Dövlət başçısı İlham Əliyevin Davosda səsləndirdiyi bu çağırış, eyni zamanda, birliyə, əməkdaşlığa xidmət edir
Prezident İlham Əliyev bu günlərdə Davosda “Euronews” televiziyasına müsahibəsində bir daha bu çağırışı etdi ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu.
Müasir müstəqil, qalib Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar, malik olduğu potensial təbii ki, uğurlu və düşünülmüş siyasətə əsaslanır. Bunun üçün bir mühüm məqamı qeyd etməyə böyük ehtiyac yaranır ki, neftlə zəngin çox ölkələr var. Lakin reallıq budur ki, bu resurslar heç də həmin ölkələrə xeyir gətirmir. Əhali arasında təbələşmə prosesi gedir. Lakin Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Baxmayaraq ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin yarıtmaz siyasəti nəticəsində Azərbaycan malik olduğu potensialdan səmərəli istifadə etmək imkanında deyildi, amma 1993-cü ildən başlanan yol davamlı uğurlarımızın təqdimatıdır. Belə ki, ölkəmizin həyatında bütün sahələr üzrə yeni mərhələ məhz 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başladı. Yenidən qurulan Azərbaycan möhkəm təməl üzərində yeni-yeni hədəflərə doğru inamla addımladı və bu gün təkmil inkişaf modelini dünyaya təqdim edir. Ən əsası iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirən ölkəmiz sosial-iqtisadi göstəriciləri ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur.
Bu fakt inkaredilməzdir ki, hər bir ölkənin inkişafında iqtisadiyyat əsas faktordur. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması qarşıya çıxan hər bir çətinliyi uğurla dəf etməyi şərtləndirir. Azərbaycanda neft gəlirlərindən səmərəli istifadə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə müşayiət olunur. 2008-ci ildə dünyanı bürüyən iqtisadi və maliyyə böhranını, həmçinin 2019-cu ilin sonlarından koronavirus infeksiyası ilə mübarizə tədbirlərini də yada salsaq hər bir ölkənin malik olduğu imkanların üzləşdiyi çətinliklərdən az itki ilə çıxmasında nə qədər böyük önəm daşıdığını aydın şəkildə görərik. Dünya dövlətləri iqtisadi və maliyyə böhranını yaşadığı halda, Azərbaycan iqtisadi artımı ilə diqqətdə oldu. Dövlət başçısı İlham Əliyev koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin ilk günündən insanların sağlamlığının qorunması ilə yanaşı, iqtisadi islahatların dərinləşdirilməsinin, heç bir sosial layihənin təxirə salınmamasının vacibliyini bildirdi. Həmin dövrdə sahibkarlara dövlətin diqqət və qayğısı xüsusilə yüksəldi. Əsas hədəf iqtisadi inkişafı qorumaq, insanların rifah halını yaxşılaşdırmaq idi.
Bu gün Azərbaycanın şaxələndirmə siyasətini uğurla həyata keçirən, rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi tanınmasında neft-qaz sektorunda qazandığı uğurlar əhəmiyyətli rol oynayır. Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb və nüfuz qazanıb. İllər keçdikcə ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəni təmin etmək məqsədilə həyata keçirdiyi enerji layihələrinin uğurlu icrası nəticəsində qaz ixracatçısı kimi də tanınmağa başladı. Neft-qaz resurslarından əldə edilən gəlirin düzgün istiqamətləndirilməsinin nəticəsi olaraq bu gün Azərbaycan qeyri-neft sektorunun inkişafı baxımından dünyanın diqqətindədir. Yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin daha da artırılması, şəffaflığın artırılması kimi mühüm amillər Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edib. Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında hədəflənən nəticələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında ölkənin mövqeyini gücləndirmək, daha yuxarı gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir. Azərbaycan bu gün xüsusilə bərpaolunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemləri ilə sıx inteqrasiyaya, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına dəstək verir. 2030-cu ilədək respublikamızın «yaşıl artım» ölkəsinə çevrilməsini və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcək. Bu amillər beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır və onu gücləndirir. Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Azərbaycanın nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, dünya ölkələrinin maraq göstərdiyi bərpaolunan enerji sahəsində Azərbaycanın zəngin təbii resurslara malik olması «yaşıl artım» layihəsinin həlli üçün geniş imkanlar vəd edir. Bu fikir beynəlxalq ekspertlər tərəfindən də qeyd edilir ki, Azərbaycan Cənubi Qafqazın dünya iqtisadiyyatına inteqrasiyasında əsas rol oynayır.
Zəngin neft-qaz yataqlarının istismarı ilə qarşıdakı onillər ərzində ölkəmizin inkişafı daha etibarlı təmin olunacaq, iqtisadiyyatımız çoxşaxəli şəkildə inkişaf edəcək. Azərbaycan Avropanın enerji təhlükəsizliyində bundan sonra da etibarlı tərəfdaş olacaq. Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Bundan sonra isə qaz təchizatçısı kimi də potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr və istehlakçılar üçün daha çox imkanlar yaradacaq.
Azərbaycanın tarixi Zəfərindən sonra bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması məsələsini daha da aktuallaşdırması beynəlxalq səviyyədə təqdir edilir. Bu il ənənəvi keçirilən Davos Dünya İqtisadi Forumunun iclasında da Azərbaycanın malik olduğu bərpaolunan enerji potensialına da xüsusi diqqət yönəldildi. Cənab İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində ümumilikdə Azərbaycanın enerji sektorunda qazandığı uğurlara diqqəti yönəltdi. Bildirdi ki, Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Biz təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikik: “Bizim bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Bizim üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir. Baxmayaraq ki, biz qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq. Ancaq qiymət baxımından ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır.”
2024-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim konfransı Azərbaycanın əməkdaşlığa verdiyi önəmə bir daha işıq saldı. Bu tədbir Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olduğunu nümayiş etdirdi. Azərbaycanın beynəlxalq qurumlara sədrliyi, həmçinin beynəlxalq tədbirlərə ev sahibliyi ölkəmizə böyük əməkdaşlıq təcrübəsi qazandırıb. BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına 4 sədrlik edən Azərbaycanın qurumun beynəlxalq nüfuzunə qazandırdığı əlavələr iştirakçı və digər dövlətlərə aydındır. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti daim ona böyük uğurlar qazandırır. Bu sırada ölkəmizin D-8 təşkilatına üzvlüyünü qeyd etmək istərdik. Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində, həmçinin ənənəvi olaraq hər ilin ilk ayında yerli televiziya kanallarına müsahibəsində təkcə 2025-ci ilin timsalında Azərbaycanın xarici siyasət uğurlarına xüsusi diqqət yönəldərək bildirdi ki, biz beynəlxalq mövqelərimizi böyük dərəcədə möhkəmləndirə bildik. Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar. Təsadüfi deyil ki, dünyanın aparıcı beynəlxalq aktorları Azərbaycanla əməkdaşlıq etmək üçün müxtəlif təkliflər irəli sürürlər. Bizim xarici siyasətimiz çoxşaxəlidir, bu siyasət bir çox istiqamətlər üzrə uğurla aparılır.
Ötən il ölkəmizdə bir çox mötəbər beynəlxalq tədbir keçirildi. Prezident İlham Əliyev bunların arasında işğaldan azad edilmiş Xankəndidə ECO-nun Zirvə Görüşünü, Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü qeyd etdi.
Cənab İlham Əliyevin hər bir çağırışı dünənimizin və bugünümüzün reallıqları fonunda gələcəyimizə hədəflənir. Prezident İlham Əliyev Davosda sözügedən müsahibəsində Azərbaycanın müstəqil siyasətinin, uğurlarının bəzi dairələr tərəfindən həzm edilməməsindən də bəhs etdi. Belə ki, “Azərbaycanın Avropa Parlamenti tərəfindən daimi tənqidinə münasibətiniz və reaksiyanız necədir” sualına cavab olaraq dövlətimizin başçısı vurğuladı ki, biz reaksiya verməyi dayandırmışıq. Keçmişdə biz reaksiya verirdik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik. Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır. Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Prezident İlham Əliyev Avropa Parlamentinin üzvlərinin özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklərinə ümid etdiyini bildirdi.
Azərbaycanın ədalətin, beynəlxalq hüququn yanında olması beynəlxalq münasibətlər sistemində yerini və rolunu daha da möhkəmləndirir. Dövlətimizin başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində 2025-ci ili tarixi il kimi dəyərləndirdi. Bunun əsaslandırarkən bildirdi ki, məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, Azərbaycan-Amerika münasibətlərinin kontekstində də 2025-ci il tarixi il sayıla bilər. Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir. Oktyabr ayından bu yana mənim tərəfimdən Amerikaya nazirlərdən və özəl sektor nümayəndələrindən, digər məsul şəxslərdən ibarət dörd rəsmi heyət ezam edilmişdir. Demək olar ki, əsas istiqamətlər üzrə strateji xartiyanın hazırlanması və qarşılıqlı sərmayə qoyuluşu, onun təşkili və münasibətlərimizin iqtisadiyyat, ticarət, nəqliyyat, hərbi-sənaye istiqamətlərinin əhatə edilməsi məsələləri müzakirə olunur. Yəni ümidlərimiz böyükdür, nəticələr də kifayət qədər təsirlidir.
Dövlət başçısı İlham Əliyevin bu günlərdə 56-cı Davos Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşü oldu. Görüşdə Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı razılaşmaların əldə edilməsində Prezident Donald Trampın tarixi rolu vurğulandı. Dövlətimizin başçısı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlara toxundu. Artıq regionda sülhün mövcud olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bunun iki ölkə arasında ticarət münasibətlərinin yaranmasında da özünü göstərdiyini bildirdi. Bu xüsusda Azərbaycandan Ermənistana neft məhsullarının ixracını, həmçinin idxal edilən taxılın ölkəmiz vasitəsilə Ermənistana çatdırıldığını vurğuladı. Dövlətimizin başçısı Zəngəzur dəhlizinin, o cümlədən TRIPP layihəsinin regional bağlantılar baxımından mühüm rol oynadığını qeyd etdi. Görüşdə, həmçinin ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasının əhəmiyyətinə toxunuldu, bu qurumun Yaxın Şərqdə sülhü möhkəmləndirmək, eyni zamanda, qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmi qeyd edilərək Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və ölkəmizin dünyada sülhün təşviqində oynadığı rolun təcəssümü kimi qiymətləndirildi. Dövlət başçıları müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların münasibətlərimizin dərinləşdirilməsində rolunu qeyd etdilər.
Qısa təhlil bu ümumiləşdirməyə əsas verir ki, Azərbaycanın müstəqil siyasəti bütün sahələrdə malik olduğu imkanlardan səmərəli istifadəsinə, həmçinin əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə əlavə imkanlar yaradır. İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Azərbaycan hər bir yeniliyin tətbiqində maraqlıdır. Buna əsas verən təbii ki, malik olduğumuz potensialdır. Onu da qeyd edək ki, ölkəmiz müasir idarəçilik sistemi ilə dünyanın diqqətindədir. İnnovasiyalar ölkəsi kimi nüfuz qazanır. “ASAN xidmət”, DOST layihələrinin davamı olaraq “ağıllı şəhər” və “ağıllı kənd” strategiyası həyata keçirilir. Hər zaman bu hədəf qarşıda dayanır ki, uğurlarımızla kifayətlənməməli, daim irəli baxmalıyıq.
Yeganə Əliyeva, “İki sahil”
Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan-ABŞ münasibətlərində YENİ SƏHİFƏ AÇACAQ