12 fevral 2026 11:16
106

Tərəfdaşlıq Xartiyası Azərbaycanın regional və qlobal mövqeyini daha da gücləndirəcək

Fevralın 10-da daha bir tarixi hadisənin şahidi olduq. Belə ki, Bakıda  Prezident İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens tərəfindən hər iki ölkənin hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalandı. Bu mötəbər sənəd siyasi, iqtisadi və təhlükəsizlik baxımından ölkəmiz üçün olduqca mühüm əhəmiyyətə malikdir. Sözügedən sənədə istinadən  tərəflər müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatəsini genişləndirmək niyyətindədirlər.

Bundan başqa, kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqların artırılması üzrə əməkdaşlıq nəzərdə tutulur. Xüsusilə, ABŞ Azərbaycanın mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, humanitar minatəmizlənmə sahəsində maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə potensialın artırılmasında əməkdaşlıq etmək istəyindədir. Xartiyaya görə, Azərbaycan və ABŞ Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək iddiasındadırlar.

Prezidenti İlham Əliyev bu barədə deyib: «Biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına çox minnətdarıq. Bu gün Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması mərasimi çox ürəkdən aparılmış işin nəticəsidir».

Həmçinin qeyd edilib ki, altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və bu Xartiyanın tərtib edilməsi ilə bağlı işçi qrupunun yaradılması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. Xartiyada  qeyd edilib ki, tərəflər Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və ölkədaxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi «Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu»nun (TRIPP) əhəmiyyətini  yüksək dəyərləndirirlər.

S.zügedən sənədin imzalanması mərasimində mətbuata birgə bəyanatda Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur: «Hörmətli qonaqla imzaladığımız sənəddə bizim əməkdaşlığımızın müxtəlif istiqamətləri var. Biz, həmçinin təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcək, antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik. Biz, həmçinin enerji təhlükəsi ilə bağlı məsələlərdə işbirliyi quracağıq. Hazırda Azərbaycan öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir, onlardan 11-i NATO-nun üzvləridir və ABŞ-ın müttəfiqləridir».

Prezident İlham Əliyev çıxışında TRIIP dəhlizinin səmərəliliyi barədə danışıb. Bildirib ki, bu marşrut nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, eyni zamanda, çox etibarlı, təhlükəsiz qaydada böyük daşımalar dəhlizinə çevriləcək. O, Azərbaycan ərazisi, Ermənistan vasitəsilə Asiyanı Avropa ilə birləşdirəcək və digər qonşular da burada iştirak edəcəklər.

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens  isə öz çıxışında bildirib ki,  Azərbaycanla ABŞ arasında yeni səhifələr açılır. Bu gün biz dostluğuna görə Azərbaycana təşəkkür etmək üçün buradayıq. Vens əlavə edib ki, «Prezident Donald Tramp və Prezident İlham Əliyevin sayəsində əlaqələrimiz çox inkişaf edəcək».

Bu mötəbər sənəddə süni intellekt mərkəzlərinin yaradılması, Azərbaycanın su təminatının gücləndirilməsi, hərbi sənaye avadanlıqlarının satışı, eləcə də digər mühüm iqtisadi layihələri əhatə edir. Bu amillər Azərbaycanın regional və qlobal mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək.

İsmayıl İbrahimov,
 YAP Hacıqabul rayon təşkilatının sədri