06 fevral 2026 17:48
127

Duzla bağlı SOS siqnalı: Gündə 5 qramdan çox istifadə ciddi risk yaradır

Daxili xəstəliklər və nefrologiya üzrə mütəxəssis, professor Şehmus Özmən bildirib ki, böyrək xəstələrinin qidalanması mütləq şəkildə nefroloq həkimin tövsiyəsi və təcrübəli dietoloq tərəfindən planlaşdırılmalıdır. Həkimlərin sözlərinə görə, böyrək xəstələri üçün düzgün qidalanma ən az dərman müalicəsi qədər mühüm əhəmiyyət daşıyır. Qidalanma qaydalarına yanlış əməl edildikdə isə ciddi sağlamlıq riskləri yarana bilər.

Professor Şehmus Özmən qeyd edib ki, nefroloq və dietoloqun birgə hazırladığı fərdi qidalanma planları xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, xəstələr maye qəbulu, duz və zülal istehlakı kimi əsas məsələlərdə düzgün yönləndirilmədikdə fəsadların yaranma riski artır.

Professor vurğulayıb ki, böyrək xəstələrinin qida rasionları xəstədən xəstəyə dəyişir: “Böyrək xəstələrinin ən çox verdikləri suallar necə qidalanmalı olduqları ilə bağlıdır. Ümumi tövsiyələr bəzən xəstələrin həyatını çətinləşdirir, hətta lazımsız məhdudiyyətlərə səbəb olur. Buna görə də nefroloq və təcrübəli dietoloq tərəfindən birlikdə hazırlanacaq fərdi plan onlar üçün həyati əhəmiyyət daşıyır.”

Su qəbulunun əhəmiyyətinə də toxunan mütəxəssis bildirib ki, hamı üçün keçərli olan sabit bir norma yoxdur: “Orta hesabla gündə 2-3 litr maye qəbulu kifayət hesab olunur. Böyrək daşı olan xəstələr üçün isə bu miqdar 4-5 litrə qədər arta bilər. Lakin ağır böyrək çatışmazlığı və ya ürək çatışmazlığından əziyyət çəkən şəxslərdə həddindən artıq maye qəbulunun zərərli nəticələri ola bilər.”

Şehmus Özmən duz istehlakının böyrək sağlamlığı baxımından kritik əhəmiyyət daşıdığını qeyd edərək, gündəlik tövsiyə olunan maksimum miqdarın 5 qram olduğunu bildirib. Onun sözlərinə görə, xüsusilə böyrək çatışmazlığı olan xəstələr duzdan istifadəyə ciddi nəzarət etməlidirlər: “Hazır qidalar, turşular, konservləşdirilmiş məhsullar və “fast food” kimi həddindən artıq duzlu qidalardan uzaq durmaq vacibdir. Zülallar orqanizmin təməl ehtiyaclarından biridir. Lakin yaşlılıqla yanaşı, xroniki xəstəlikləri olan böyrək xəstələrində zülal miqdarı düzgün tənzimlənilməsinə diqqət yetirilməlidir.”

Professor əlavə edib ki, böyrək xəstəliyi irəlilədikcə qidalanma ilə bağlı tələblər də dəyişir. Xəstəliyin müxtəlif mərhələlərində kalium və fosfor yığılması, turşu yükünün artması kimi problemlər yarana bilər. Bu halların düzgün idarə olunmaması yanlış pəhrizlə vəziyyəti daha da ağırlaşdıra bilər: “Bütün xəstələrə eyni pəhrizin tövsiyə edilməsi ən çox edilən səhvlərdəndir. Eyni pəhriz hər orqanizm üçün uyğun olmaya bilər. Bu yanaşma xəstəliyin irəliləməsinə və həyat keyfiyyətinin azalmasına səbəb ola bilər. Məsələn, xəstəliyin müəyyən ağır mərhələlərində tərəvəzlərin qaynadılaraq yeyilməsi lazım ola bilər, lakin bunu tətbiq etmək hər kəs üçün düzgün deyil.”

Mütəxəssis sonda vurğulayıb ki, xəstənin fərdi ehtiyacları, ağız dadı və digər xəstəlikləri də nəzərə alınaraq hazırlanan şəxsi qidalanma planı həm həyat keyfiyyətini yüksəldir, həm də ağırlaşma risklərini azaldır.

Şahnigar Əhmədova, “İki sahil”