Fevralın 13-də Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Masallı Heydər Əliyev Mərkəzində “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Heydər Əliyev dühası Azərbaycanın tarixi zəfərə gedən yoluna işıq saçan günəşdir” mövzusunda növbəti seminarı keçirilib.
“İki sahil” xəbər verir ki, seminarda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizin yaşadığı bu tarixi günləri uzaqgörənliklə hiss edərək demişdi: “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq”. Artıq əminliklə vurğulamaq olar ki, dahi şəxsiyyətin ruhu şaddır. Çünki onun bu arzusu həqiqətə çevrilib.
Seyfəddin Əliyev qeyd etdi ki, Heydər Əliyevin 1969-cu ildə ilk dəfə Azərbaycana rəhbərlik etdiyi dövr respublikanın sosial, iqtisadi və mədəni inkişafında əvvəllər görünməyən sıçrayışlarla, ən başlıcası isə xalqın mənəvi intibahı, oyanışı, milli özünüdərk prosesləri ilə xarakterizə olunurdu. Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycan keçmiş SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrilmişdi. Ölkədə bütün sahələrin, o cümlədən sənaye, kənd təsərrüfatı, şəhərsalmanın inkişafı, mədəniyyət və s. inkişafı diqqət mərkəzində saxlanılırdı. Kommunist ideologiyasının hökm sürdüyü bir dövrdə Heydər Əliyev Azərbaycan xalqının milli özünüdərk və tarixi yaddaşının qorunması yolunda əzmlə çalışırdı. Dahi şəxsiyyət hələ o zaman müstəqil Azərbaycanın konturlarını cızarkən ölkə gənclərinin hərb sahəsində peşəkar kadr kimi yetişdirilməsi üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail olub. Həmin gənclər daha sonra Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın ordu quruculuğunda mühüm rol oynadılar.
Seyfəddin Əliyev çıxışında vurğuladı ki, əzəli torpaqlarımızın işğaldan azad olunması ilə başa çatan möhtəşəm zəfərdə Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi, əsas rolu Azərbaycan gəncləri oynayıblar. Vətənpərvər gənclərimiz torpaqlarımızı canları və qanları bahasına işğaldan azad edərək adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıblar. Gənclərin vətənpərvər, azərbaycançılıq ideologiyasına sadiq yetişdirilməsində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti müstəsna əhəmiyyətə malikdir. Vətən müharibəsi Ümummilli Liderin siyasətinin ardıcıl davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda vətənpərvər gənc nəslin yetişdiyini bir daha sübut etdi. Müharibədə tarixi qələbə birmənalı olaraq Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin, o cümlədən dövlət gənclər siyasətinin təntənəsidir. Ümummilli lider Heydər Əliyevin yürütdüyü gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi öz parlaq, perspektiv vəd edən dövrünü yaşayır. Hazırda isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gəncləri dövlətimizin başçısının ətrafında sıx birləşməklə Ümummilli Liderin əsasını qoyduğu uğurlu siyasəti fəal dəstəkləyirlər.
Masallı Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva məruzə ilə çıxış edərək qeyd etdi ki, Ümummilli lider fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Azərbaycanın görkəmli şəxsiyyətləri, xalq üçün danılmaz xidmətlər göstərmiş öncülləri çox olmuşdur. Fəxrlə deyim ki, tarix boyu Azərbaycanın dövlət xadimlərindən yalnız unudulmaz rəhbər, görkəmli dövlət xadimi və dünya miqyaslı siyasətçi Heydər Əliyev ümummilli lider səviyyəsinə yüksəlmişdir. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milyonların məhəbbətini qazanan öndər kimi qalmışdır. O, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz ən böyük azərbaycanlı idi.
Seminarda iştirak edən Şəfa Xəlilova, Aynur Mircavadova və başqaları dövlətimizin keçdiyi çətin müstəqillik yolundan bəhs edərək, ulu öndərin əbədi dövlətçilik yolundan, müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səylərindən danışıblar.
Azərbaycan Universitetinin əməkdaşlarının layihəsi qrant müsabiqəsinin qalibi olub
DYP aeroport yolunda yaranacaq məhdudiyyətlərə görə hərəkət iştirakçılarına təkrar müraciət edib