12 fevral 2026 17:07
155

Azərbaycan beynəlxalq mövqelərini daha da gücləndirir

ABŞ üçün Azərbaycan Cənubi Qafqazda təhlükəsizlik baxımından etibarlı və məsuliyyətli tərəfdaş kimi xüsusi əhəmiyyətə malikdir.   Bu ölkənin vitse-prezidenti Cey Di Vensin ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir. Bu səfər təkcə diplomatik protokol çərçivəsində qiymətləndirilə bilməz; o, ABŞ–Azərbaycan münasibətlərinin yeni, daha praqmatik və strateji mərhələyə qədəm qoyduğunu təsdiqləyən mühüm siyasi hadisədir. İki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası isə müxtəlif istiqamətləri əhatə edir. Bakı ilə Vaşinqton əlaqələri artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu ikitərəfli münasibətlərin transformasiyasında mühüm mərhələ olmaqla yanaşı, Cənubi Qafqazda gedən daha dərin geosiyasi proseslərin də göstəricisidir. Ötən ilin avqustunda Vaşinqtonda dövlət başçılarının iradəsi sayəsində münasibətlərin daha dinamik inkişafına zəmin yaranıb. Bu Xartiya ikitərəfli əməkdaşlığı dərinləşdirməklə yanaşı, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.  Azərbaycan tərəfdaşlıq formatına “kiçik iştirakçı” qismində deyil, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, regional sabitlik və postmünaqişə dövrünün bərpası kimi sahələrdə gündəlik formalaşdıra bilən dövlət kimi daxil olur.  Xartiya Cənubi Qafqazın yenidən formatlaşdığı bir mərhələdə ortaya çıxır. Ayrı-ayrı güc mərkəzlərinin dominantlığına əsaslanan köhnə təsir mexanizmləri tədricən effektivliyini itirir. Region çoxvektorlu əməkdaşlıq məkanına çevrilir və burada praqmatik tərəfdaşlıqlar, iqtisadi qarşılıqlı asılılıq və infrastruktur bağlantıları getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə ABŞ-ın regionda fəallaşması qarşıdurma xarakteri daşımır — bu proses Azərbaycanın xarici əlaqələrinin şaxələndirilməsi strategiyasının tərkib hissəsidir.

Rəsmi Bakı dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatlarının Qafqazda sülhə verdiyi töhfəni yüksək qiymətləndirir. Cənab Prezidentin də söylədiyi kimi, “Tramp–Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir.” Beləliklə, Bakı və Vaşinqton davamlı sülhün təmininə töhfə vermək öhdəliklərini təsdiqlədi. Təsadüfi deyil ki, Cey Di Vens də hazırda sülh sazişi baxımından Prezident Əliyevə xüsusi təşəkkür etdi. Tərəflər həmçinin müdafiə məhsullarının satışı sahəsində perspektivli əməkdaşlığa başlayır. Eyni zamanda, süni intellekt mərkəzlərinin yaradılması da ikitərəfli gündəliyin bir hissəsidir. Dövlət başçımız bəyan etdi ki, Amerikanın aparıcı şirkətləri ilə işbirliyi qurulub və artıq ilkin nəticələr var. Həmçinin kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantıları, ticarət və tranzitin asanlaşdırılması və digər əlaqəli sahələrdə əməkdaşlıq niyyəti də Xartiyada qeyd olunub. Bu çərçivədə həmçinin enerji və nəqliyyat sektorlarına, eləcə də rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrinin cəlb olunması, mülki nüvə sahəsində, eləcə də nadir mineralların qlobal bazarlara tranziti sahəsində əməkdaşlıq kimi məsələlər də yer alıb.

Kibertəhlükəsizlik və süni intellekt sahəsində birgə Tədqiqat və İnkişaf dəstək alətləri, innovasiya platformaları kimi mexanizmlərin yaradılması istiqamətində əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi, Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat xətlərinin kəsişməsində mühüm tranzit qovşağına çevrilməsi ABŞ üçün regionda alternativ və etibarlı marşrutların formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Bu kontekstdə TRIPP yolunun açılması regional ticarətin canlanmasına, iqtisadi inteqrasiyanın dərinləşməsinə və Cənubi Qafqazın geoiqtisadi rolunun artmasına mühüm töhfə verəcək.

Hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq da ikitərəfli münasibətlərin vacib istiqamətlərindən biridir. Müdafiə sahəsində siyasi dialoq, təhlükəsizlik risklərinə qarşı birgə yanaşmalar, sülhməramlı təşəbbüslər və hərbi əməkdaşlıq mexanizmləri regional sabitliyin möhkəmləndirilməsinə xidmət edir. ABŞ üçün Azərbaycan Cənubi Qafqazda təhlükəsizlik baxımından etibarlı və məsuliyyətli tərəfdaş kimi xüsusi əhəmiyyətə malikdir.

Xartiyanın imzalanması Azərbaycanın beynəlxalq mövqelərini daha geniş mənada da gücləndirir. Bu addım Bakının Qərb, türk dünyası, ərəb ölkələri və Asiya tərəfdaşları ilə paralel şəkildə balanslaşdırılmış münasibətlər qurmaq qabiliyyətini nümayiş etdirir. Belə yanaşma çoxvektorlu diplomatiyaya sadiqliyi təsdiqləyir və Azərbaycanın müxtəlif geosiyasi məkanlar arasında əlaqələndirici rolunu möhkəmləndirir.Bu prosesin regional nəticələri də diqqətəlayiqdir.

Ümumilikdə, Ceyms Devid Vensin Azərbaycana səfəri ABŞ–Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu səfər qarşılıqlı siyasi etimadı daha da möhkəmləndirməklə yanaşı, gələcəkdə daha genişmiqyaslı əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri