04 fevral 2026 00:15
131

Beşbarmaq dağı turizm üçün gözəl məkandır

Bakı-Quba yolunun sol tərəfində, Siyəzən rayonu ərazisində məğrur dayanan Beşbarmaq dağı həm turistik, həm də maraqlı tarixi məkandır. Beşbarmaq dağının bir tərəfi dəniz, yuxarı tərəfi yaşıl təpələrdir. Əfsanələrdə bu məkan Xızır peyğəmbərin məskəni kimi də təsvir olunur. Məhz bu tarixi və təbii zənginliyinə görə arxeoloqlar, xarici səyyahlar o yerlə maraqlanıblar və tarixçi alimlər axtarış işləri aparıblar. Bura hər il xeyli sayda ziyarətçilər və səyahətçilər gəlir.  Əsasən düzən ərazidən ucalan qayalar “səhra aysberqi”ni xatırladır.

Beşbarmaq dağı Azərbaycanın Siyəzən rayonunda, Xəzər dənizinə yaxın ərazidə yerləşir. Bakı-Quba magistral yolundan baxaraq dəniz səviyyəsindən 470 metr yüksəklikdədir. Dağ möhkəm qayadır və mifik hekayələri ilə tanınan Qafqazın ən məşhur dağlarından biridir. Bu, zəvvarların müntəzəm ziyarəti üçün müqəddəs bir yerdir. El arasında bura Xızır-Zində piri də deyilir. Bu pir Azərbaycanda kifayət qədər məşhurdur ora müqəddəs ziyarətgah hesab edilir. Əfsanəyə görə, Xızır peyğəmbər qardaşları ilə burada yaşamışdır. Dağın zirvəsindən ətraf ərazi və Xəzər dənizinə gözəl mənzərə açılır. Dağın üzərində və ətraf ərazidə III-VII əsrlərdə Sasanilər imperiyasının dövründə tikilmiş hasarlar Beşbarmaq sədləri Gilgilçay və Xəzər dənizi boyunca Azərbaycan ərazisinə hücum edən massagetlərin, xəzərlərin, hunların, alanların ordulardan qorunmaq üçün tikilib. Dağa ətraf ərazidən baxanda əlin beş barmağına bənzəyir.

"Beşbarmaq arxeoloji ekspedisiyası"nın rəhbəri, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun "İlk Tunc dövrü arxeologiyası" şöbəsinin müdiri Səfər Aşurov isə bildirib ki, Beşbarmaq qalasının ikinci terrasındakı qazıntılar bu sahədə də İlk tunc dövrü - Kür-Araz mədəniyyətinə aid mədəni təbəqənin mövcudluğunu təsdiq edib. S. Aşurov uzun axtarışlardan sonra nəhayət, orta əsr səyyahlarının haqqında məlumat verdikləri karvansarayın yerinin müəyyən edilməsini böyük uğur adlandırıb: "İlkin qazıntılarla karvansarayın strukturu müəyyən edilib, çoxsaylı maddi mədəniyyət qalıqları tapılıb. Tikilinin plan quruluşunun XVII əsr səyyahı Adam Olearinin təsviri ilə üst-üstə düşməsi, həmçinin numizmatik materiallar, qəlyan ucluqları və məhək daşının əldə edilməsi buranın məhz karvansaray olduğunu bir daha təsdiq edir".

XX əsrin 20-ci illərində sovet alimi Yevgeni Paxomov son dəfə bu karvansarayın qalıqları barədə məlumat verib. Sonrakı tədqiqatlar zamanı isə onun yerini tapa bilməyiblər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 8 iyun 2020-ci il tarixli Sərəncamı ilə "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yaradılıb. Qoruğun ərazisi Siyəzən rayonunun Qalaşıx kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisini əhatə edir. Ancaq burada Azərbaycan tarixinin izləri bugünədək qalıb. Bu izlərin bəziləri Şirvanda gedən müharibələrdən qalıb.

Şah İsmayılın atası, Səfəvi təriqətinin yaradıcısı 28 yaşlı Şeyx Heydər 1488-ci ildə Şirvan şahlığına hücum edib. Lakin burada onu birləşmiş Şirvan qoşunları gözləyirdi. Qanlı qırğın Siyəzən ərazisində baş verib. Şeyx Heydərin 10 minlik süvari qoşunu inadla vuruşsa da böyük tələfat verib. Döyüşdə Şeyx Heydər boğazından aldığı ox yarası ilə həlak olub. Qızılbaşlar onun nəşini Beşbarmaq dağının arxasında unanılmaz bir yerdə dəfn edərək geri çəkiliblər. Çünki iyul ayının 9-u idi və yayın yandırıcı günlərində cənazəni Ərdəbilə aparmaq mümkün deyildi, yolda qoxuyardı. Ona görə də Şeyx Heydəri burada dəfn etmək lazım idi. Ancaq cənazəni elə dəfn ediblər ki, düşmən onu tapa bilməsin. Sonralar burada tikilən türbənin üzərində daş kitabə qoyulub.

Türbə üzərindəki daş kitabədə fars dilində üç sətirdən ibarət aşağıdakı mətn həkk edilmişdir: “Böyük məzar Allah yolu ilə gedənin müqəddəs şəhidgahı, həqiqət yolunun yolçusunun qəbri, hikmətli Quran dininin həqiqət axtaran şeyxi, Şeyx Sultan Cüneydin oğlu Şeyx Sultan Heydərindir.

Şirvan, Ruman, İran müharibəsində öldürülmüşdür. O ildən min otuz birinci ilədək (hicri tarixi) xarab idi. Etibarlı imam Əmir əl-möminin Əli ibn Əbu Talib əleyhissalam Şeyx Cüneydin oğlu Şeyx Heydərin başına gələn hadisənin doğruluğunu bilib qəbrin parlaqlığı və möhkəmləndirilməsi üçün həqiqi nökəri Şah Ismayılın yanına gəlib buyurdu ki, bu bərəkətli, böyük qəbir uzun müddətdir Şirvan dağlarında bir dağın ortasında gizli qalmışdır.”

Şah İsmayıl Xətai 1500-1501-ci illərdə, Səfəvi dövlətini möhkəmləndirmək məqsədilə, həm də atası Şeyx Heydərin intiqamını almaq üçün Şirvana hərbi yürüş edib. 1500-cü ilin sonunda Cabanı döyüşündə Şirvanşah Fərrux Yasar məğlub edilərək öldürülüb, Şirvanşahlar dövlətinin müstəqilliyinə böyük zərbə vurulub. Bakı, Şamaxı, Quba səfəvilərə tabe etdirilib.

Bu qədim məskənimizi turistlərə təqdim etmək tariximizin marqlı hadisələrlə dolu olduğunu göstərmək vacibdir.  Burada gizlədilmiş sirləri açmaq Azərbaycan tarixinin qərin qatlarında nələrin baş verdiyini öyrənmək baxımından çox qiymətlidir.

Vəli İlyasov, “İki sahil”