlar. Lakin Rus politoloqun bu təsəlliverici proqnozları özünü doğrultmadı. Onun özünün də etiraf etdiyi kimi, Ermənistan rəhbərliyi hakimiyyətin itirilməsindən qorxaraq danışıqlardan yayındı: “Fikrimcə, bunun əsas səbəbi odur ki, Ermənistan rəhbərliyi özündən əmin deyil və qorxur ki, güzəştə görə onu devirərlər. Axı onlar ətraf rayonları Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının qarşılığında qaytarmağı düşünürlər. Ermənistan rəhbərliyinin zəifliyi və bu kompromisə getməməsi bu danışıqları dayandırıb”.

Burada Rusiyalı politoloqun xatırlanması təsadüfi deyil. Ermənistanın son aylarda birdən-birə danışıqlardan imtina etməsi və arxayınlaşması nədənsə, Rusiyadan hədiyyə edilən “İskəndər” raketlərinin alınmasından və birlikdə silahlı qruplaşmaların yaradılmasından sonra başladı. Aprel döyüşlərindən sonra danışıqlarda birbaşa vasitəçiliyi üzərinə götürən və münaqişənin tezliklə, həm də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərtilə üzərinə götürən Rusiya son bir neçə ayda ritorikasını xeyli korrektə edib. Artıq razılaşma dünən, noyabrın 30-da hər iki ölkənin müdafiə nazirləri tərəfindən imzalanıb. Razılaşmaya görə, vahid ordu birləşməsinə Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası və Ermənistan ordusunun 4-cü korpusu daxil olacaq. Vahid ordu sülh şəraitində Ermənistanın hərbi rəhbərliyinə, müharibə vaxtı isə Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi dairəsinə tabe olacaq.

Ekspertlər hesab edirlər ki, bu kimi addımlar Rusiyanın münaqişənin həllində obyektiv mövqe sərgiləməsində səmimiliyini şübhə altına alır.

Görünür, Ermənistan prezidenti Serj Sarkisyanın bir neçə gün əvvəl partiyasının qurultayında əsib-coşması əbəs yerə deyilmiş. Lakin onun sərsəmləmələrinə heç öz ölkəsinin vətəndaşları da inanmırlar, hətta gülüş obyektinə çevirirlər.

Ermənistan mediası bu prosesləri əslində öz ölkələrinin zərərinə olan faktlar kimi qiymətləndirir. “Aravot” qəzeti yazır ki, bu fonda Ermənistana yeni “Qarabağ sürprizi” hazırlanır. Qəzet qeyd edir ki, elə Rusiya və Ermənistanın vahid ordusunun yaradılması da Ermənistan üçün tələdir: “Vahid ordu sülh vaxtı Ermənistan hərbi rəhbərliyinə, müharibə vaxtı isə birbaşa Rusiya hərbi rəhbərliyinə tabe olacaq. Bu, ilk şübhəli məqamdır. Digər tərəfdən, sənəddə göstərilir ki, bu ordu üçüncü ölkəyə qarşı yönləndirilməyib. Lakin vahid ordunun hansı təhlükəyə qarşı duracağı dəqiq açıqlanmır. Əgər razılaşmada “Üçüncü dövlətə qarşı yönəlməyib” qeydi varsa, deməli bu ordu Azərbaycan və Türkiyəyə qarşı heç nə etməyəcək. Ümumiyyətlə, açıq qalan suallar var və Ermənistan rəhbərliyi buna cavab vermir. Yalnız müəyyən ehtimallar irəli sürmək mümkündür”.

Əlbəttə, hər şeyə rəğmən Rusiya ilə Azərbaycanın əməkdaşlığının da yüksək səviyyədə olduğunu vurğulamaq vacibdir. Hər halda Şimal qonşumuzun dövlət rəhbərlərinin açıqlamalarından aydın görünür ki, Rusiya Azərbaycana vacib və etibarlı tərəfdaş, Ermənistana isə aşkar forpostu kimi yanaşır. Rusiyanın müdafiə naziri Sergey Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənovla iki gün əvvəlki görüşündə bildirib ki, Azərbaycan Xəzər dənizinin əsas təhlükəsizlik forpostudur. Onun bu fikrini, həm də bütövlükdə Qafqaza şamil etmək mümkündür. Xəzər və Qafqaz regionunun təhlükəsizlik ruporu olan Azərbaycan öz torpaqlarının bütövlüyünü də təmin etmək əzmindədir. Hər halda yaxın gələcəkdə Sarkisyanın “xoruzlanmasının” qursağında qalacağının şahidi olacağıq.