Azərbaycan müstəqil, milli maraqlara əsaslanan, paraqmatik xarici siyasəti sayəsində qardaş Türkiyə Cümhuriyyəti, Mərkəzi Asiya və Avropa ölkələri, ABŞ ilə əlaqələri qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsipləri əsasında getdikcə möhkəmləndirir. Bu fonda Bakı ilə Vaşinqton arasında münasibətlər demək olar ki, yeni mərhələyə qədəm qoyur. Fevralın 10-da Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzanlanması bunun bariz göstəricisidir.
2025-ci ilin ilk 11 ayında ABŞ ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 1 milyard 365 milyon dollar olub. Həmin müddətdə Azərbaycan Birləşmiş Ştatlara 54 milyon 491 min dollarlıq qeyri neft-qaz məhsulları ixrac edib.
Prezident İlham Əliyev ABŞ-ın Vitse-Prezidenti Ceymis Devid Vens ilə mətbuata birgə bəyanatında bildirib ki, altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və bu Xartiyanın tərtib edilməsi ilə bağlı işçi qrupunun yaradılması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaradıb: “Bizim üçün böyük şərəfdir ki, strateji tərəfdaşlığımızı dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş ştatları ilə qururuq. Hörmətli qonaqla imzaladığımız sənəddə bizim əməkdaşlığımızın müxtəlif istiqamətləri var. Biz, həmçinin təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcək, antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik. Biz, həmçinin enerji təhlükəsi ilə bağlı məsələlərdə işbirliyi quracağıq. Hazırda Azərbaycan öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir, onlardan 11-i NATO-nun üzvləridir və ABŞ- ın müttəfiqləridir”.
ABŞ-ın Vitse-prezidenti Ceymis Devid Vens Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib ki, burada-Azərbaycanda danışmaq və elan etmək üçün çox məsələlər var: “Düşünürəm ki, Prezident Trampın və Prezident Əliyevin rəhbərliyi ilə daha güclü və daha yaxşı münasibətlər qurulacaq”.
Siyasi təhlilçilərə görə, ABŞ Vitse-prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin son illərdə dinamik şəkildə inkişaf etdiyini göstərən mühüm siyasi hadisədir. Bu səfər, ilk növbədə,iki Vaşinqtonla Bakı arasında qarşılıqlı etimadın artırılmasına və regional məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
Vitse-prezident Cey. Di. Vensin Bakıya səfəri həqiqətən strateji baxımdan vacibdir ABŞ-ın Saratoqa Fondunun prezidenti Qlen Hovard bildirib ki, Vitse-prezident Ceymis Devid Vensin Bakıya səfəri həqiqətən strateji baxımdan vacibdir. Onun sözlərinə görə, səfər Azərbaycanın ABŞ-dakı mövqeyinin dəyişdiyini, münasibətlərin əlaqələrdən strateji tərəfdaşlığa keçdiyini göstərir. “Bu isə ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi üçün çox vacibdir. ABŞ Azərbaycana bərabərhüquqlu dövlət kimi yanaşır və buna görə də artıq Ermənistanla münasibətlərə prioritet vermir, əksinə, Azərbaycanı əvvəlkindən daha yüksək səviyyəyə qoyur. Beləliklə, ABŞ artıq Azərbaycana yanaşmasında balanslıdır. Bu, həmçinin göstərir ki, TRIPP dəhlizinin gələcəyi də Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi üçün vacibdir”,- deyə ekspert əlavə edib. Hovard bildirib ki, ABŞ-ın indi Azərbaycana bərabərhüquqlu tərəfdaş kimi yanaşması Azərbaycan üçün çox vacibdir və iki ölkənin gələcəyinə böyük perspektivlər açır.
Təbii ki, bu səfər zamanı imzalanan Xartiya ABŞ ilə Azərbaycan arasında münasibətlərdə yeni səhifənin açılmasına dəlalət edir. Eksertlərin bildirdikləri kimi, Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar və süni intellekt və rəqəmsal infrastrukturu ehtiva edən iqtisadi sərmayə istiqamətində də inkişaf etdiriləcək. Bakı Vaşinqtonla təhlükəsizlik, süni intellekt, terrorizmə qarşı mübarizə, nəqliyyat-lokistika, enerji sahələrində, innovativ tibbi texnologiyaların tətbiqi, əczaçılıq sənayesində əməkdaşlığı bundan sonra da davam etdirəcək.
Zahid Rza, “İki sahil”
Cey.Di.Vensin Bakıya səfəri: Azərbaycan- Amerika münasibətlərində yeni perspektivlər
Regional sabitlikdən qlobal təhlükəsizliyə: Azərbaycan–ABŞ strateji tərəfdaşlığının yeni konsepsiyası
Tərəfdaşlıq Xartiyası Azərbaycanın regional və qlobal mövqeyini daha da gücləndirəcək