İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”nın icrası üzrə 2026-cı ilə dair indikativ planlaşmanın aparılması və nəticə indikatorları üzrə hədəf göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə əsas icraçı qurumların nümayəndələri ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə İİTKM-in Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı Tədbirlər Planının icrası çərçivəsində 2026-cı il üzrə qarşıda duran vəzifələr, icra dövrünün sonunda monitorinq və qiymətləndirmənin aparılması üçün kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsinə dair yanaşmalar barədə məlumat verib.
Daha sonra İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli tərəfindən indikativ planlama cədvəli təqdim olunub və dövlət qurumlarının nümayəndələri ilə interaktiv müzakirələr aparılıb. Müzakirələrdə Tədbirlər Planının icra prosesində institusional koordinasiya, nəticəyönümlü yanaşma və hesabatlılıq mexanizmləri üzrə ümumi mövqelər formalaşdırılıb.
Görüşdə Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 dekabr tarixli 844 nömrəli Sərəncamının icrası üzrə tədbirlərin monitorinq və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.