11 fevral 2026 12:01
228

Kamran Bayramov: Azərbaycan-ABŞ yeni strateji tərəfdaşlığı  əməkdaşlığın genişlənməsinə xidmət edir

Son illərdə Azərbaycan beynəlxalq münasibətlər sistemində daha fəal və təşəbbüskar mövqe nümayiş etdirərək strateji əməkdaşlıqlarını genişləndirmək istiqamətində ardıcıl addımlar atır. Qlobal siyasi və iqtisadi proseslərin sürətlə dəyişdiyi bir dövrdə böyük dövlətlərlə qurulan institusional tərəfdaşlıqlar ölkənin milli maraqlarının qorunması və uzunmüddətli inkişaf strategiyasının təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Məhz bu kontekstdə fevralın 10-da  Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə nümayiş etdirir.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, bu sənəd siyasi, iqtisadi və təhlükəsizlik baxımından ölkəmiz üçün olduqca mühüm əhəmiyyət daşıyır. Sənədə əsasən, tərəflər müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər. Bu, müdafiə sənayesi məhsullarının satışı, hərbi-texniki sahədə təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi kimi istiqamətləri əhatə edir. Belə əməkdaşlıq Azərbaycanın müdafiə qabiliyyətinin daha da gücləndirilməsinə, silahlı qüvvələrin modernləşdirilməsinə və regional təhlükəsizlik mühitində mövqeyinin möhkəmlənməsinə xidmət edəcək.  Bununla yanaşı, Azərbaycan və ABŞ terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq mövcud antiterror əməkdaşlığını genişləndirməyi planlaşdırırlar. Kəşfiyyat məlumatlarının mübadiləsi, qabaqlayıcı tədbirlərin gücləndirilməsi və beynəlxalq təhlükəsizlik təşəbbüslərində koordinasiyalı fəaliyyət bu istiqamətdə əsas prioritetlərdən olacaq. Sənəddə kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqların artırılması da xüsusi yer tutur. Rəqəmsallaşmanın sürətlə artdığı bir dövrdə kibertəhdidlərin qarşısının alınması, enerji və nəqliyyat kimi strateji sahələrin qorunması üzrə əməkdaşlıq ölkənin milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, tərəflər Azərbaycanın mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq humanitar minatəmizlənmə sahəsində əməkdaşlıq etməyi planlaşdırırlar. Bu çərçivədə maliyyə dəstəyi, qabaqcıl texnologiyaların ötürülməsi və mütəxəssislərin hazırlanması vasitəsilə potensialın artırılması nəzərdə tutulur. Bu istiqamətdə atılacaq addımlar işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunmasına, məcburi köçkünlərin qayıdışının sürətləndirilməsinə və dayanıqlı bərpa prosesinə mühüm töhfə verəcək. 
Deputat diqqətə çatdırıb ki, Strateji Tərəfdaşlıq Xartiyası yalnız təhlükəsizlik sahəsini deyil, həm də regional iqtisadi və nəqliyyat inteqrasiyasını əhatə edən mühüm istiqamətləri özündə birləşdirir. Sənədə əsasən, Azərbaycan və ABŞ Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək regional bağlantıların gücləndirilməsi üçün birgə fəaliyyət göstərmək niyyətindədirlər. Bu əməkdaşlıq quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafını, enerji və data bağlantısının genişləndirilməsini, ticarət və tranzitin asanlaşdırılmasını, gömrük nəzarəti və sərhəd keçidi prosedurlarının təkmilləşdirilməsini, eləcə də beynəlxalq multimodal logistika sahəsində əlaqələrin dərinləşdirilməsini əhatə edir. Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən strateji marşrut kimi Azərbaycanın tranzit potensialını daha da artırır və ölkəmizin qlobal ticarət sistemində rolunu möhkəmləndirir. ABŞ ilə bu istiqamətdə əməkdaşlıq isə dəhlizin rəqabət qabiliyyətinin yüksəlməsinə, investisiya imkanlarının genişlənməsinə və regionda iqtisadi dinamikanın artmasına töhfə verə bilər. İmzalanma mərasimində mətbuata bəyanatla çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev sənədin əhəmiyyətini xüsusi vurğulamışdır. Dövlət başçısı qeyd etmişdir: “Biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına çox minnətdarıq. Bu gün Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması mərasimi çox ürəkdən aparılmış işin nəticəsidir”. Bu bəyanat iki ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin formalaşdığını və yeni mərhələyə keçdiyini göstərir.
Deputat diqqətə çatdırıb ki, səsləndirilən fikirlər və imzalanmış sənədin müddəaları göstərir ki, Azərbaycan-ABŞ münasibətləri artıq strateji məzmun daşıyan, uzunmüddətli hədəflərə hesablanmış əməkdaşlıq platformasına çevrilir. Dövlət başçısı bu prosesi yüksək qiymətləndirərək bildirmişdir: “Bizim üçün böyük şərəfdir ki, strateji tərəfdaşlığımızı dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş Ştatları ilə qururuq”. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu və ABŞ ilə münasibətlərə verilən xüsusi önəmi aydın şəkildə nümayiş etdirir. İmzalanmış sənəddə, həmçinin Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq, iştirakçı ölkələrə qarşılıqlı fayda təmin edən beynəlxalq və ölkədaxili bağlantıların təşviqi məsələsi öz əksini tapmışdır. Bu kontekstdə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyəti qəbul olunur. Bu təşəbbüs təkcə ölkədaxili inteqrasiyanı möhkəmləndirmir, eyni zamanda regionun logistika xəritəsində yeni iqtisadi dinamika yaradır.
Bakıda keçirilən görüşlər və imzalanma mərasimindən sonra mətbuata birgə bəyanatla çıxış edən Prezident İlham Əliyev qeyd etmişdir ki, bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. Dövlət başçısı vurğulamışdır: “Hörmətli qonaqla imzaladığımız sənəddə bizim əməkdaşlığımızın müxtəlif istiqamətləri var. Biz, həmçinin təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcək, antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik. Biz, həmçinin enerji təhlükəsizliyi ilə bağlı məsələlərdə işbirliyi quracağıq. Hazırda Azərbaycan öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir, onlardan 11-i NATO-nun üzvləridir və ABŞ-ın müttəfiqləridir”. Bu fikirlər Azərbaycanın həm regional təhlükəsizlik, həm də qlobal enerji təhlükəsizliyi sistemində artan rolunu göstərməklə yanaşı, ABŞ ilə strateji tərəfdaşlığın çoxşaxəli və perspektivli xarakter daşıdığını bir daha təsdiqləyir. 
K.Bayramov əlavə edib ki, səfər çərçivəsində səsləndirilən bəyanatlar iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını və gələcək əməkdaşlığın daha geniş miqyas alacağını nümayiş etdirir. Öz növbəsində ABŞ-ın vitse-prezidenti Cey. Di. Vens bildirib ki, Azərbaycanla ABŞ arasında yeni səhifələr açılır və bu gün onlar dostluğa görə Azərbaycana təşəkkür etmək üçün Bakıya gəliblər. O qeyd edib ki, “Prezident Donald Tramp və Prezident İlham Əliyevin sayəsində əlaqələrimiz çox inkişaf edəcək”. Bu fikirlər Vaşinqtonun Azərbaycanla münasibətlərə uzunmüddətli və perspektivli tərəfdaşlıq prizmasından yanaşdığını göstərir.
Qeyd edilməlidir ki, ötən il avqustun 8-də əsası qoyulan və Asiya ilə Avropanı birləşdirəcək mühüm logistika təşəbbüsü kimi nəzərdə tutulan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) reallaşması Azərbaycanın regional və qlobal mövqelərini daha da möhkəmləndirəcək. Dünyanın ən güclü dövlətinin bu layihədə iştirakı Azərbaycanla Ermənistan arasında sülhün təmin olunmasına əlavə beynəlxalq zəmanət yaradır və hər iki ölkənin müstəqilliyi və təhlükəsizliyi baxımından mühüm siyasi faktor kimi çıxış edir. Bu marşrut regionda iqtisadi inteqrasiyanı dərinləşdirməklə yanaşı, geosiyasi sabitliyə də xidmət edə bilər.
Strateji Tərəfdaşlıq Xartiyası eyni zamanda yüksək texnologiyalar və innovasiya sahələrini də əhatə edir. Sənəddə süni intellekt mərkəzlərinin yaradılması, Azərbaycanın su təminatının gücləndirilməsi, hərbi sənaye avadanlıqlarının satışı və digər mühüm iqtisadi layihələr üzrə əməkdaşlıq nəzərdə tutulur. Bu istiqamətlər ölkənin texnoloji modernləşməsini sürətləndirə, sənaye potensialını artıraraq iqtisadi dayanıqlığını möhkəmləndirə bilər. Vitse-prezident Vensin Tramp administrasiyasının Türkiyə və İsraillə yaxşı münasibətlərə malik olduğunu xüsusi vurğulaması da diqqət çəkir. Bu məqam göstərir ki, ABŞ administrasiyası Azərbaycan-Ermənistan sülh prosesinə yalnız regional çərçivədə deyil, daha geniş geosiyasi müstəvidə, Avroatlantik inteqrasiyanın və təhlükəsizlik sisteminin bir hissəsi kimi yanaşır. Beləliklə, imzalanmış Xartiya təkcə ikitərəfli münasibətlərin inkişafını deyil, həm də Cənubi Qafqazın gələcək siyasi və iqtisadi konfiqurasiyasını müəyyənləşdirə biləcək strateji sənəd kimi çıxış edir.