03 fevral 2026 23:58
117

Əbədiyyət zirvəsində

Amid Eldar oğlu İsmayılov 27 sentyabr 2020-ci ildə Vətən torpaqlarının azadlığı uğrunda elə bir qəhrəmanlıq göstərdi ki, əbədi olaraq ürəklərə köçdü. Biləsuvar rayonunun Təzəkənd kəndində boya-başa çatan Amid 32 yaşında cismən aramızdan getsə də, indi zəfər şəhidimizlə təkcə ailə üzvləri yox, bütün Azərbaycan xalqı böyük iftixar hissi duyur. Bəli, Biləsuvar elinin igid oğlu millətin xoş gələcəyi üçün Vətən torpaqlarının azadlığını hər şeydən uca tutdu, bu şərəfli yolda həyatından keçməyi bacardı. Məhz buna görə də insanlığın şəhidlik məqamına ucalan, adını torpağını, Vətənini canından əziz bilən qəhrəman kimi tarixə yazan Amid İsmayılov, həmçinin dövlət tərəfində ölümündən sonra “Vətən uğrunda”, Füzulinin, Cəbrayılın azadlığına görə medallarına layiq görüldü.

Özünü bilən gündən erməni işğalçılarının doğma Azərbaycana qarşı etdiyi xəyanətkar siyasəti ilə heç cür barışa bilməyən Amid İsmayılov 2006-cı ildə orta məktəbi bitirib müstəqil həyatının gələcək istiqamətini də bu vətənpərvərlik yöndə qurmaq istəyib. Ən düzgün yolu birinci ordu sıralarına getməkdə görüb. 2006-cı ildə ürəyində dığalara böyütdüyü qəzəb hissi ilə milli orduda- cəbhə bölgəsində Vətənin keşiyində durmağa başlayıb. Və bu müqəddəs işdə qaya kimi sərt, sarsılmaz Azərbaycan oğlu olduğu ilk gündən bilinib. Xidməti dövründə şəxsi qətiyyətinə, əzminə, igidliyinə görə həmişə əsgərlərdən seçilib. Ona verilən bütün tapşırıqları Vətən naminə layiqincə yerinə yetirib. Təlimlərdə də əla döyüşçü keyfiyyətləri uğurla nəticələnib. Bu minvalla, yüksək səviyyədə, alnıaçıq xidməti başa vurub ailəsinin yanına qayıdıb. Qaldı ki, günü xoş keçsə də, evdə heç cür qərar tutmayıb. Düşməndən alacağı öcə görə yenidən hərbi hissəyə qayıtmaq istəyib. Amid 2008-ci ildən kiçik çavuş rütbəsində döyüş bölgəsində xidmətini davam edib. Bununla da Vətən oğlunun qürurlu və qalibiyyətlə dolu günlərin davamı gəlib.

Düşmən tapdağında olan Qarabağımızı azaq görmək istəyi ilə ürəyi çırpınan Amid peşəkar hərbiçi kimi müharibə meydanında yağıya qarşı döyüşmək üçün daim üzərində çalışıb. Onun canında hər zaman düşmənə qarşı bir vuruşmaq ruhu aşıb-daşıb. Amidin səbirsizliklə gözlədiyi gün-2020-ci il sentyabrın 27-si gəlib çatıb. Ən qaynar nöqtələrdə dığalara qarşı vuruşub və şəxsi şücaətlə fərqlənib. Nəticədə düşmən layiqli cavabını alıb və itkilər verərək geri çəkilib. Daha sonra Füzulinin azadlığı uğrunda gedən qanlı savaşda yağıya göz aşmağa imkan verməyərək onun çoxlu canlı qüvvəsini məhv edib.

Amid müharibə meydanına getməyi həmişə özü can atıb. Vətənə, torpağa məhəbbəti sayəsində neçə-neçə ağır sınaqlardan üzüağ çıxıb. Sonucu dəfə də elə Füzulidə düşmənin canlı qüvvəsinə, ağır texnikasına qarşı qəhrəmancasına vuruşub şəhid olub. Doğma kəndində uğrunda can qoyduğu torpağa tapşırılıb.

Zəfər şəhidi Amid İsmayılovun ömür yolu qısa olsa da, ona Vətən, xalq naminə böyük qəhrəmanlıqlar sığdıra bilib. Zaman-zaman ondan örnək götürməyə dəyər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü