11 fevral 2026 14:55
159

Bakıdan başlayan yeni dövr: Avrasiyanın gələcəyi yenidən yazılır

“Müasir beynəlxalq münasibətlər sistemi dərin geosiyasi rəqabət, enerji və logistika böhranları, texnoloji inqilab və iqlim dəyişiklikləri ilə xarakterizə olunur. Belə mürəkkəb mühitdə dövlətlərin uğuru yalnız riskləri idarə etməkdən deyil, onları imkanlara çevirmək bacarığından asılıdır. Azərbaycanın son illərdə əldə etdiyi nəticələr Prezident İlham Əliyevin uzaqgörən və konkret hədəflərə yönəlmiş siyasətinin məhz bu məntiqə söykəndiyini göstərir”.

“İki sahil” xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Deputat deyib ki, region ətrafında davam edən müharibələr, siyasi gərginliklər və iqtisadi qeyri-müəyyənlik fonunda Cənubi Qafqazın getdikcə sabitlik və əməkdaşlıq məkanına çevrilməsi yeni geosiyasi reallığın yaranmasından xəbər verir: “Bu transformasiyanın əsas səbəblərindən biri Bakının təşəbbüskarlığıdır. Azərbaycanın yanaşması geosiyasi riskləri iqtisadi və logistika layihələri ilə balanslaşdırmaq,regional əməkdaşlıq gündəliyi yaratmaq,sülh prosesini iqtisadi inteqrasiya ilə paralellik aparmaqdır. Bu model regionun qarşıdurma məkanından əməkdaşlıq platformasına transformasiyasını sürətləndirir”.

O əlavə edib ki, Prezident İlham Əliyevin siyasətinin əsas xətti gələcəyin iqtisadi modelinə keçiddir: “Bu model klassik enerji ixracından daha geniş strateji vizyonunu əhatə edir ki, nəticədə Azərbaycanın enerji ölkəsindən enerji və texnologiya qovşağına çevrilməsi deməkdir. ABŞ vitse-prezidenti C.D. Vensin səfəri və Strateji Tərəfdaşlıq Xartiyasında yer alan iqtisadi və texnoloji maddələr Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlandığını göstərir”.

Deputat əlavə edib ki, Azərbaycanın strateji hədəfi Cənubi Qafqazı sabitlik və əməkdaşlıq qovşağına çevirməkdir. Bu məqsədə xidmət edən əsas layihələr isə Zəngəzur dəhlizi, TRIPP və Orta Dəhliz layihələri, regional nəqliyyat və enerji inteqrasiyasıdır. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi sabitliyin təminatçısı kimi çıxış edir. Ermənistanla sülh prosesinin təşviqi və blokadaların açılması istiqamətində atılan addımlar regionda uzunmüddətli təhlükəsizlik sisteminin formalaşmasına xidmət edir. Bu prosesin əsas məqsədi qarşıdurma mühitini iqtisadi əməkdaşlıq mühitinə çevirməkdir. Yeni geosiyasi reallıq Azərbaycanın beynəlxalq sistemdə rolunu genişləndirir. Ölkə Avrasiyanın logistika və enerji qovşağına çevrilir, regional əməkdaşlıq platformasının təşəbbüskarı kimi çıxış edir, orta güc və yumşaq güc imkanlarını artırır. Bu tendensiya digər güclərin də regionda siyasətlərini Bakının təşəbbüslərinə uyğunlaşdırmasına gətirib çıxarır”.

Deputat hesab edir ki, bu da yeni reallıqların formalaşmasına səbəb olacaq: “Prezident İlham Əliyevin yürüdüyü siyasət Azərbaycanın gələcək inkişaf trayektoriyasını müəyyən edir. Bu strategiya nəticəsində Cənubi Qafqaz sabitlik məkanına çevrilir, Azərbaycan Avrasiyada geosiyasi çəkisini artırır, iqtisadiyyat texnoloji transformasiya mərhələsinə keçir. Beləliklə, qlobal çağırışlara çevik reaksiya verən strateji kurs Azərbaycanın daha güclü və rifah dövlətinə çevrilməsi üçün yeni imkanlar yaradır və regionda əməkdaşlıq mərkəzinin formalaşmasını sürətləndirir”.