28 yanvar 2026 19:51
153

Cənubi Qafqazın ən böyük sənaye parkı

Sumqayıt Kimya Sənaye Parkı yerli və xarici investisiyaların cəlb olunmasına, yeni istehsal sahələrinin qurulmasına və minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxarıb

Azərbaycanın ən mühüm sənaye mərkəzlərindən biri kimi ölkə iqtisadiyyatında strateji mövqeyə malik olan Sumqayıt şəhəri bu gün də öz statusunu qoruyub saxlayır və ölkənin iqtisadi inkişafında mühüm rol oynayır. Son illər ərzində görülən məqsədyönlü işlər, aparılan ardıcıl iqtisadi islahatlar və həyata keçirilən genişmiqyaslı layihələr Sumqayıtın sənaye şəhəri kimi müasir çağırışlara tam cavab verməsinə şərait yaradıb. Şəhərin sənaye potensialı yeni yanaşmalar və müasir texnologiyalar əsasında yenidən formalaşdırılıb. Ekoloji və texnoloji baxımdan artıq öz əhəmiyyətini itirmiş sənaye müəssisələrinin demək olar ki, hamısı fəaliyyətini dayandırıb. Həmin ərazilərdə müasir standartlara cavab verən, yüksək texnologiyalara əsaslanan yeni sənaye zonaları yaradılıb. Bu baxımdan Sumqayıt Texnologiyalar Parkı (STP) və Sumqayıt Kimya Sənaye Parkı (SKSP) şəhərin sənaye həyatında mühüm mərhələ hesab olunur. Bu parklar yerli və xarici investisiyaların cəlb olunmasına, yeni istehsal sahələrinin qurulmasına və minlərlə yeni iş yerinin yaradılmasına imkan verib.

2003-cü ildən etibarən Sumqayıtda müxtəlif sahələri əhatə edən çoxsaylı sənaye müəssisələri istifadəyə verilib. Boru istehsalı, alüminium emalı, kağız və karton məmulatlarının hazırlanması, pestisid istehsalı, termoformasiya üsulu ilə şüşə istehsalı üzrə zavodlar şəhərin sənaye potensialını əhəmiyyətli dərəcədə artırıb. Bununla yanaşı, qida sənayesi və aqrar-sənaye komplekslərinin yaradılması, mis emalı müəssisələri, tikiş və yunəyrici-boyaq fabriklərinin fəaliyyətə başlaması sənayenin şaxələndirilməsinə mühüm töhfə verib. Eyni zamanda, beton məmulatları, texniki avadanlıqlar, polad borular, yüksək sıxlıqlı polietilen məhsulları və boruyayma sahəsində fəaliyyət göstərən müəssisələrin istifadəyə verilməsi Sumqayıtın sənaye xəritəsini daha da zənginləşdirib. Xüsusilə “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodu və “SOCAR karbamid” zavodunun açılışı ölkənin qeyri-neft sektorunun inkişafı baxımından mühüm hadisə kimi dəyərləndirilir və Sumqayıtın beynəlxalq sənaye mərkəzi kimi mövqeyini möhkəmləndirir. Bununla yanaşı, zamanın tələblərinə operativ şəkildə cavab verən Sumqayıtda fövqəladə vəziyyətlər və qlobal çağırışlar nəzərə alınaraq tibbi maska fabriki və qoruyucu kombinezonların istehsalı üzrə müəssisələr də yaradılıb. Bu addımlar şəhərin sənaye imkanlarının çevikliyini və sosial məsuliyyətini nümayiş etdirir. Bütün bu proseslər Sumqayıtın yenidən güclü sənaye şəhərinə çevrildiyini, müasir texnologiyalar və innovativ yanaşmalar əsasında inkişaf etdiyini göstərir. Şəhər bu gün də Azərbaycanın sənaye potensialının artırılmasında aparıcı mövqeyini qoruyur və gələcək inkişaf üçün möhkəm zəmin yaradır.

2011-ci ildə Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan və 2013-cü ildə təməli qoyulan Sumqayıt Kimya Sənaye Parkı bu gün şəhərin sənaye sahəsində ən önəmli mərkəzlərindən biri kimi çıxış edir. Parkın yaradılmasında əsas məqsəd ölkədə innovativ və yüksək texnologiyalara əsaslanan, rəqabətqabiliyyətli sənaye istehsalının inkişafına münbit şərait yaratmaq, sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunu gücləndirmək və əhalinin məşğulluğunu artırmaq olmuşdur. Görülən işlər, tətbiq olunan strategiyalar və planlı inkişaf nəticəsində SKSP qısa zamanda Cənubi Qafqazın ən böyük sənaye parkına çevrilib. Park 640 hektarlıq ərazidə yerləşir və burada 40 rezident fəaliyyət göstərir. Layihələrin ümumi dəyəri 6,7 milyard manat, faktiki investisiya həcmi isə 5,5 milyard manatdır. İqtisadi layihələr çərçivəsində 8800-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur və burada faktiki olaraq artıq 6135 nəfər işlə təmin olunub. Rezidentlərin ümumi satış həcmi 15,4 milyard manata çatıb ki, bunun 5,7 milyard manatı ixracın payına düşür. Parkda istehsal olunan məhsullar dünyanın 70-dən çox ölkəsinə çatdırılır ki, bu da SKSP-nin beynəlxalq səviyyədə tanınan və rəqabətqabiliyyətli bir sənaye mərkəzi olduğunu göstərir. Parkda fəaliyyət göstərən müəssisələr Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini əhatə edir. Burada inşaat kimyəviləri, əlvan metallar və ferroərintilər, karbamid istehsalı, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodları, tibbi maska və qoruyucu vasitələrin istehsalı, vərəqə şüşə istehsalı, tütün məmulatları, karton və qutu taraları istehsalı və polipropilen, laminatlı kisə istehsalı üzrə müəssisələr fəaliyyət göstərir. Bu müəssisələr yalnız ölkə bazarını təmin etmir, həm də Azərbaycan məhsullarının dünya bazarına çıxarılmasında mühüm rol oynayır.

Prezident İlham Əliyevin yanvarın 27-də Sumqayıta səfəri zamanı Parkda “Azermirror” MMC güzgü vərəqələrinin istehsalı zavodunun, “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton və qutu taraları istehsalı müəssisəsinin açılışında və “Nun” MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlqoyma mərasimlərində iştirakı, Sumqayıt Sənaye Parkının strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. “Azermirror” MMC sənaye parkının 1 hektar ərazisində fəaliyyət göstərir, burada 30 nəfər işlə təmin olunub və ildə 900 min kvadratmetr güzgü vərəqəsi istehsal ediləcək. Layihənin investisiya dəyəri 6,13 milyon manatdır və müəssisəyə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,5 milyon manat güzəştli kredit ayrılıb. Parkın rezidentlərinə verilən güzəştlərdən faydalanan MMC təqribən 600 min manat dəyərində vergi və gömrük azadolmasından istifadə edib. 2023-cü ildə rezident statusu verilən “Bakı Karton və Qutu Fabriki” MMC isə Parkın 3 hektara yaxın ərazisində karton və qutu taralarının istehsalı müəssisəsini qurub. Türkiyə və Çin texnologiyalarından istifadə edilən müəssisədə il ərzində 55 milyon kvadratmetr karton və qutu tarası istehsal olunacaq. Birinci mərhələdə karton və qutu istehsalı, ikinci mərhələdə isə karton istehsalı üçün tələb olunan yerli xammalın təkrar emalı planlaşdırılır. Müəssisənin investisiya dəyəri 20 milyon manatdır, burada 64 daimi iş yeri yaradılıb və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 2 milyon manat güzəştli kredit ayrılıb. MMC təqribən 1,3 milyon manat vergi və gömrük azadolmasından faydalanıb. Ötən il rezident statusu verilən “Nun” MMC isə polipropilen və laminatlı kisə istehsalı üzrə müəssisənin tikintisinə başlayıb. 1 hektar ərazidə yerləşən zavodda Almaniya texnologiyası istifadə olunacaq və illik istehsal gücü 1680 ton laminatlı kisə, 1440 ton polipropilen kisə olmaqla ümumilikdə 3120 ton təşkil edəcək. Məhsullar əsasən daxili bazarın tələbatını ödəyəcək, burada 140 daimi iş yeri yaradılacaq. Müəssisənin investisiya həcmi 11,2 milyon manatdır və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3 milyon manat güzəştli kredit ayrılıb. Quraşdırılacaq avadanlıqların idxal zamanı ƏDV və gömrük rüsumlarından azad olunması nəzərdə tutulur.

Bütün bu layihələr göstərir ki, Sumqayıt Kimya Sənaye Parkı ölkədə sənaye istehsalının modernləşdirilməsi, yüksək texnologiyalı və rəqabətqabiliyyətli müəssisələrin yaradılması üçün əsas platformadır. Hər bir yeni müəssisə yalnız istehsal həcmini artırmır, həm də yeni iş yerlərinin yaradılmasına, daxili bazarın təmin olunmasına və ixrac imkanlarının genişlənməsinə xidmət edir. Parkın fəaliyyəti ölkənin qeyri-neft sektorunun inkişafını gücləndirir və regionda sənayenin dayanıqlı inkişaf modelini nümayiş etdirir.

Sevinc Azadi, “İki sahil”