06 fevral 2026 14:29
157

Azərbaycan hərbçisinin şəxsi şücaəti onun mənəvi-psixoloji vəziyyətinin məhsuludur

Klassik müharibələr daxil olmaqla, müasir hərbi əməliyyatlarda və hibrid savaşlar adlandırdığımız müasir döyüşlərdə insan faktorunun həlledici amil olması birmənalı şəkildə qəbul edilib. İnsan faktoru deyərkən məqsədimiz burada döyüşçü sayının çoxluğu deyil, onun döyüşə hazır olma dərəcəsini diqqətə çatdırmaqdır. Orduda döyüşçü çoxluğu qeyri-peşəkarlar üçün qələbə göstəricisi ola bilər. Lakin tarix bu cür düşünən sərkərdələrin acı məğlubiyyətinə dəfələrlə şahidlik edib. Təsadüfi deyil ki, mənəvi-psixoloji vəziyyəti üstün olan, yüksək hazırlıqlı peşəkar döyüşçülərə malik türk xalqları, az saylı orduları ilə dəfələrlə qat-qat üstün sayda məxsus rəqib ordularla döyüşlərdən qalib çıxıb. Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, ideoloji və psixoloji hazırlığa yetərincə sahib olmayan əsgər döyüş meydanında fədakarlıq edə bilməz və döyüş tapşırığının icrasında uğur qazanmaz. Belə olduqda müasir silah və texnika da öz əhəmiyyətini itirmiş olur. İnsan faktorunun 44 günlük Vətən müharibəsində əhəmiyyətini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 17-də "Füzuli Şəhəri Günü"ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə daha dolğun, daha dəqiq ifadə edərək, "Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əsgərdir, zabitdir!" - deməklə ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji durumunu yüksək qiymətləndirib. Ali Baş Komandan çıxışlarında dəfələrlə vurğulayıb ki, bu möhtəşəm Zəfərimizə görə şəhidlərimizə, yaralanaraq sağlamlığını itirən soydaşlarımıza, Azərbaycan əsgərinə, zabitinə borcluyuq.

İnsan amilinə dayanaraq, ilk olaraq qeyd edək ki, döyüş əməliyyatlarında düşmənlə birbaşa təmas zamanı hərbçinin cəsur davranması, şəxsi şücaət nümunələri nümayiş etdirməsi, yaxud psixologiyasında yaranmış problemlər səbəbindən qeyri-adekvat davranış sərgiləməsi onun mənəvi-psixoloji vəziyyətinin təcəssümüdür. Azərbaycan Ordusunun şəxsi heyətinin düşməndən əsas üstünlüyü də məhz mənəvi-psixoloji qüdrətə sahib olmasıdır. Döyüş əməliyyatlarında düşmənlə birbaşa təmasda hərbçilərin davranışında yaranmış dəyişikliklər mövzusu ilə bağlı dünyanın bir çox hərbi mərkəzləri və ayrı-ayrı elmi-tədqiqat institutları tərəfindən uzun illər aparılan araşdırmalar nəticəsində maraqlı və dəyərli nəticələr əldə olunub.
İlk olaraq mövzu ilə bağlı araşdırmalar 1947-ci ilə təsadüf edir. Amerikalı general Marşall piyada hərbi hissələrinin İkinci Dünya müharibəsi veteranları arasında sorğu təşkil edib. Sorğunun məqsədi isə əsgər və zabitlərin real döyüş şəraitində, birbaşa düşmənlə təmas zamanı davranışlarını müəyyənləşdirmək idi. Sorğu nəticəsində əldə olunan nəticələr istər tədqiqatçılar, istər hərbçi-alimlər, istərsə də komandanlıq üçün gözlənilməz olub. Məlum olub ki, ABŞ ordusunun döyüşdə iştirak edən piyada hissələrinin əsgər və zabitlərinin 25 faizdən az hissəsi döyüş zamanı düşmən tərəfə atəş açıb və onların yalnız 2 faizi isə düşməni bilərəkdən hədəfə alıb. Eyni mənzərə Hərbi Hava Qüvvələrində də müşahidə olunub. Amerika pilotlarının məhv etdiyi düşmən təyyarələrinin 50 faizdən çoxu pilotların cəmi 1 faizinin payına düşdüyü ortaya çıxıb. Aparılan sorğu nəticəsində məlum olub ki, əgər döyüş növü düşməni insan və şəxsiyyət kimi dərk etməyə imkan verirsə, şəxsi-fiziki təmas yaranırsa (quru qoşunlarının döyüşləri və qırıcı təyyarələrin hava duelləri və s.), belə şəraitdə ümumilikdə ordunun fəaliyyəti qeyri-effektiv olur. Hərbi əməliyyatlar zamanı düşmənə vurulan ziyanın, düşmənin verdiyi itkilərin demək olar ki, hamısını şəxsi heyətin cəmi 2 faizi yaradır, qalan 98 faizi isə düşməni insan olaraq gördüyü üçün psixoloji problemlər yaşadığından adam öldürməyə qadir deyil. Hərbi psixologiyanın tədqiqat predmetlərindən biri də döyüşçü psixologiyasının öyrənilməsidir. Spesifik sahədə aparılan araşdırmalara görə, düşmənlə üz-üzə olmayan bölmələrdə tam fərqli vəziyyət hökm sürür. Düşmənlə birbaşa vizual təması olmayan bölmələrin şəxsi heyətində həyəcanlılıq, ölüm qorxusu aşağı, özünənəzarət hissi isə yüksək olmuşdur.
Tank, artilleriya və aviasiya bölmələrinin effektivliyi qan, şiddət, həyəcan və döyüşə aid qorxunc səhnələri birbaşa yaşamadığından, bu bölmələrdə effektivlik piyada qoşunlarına nisbətən daha yüksəkdir. Döyüşlərin "üzbəüz" olması səbəbindən quru qoşunlarının əldə etdiyi nəticələr ən aşağı, effektivliyi isə çox zəif olub. Səbəb olaraq isə, birbaşa təmas nəticəsində, düşməni yaxın məsafədən vizual müşahidə edən amerikalı əsgərlərin yaşadığı psixoloji səbəblər üzündən adam öldürə bilməmələri aşkar edilir. Araşdırmalar silahlı qüvvələrin effektivliyi üçün olduqca ciddi problemli məsələ olduğundan, Pentaqon araşdırmalara hərbi psixoloqlar qrupunu cəlb edir və nəticələr hamı üçün təəccübləndirici olur. Məlum olur ki, əsgər və zabitlərin 25 faizi hər döyüşdən əvvəl qorxudan sidiyini və ya nəcisini saxlaya bilmirdi. "National Geographic" jurnalında İkinci Dünya müharibəsi veteranının xatirələri misal kimi göstərilir. Veteran deyir ki, Almaniyadakı ilk döyüşdən əvvəl sidiyini saxlamayıb, lakin komandiri ona özünü göstərərək bunun hər döyüşdən əvvəl normal hal olduğunu deyib: "Sidiyimi buraxan kimi qorxu keçir və özümü idarə edə bilirəm". Sorğular göstərdi ki, bu, orduda kütləvi haldır və hətta İraq müharibəsi zamanı da ABŞ əsgər və zabitlərinin təxminən 25 faizi hər döyüşdən əvvəl eyni vəziyyətlə üzləşirdi. Təxminən 25 faiz əsgər və zabitdə isə ya əl, ya da tətik çəkən barmaqda müvəqqəti iflic yaranır, əl və ayaqların əsdiyi müşahidə olunurdu. Əgər solaxay idisə və sol əli ilə atəş açmalı idisə, iflic də məhz sol əlinə təsir edirdi. Yəni, atəş açmaq üçün lazım olan əl və barmaq işləmirdi. Faşist Almaniyasının arxivlərində saxlanan sənədlərdən də görünür ki, eyni problem alman əsgərlərində də olub. Şərq cəbhəsində daim guya "donma" nəticəsində atəş açmalı olan əl və barmaqlarda işləməmə hallarına rast gəlinirdi və bu faktlar şəxsi heyətin təxminən 25 faizinə aid edilirdi. Pentaqonun sifarişi ilə çalışan psixoloqlar Svend və Marşan müəyyən etdilər ki, əgər döyüşən bölmə 60 gün ardıcıl döyüş əməliyyatlarında iştirak edərsə, şəxsi heyətin 98 faizinin psixologiyası pozulur. Amerikalıların insan psixologiyası üzrə apardığı araşdırmaların mahiyyəti ondan ibarətdir ki, insanın biologiyası və instinktləri insana öldürməyi qadağan edir. Məsələn, XVII əsrdə Polşa-Litva Birliyində aparılan araşdırmalarda piyada alayı təlimdə 500 hədəfi vurmuşdu, amma bir neçə gün sonrakı döyüşdə isə həmin alayın bütün atəşi cəmi üç düşmən əsgərini yaralaya bilmişdi. Aparılan müharibələrdə meyarlar önəmlidir. Belə ki, haqq uğrunda döyüşən Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji dayanıqlığı daha möhkəm və uzun ömürlü olur. Lakin işğalçı müharibənin mənsubları özlərinə daim "Nə üçün döyüşməliyəm?", "Bu torpaqlarda nə işim var, burada niyə ölməliyəm, nəyin naminə canımı verməliyəm?" və sair bu kimi suallar verərək ədalətsiz müharibənin qurbanına çevrildiklərini anlayırlar. Bu da özlüyündə döyüşən heyətə mənfi təsir göstərir. Psixoloji araşdırmalar sübut edib ki, günahsız insanları qətl edən işğalçı orduların əsgərləri döyüşlər zamanı ağır psixoloji sarsıntılar yaşayır, azğınlaşır və bütün mənəvi dəyərləri tapdalayırlar. Onlarda yaranan tərəddüd şübhəyə yol açır. Yaranan şübhələr inamsızlığa rəvac verir. İnamsızlıq öz növbəsində ümidsizlik yaradır. Bunun nəticəsində döyüşdə qatilə çevrilən döyüşçü postmüharibə dövründə cəmiyyətə uyğunlaşa bilməyən psixopata çevrilir. Hərbi mütəxəssislərin şəxsi heyətin döyüşlərdə davranışları ilə bağlı apardığı araşdırmalar obyekti olan bu müharibələr irticaçı və təcavüzkar, yəni, ədalətsiz, işğalçı müharibələr olmuşdur. O üzdən qərb mütəxəssislərinin özünəməxsus dəyərlərlə ifadə etdikləri müharibə dəyərləri bizim kimi vətənpərvər xalqların meyarları ilə üst-üst düşmür. Onların daha çox, radikal, qeyri-humanist döyüş taktikaları bizim kimi haqq savaşı aparan millətin mental və dini dəyərlərinə uyğun gəlmir. Məhz buna görə də biz araşdırma apararkən fərqli mənzərələrlə qarşılaşırıq. Bizim ordumuzda isə bunun əksi olan mənzərə qürurvericidir. Ermənistan silahlı qüvvələri ölkəmizin ərazisini işğal etməyə başladığı ilk gündən hərbi qulluqçularımız və orduya hazırlaşan gənclərimiz yalnız bir amal naminə yetişdirilərək, tərbiyə olunub - Vətəni qorumaq, torpaqlarımızı işğaldan azad etmək, soydaşlarımızın doğma yurd yerlərinə dönməsini təmin etmək.
Ordumuzda aparılan hərbi vətənpərvərlik prosesi yalnız milli-mənəvi dəyərlərə, qədim dövlətçilik və qəhrəmanlıq ənənələrinə, eləcə də digər xəlqi, dünyəvi dəyərlərə söykənərək həyata keçirilib. Məhz bu düzgün mənəvi-psixoloji tərbiyənin nəticəsidir ki, 30 ilə yaxın səngərlərdə xidmət aparan, düşmən təxribatlarının qarşısını uğurla alan, torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə iştirak edən ordumuzun mənsubları arasında psixoloji pozuntulara məruz qalan hərbi qulluqçular çox az sayda olub. Psixoloji problemlərlə üzləşən az sayda hərbi qulluqçuların problemlərinin olmasına səbəb isə ağır artilleriya silahlarından və minaatan qurğularının atəşlərindən sonra baş verən "barotravmalar"dır. Belə problemlərlə müraciət edənlər isə döyüşlərdən sonra reabilitasiya mərkəzlərində dövlət hesabına sağlamlıqlarını bərpa edərək cəmiyyətdə normal həyata qayıdıblar. Azərbaycan əsgəri heç vaxt erməni xalqı ilə vuruşmayıb, yalnız işğalçı ordunun torpaqlarımızdan qovulması naminə savaşıb. Yüksək mənəvi dəyərlər əsasında böyüyən, tərbiyə olunan gənc orduya xidmətə gəldiyi ilk gündən şüurlu surətdə anlayır ki, o, yalnız Vətəni qoruyur, ölkəsinin suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün xidmət edir, döyüşür, lazım gələrsə, bu yolda canından keçməyə belə hazır olur. Odur ki, bu gün torpaqlarımızın azadlığı naminə aparılan hərbi əməliyyatlarda düşmənlə üzbəüz gələrkən əsgərimizin, zabitimizin qorxduğu, döyüşə girmədiyi, geri çəkildiyi, qarşıya qoyulan döyüş tapşırığını icra etmədiyi barədə bir dənə də olsun nümunə, fakt yoxdur. Vətən müharibəsində hərbi qulluqçularımızın davranışı qürurvericidir. Düşmənlə təmas zamanı ölümün gözünə dik baxması, torpaqlarımızın azad olunması naminə qorxmadan irəli getməsi, Vətən üçün gözünü qırpmadan canından keçməsi, canı-qanı bahasına döyüşçü dostunu xilas etmək üçün irəli atılması, eləcə də qarşıya qoyulan döyüş tapşırığının icrası zamanı nümayiş etdirdiyi şəxsi şücaət, igidlik nümunələri silahdaşlarımızın mənəvi-psixoloji, milli-mənəvi tərbiyəsinin məhsuludur.
Vətən müharibəsi və ondan sonrakı hərbi əməliyyatları bir daha nəzərdən keçirərkən tam əminliklə demək olar ki, Azərbaycan hərbçisinin vətənpərvərlik hissi, Vətən sevgisi, el-obaya bağlılığı, torpağı ana qədər sevmək amili onun qanından, genindən, tarixi ənənələrə bağlılığından irəli gələn faktordur. Sadaladığımız mənəvi dəyərləri beyinlərə həkk etdirən isə vahid ideologiyanın ətrafında birləşmək, vahid məqsəd arxasında səfərbər olmaqdır. Bizim üçün bu ideologiya azərbaycançılıq məfkurəsi, məqsəd isə Ana Vətənin müdafiəsidir. Yazıda döyüşçünün mənəvi-psixoloji durumunun, insan faktorunun döyüşdə həlledici amil olduğu barədə bir neçə fikrimizi də diqqətə çatdırmaq istərdik.
Orduda məşhur olan "Ayıq ol, sağ qal" ifadəsi hərbçini fasiləsiz stress altında saxlaya bilər. Eyni zamanda, bu deyim hərbçinin daimi olaraq təhdid altında olmasından xəbər verir. Döyüş zamanı isə bu deyimdə "ayıq ol" ifadəsi qüvvədən düşə bilər. Raket artilleriya və kütləvi qırğın silahlarının, pilotsuz uçuş aparatlarının (PUA) və aviasiya bombardmanının intensivliyi döyüşün şiddətini artırır. Belə olduqda, inkişaf etmiş ölkələrin orduları da daxil olmaqla, bütün döyüş əməliyyatlarına cəlb edilmiş heyətdə psixoloji itkilərin olması təbii haldır. Lakin bu itkilər statistik olaraq döyüş növündən və düşmən qüvvələrdən asılı olaraq dəyişə bilər. Biz burada əsasən psixoloji itkilərə nəzər salmalıyıq. Psixoloji itkilərə təsir edən əsas amillər aşağıdakılardır:
- əsgərin təchizatı (qoruyucu gödəkcə, dəbilqə, fərdi təminat, silah);

- peşəkarlıq səviyyəsi;

- döyüş apardığı silah və texnika;

- döyüşə psixi və fiziki hazırlıq;

- döyüşün növü (hücum, müdafiə);

- döyüşün şəraiti (baş verdiyi coğrafiya, relyef);

- fərdin şəxsi keyfiyyətləri (temperamenti, psixotipi, dünyagörüşü və s.).
Yuxarıda qeyd etdiklərimizin doğru olduğunu anlamaq üçün 44 günlük Vətən müharibəsi, antiterror əməliyyatı da daxil olmaqla, postmüharibə dövründəki döyüşlərdə yerinə yetirilən tapşırıqların icra edilməsində şəxsi heyətin peşəkarlığını, şəxsi şücaətlərini xatırlamaq yetərlidir. Ordumuzun qazandığı qələbələri təhlil edərkən, faktlara nəzər yetirərkən bir daha aydın olur ki, həlledici, aparıcı qüvvə məhz insan faktoru, insan amilidir - hərbi qulluqçularımızdır. Burada həlledici amil isə yenə də döyüşçünün mənəvi-psixoloji durumuna, tərbiyəsinə söykənir.
Ali Baş Komandanımız ordu quruculuğu prosesində aparılan islahatlardan danışarkən daim hərbi vətənpərvərlik tərbiyəsinə böyük önəm vermiş, ideoloji-tərbiyəvi işin milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə istinad edilərək aparılmasının əhəmiyyətini xüsusi vurğulayıb. Bu tələblərdən irəli gələn tapşırıqların nəticəsidir ki, Azərbaycan Ordusunun uğurlarının təməlində duran vacib amillərdən biri məhz şəxsi heyətin ideoloji hazırlığının yüksək olması və hərbçilərimizin mənəvi-psixoloji cəhətdən güclü olmasıdır.
 Bu gün Azərbaycan əsgəri vətənpərvər, yüksək əxlaqa, mənəvi-psixoloji hazırlığa malik, ali milli-mənəvi dəyərlərlə silahlanmış gənclərdir. Mətin, iradəli hərbçilərimiz üzərinə düşən məsuliyyəti yetərincə düzgün dəyərləndirir, vətəndaşlıq borcuna və qarşıya qoyulan tapşırıqların icrasına şüurlu yanaşırlar.
Azərbaycan Ordusunda psixoloqların fəaliyyət sahəsinin genişləndirilməsi, mütəmadi olaraq onlarla yeni terapiyaların təlim və tədris edilməsi psixoloji işə dəstəyin bariz nümunəsidir. Uzun illər müharibə şəraitində yaşamış, torpaqları işğala məruz qalmış bir ölkə üçün ən vacib məqamlardan biri ordunun şəxsi heyətinin və ümumiyyətlə, vətəndaşların sağlam mənəvi-psixoloji duruma, ruh yüksəkliyinə, özünə inama və vətənpərvərlik hisslərinə malik olmasıdır. Əvvəlki illərdə olduğu kimi, bu gün də Azərbaycan cəmiyyətində və ordumuzda müsbət əhvali-ruhiyyə hökm sürür.
Azərbaycan Ordusunda aparılan ideoloji iş, mənəvi-psixoloji hazırlıq, şəxsi heyətdə yüksək əhvali-ruhiyyə və ruh yüksəkliyini təmin etməyə yönəldilən hərbi vətənpərvərlik tədbirlərinin bir məqsədi olub - 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı düşməndən azad edərək ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etmək. Artıq keçmişdə qalmış bir neçə tarixi məqam Azərbaycan Ordusunun döyüş hazırlığının, ruh yüksəkliyinin, qələbə əzminin, mənəvi-psixoloji durumunun və peşəkarlığının Ermənistan ordusundan qat-qat üstün olduğunu sübut edib.

Bu gün tam əminliklə deyə bilərik ki, azərbaycançılıq məfkurəsinə istinad olunaraq, milli-mənəvi dəyərlərə söykənərək və tarixi ənənələrdən qaynaqlanaraq həyata keçirilən vətənpərvərlik tərbiyəsi, ideoloji və psixoloji hazırlıq sayəsində ordumuz daha da güclü və qüdrətlidir. Dünyəvi dəyərlərlə və xalqın zəngin əxlaqi ənənələri ilə də silahlanan Azərbaycan əsgəri Vətəni qorumaq naminə döyüşdən, düşmənlə üz-üzə gəlməkdən çəkinmir və qarşıya qoyulan istənilən tapşırığı peşəkarlıqla, möhkəm əqidə və iradə ilə yerinə yetirməyə həmişə hazırdır. Vətən naminə, torpaqlarımızın müdafiəsi uğrunda canından-qanından keçməyə hazır olmaq ordumuzun hər bir mənsubu üçün şərəfdir və müqəddəs borc olaraq daima uca tutulacaq.

İsa İSMAYILOV
hərbi jurnalist,
Amil MƏHƏRRƏMOĞLU, hərbi psixoloq,