Azərbaycanın azad edilmiş ərazilərdəki tikinti və bərpa layihələri Bosniya və Herseqovina ilə əməkdaşlığın ən əhəmiyyətli sahələrindən birinə çevrilə bilər.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev "Sarajevo Times" qəzetinə verdiyi müsahibədə bildirib.
"30 illik işğaldan sonra Azərbaycan Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla, azad edilmiş ərazilərində regionda ən böyük yenidənqurma proqramlarından birini həyata keçirməyə başlayıb. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, işğal zamanı tamamilə dağıdılmış bütöv şəhər və kəndlər indi "ağıllı şəhərlər" və "ağıllı kəndlər" konsepsiyalarına uyğun olaraq sıfırdan yenidən qurulur. Nəqliyyat infrastrukturuna, enerji şəbəkələrinə, mənzil, kommunal xidmətlərə və sosial obyektlərə böyük investisiyalar qoyulur", - diplomat qeyd edib.
V.Quliyevin sözlərinə görə, Azərbaycanın münaqişədən sonrakı dövrdə suverenliyin bərpası və inkişafı təcrübəsi Bosniya və Herseqovina üçün də faydalı ola bilər.
"Münaqişədən sonrakı öz təcrübəsinə malik olan Bosniya və Herseqovina tikinti, mühəndislik xidmətləri, enerji infrastrukturu, bərpa olunan enerji layihələri və şəhərsalma sahələrində (Azərbaycanla əməkdaşlıq üçün - red.) əhəmiyyətli imkanlar tapa bilər. Azərbaycan şirkətləri əməkdaşlığa, birgə müəssisələrə və təcrübə mübadiləsinə açıqdır, Bosniya şirkətləri də yenidənqurma layihələrində və daha geniş iqtisadi təşəbbüslərdə iştirak etməkdən faydalana bilərlər", - səfir əlavə edib.