13 fevral 2026 12:30
172

Mənim övlada olan sevgim ŞAGİRDLƏRİMDƏN BAŞLAYIB - MÜSAHİBƏ

Budəfəki həmsöhbətimiz uzun illər boyu şagirdlərinə sevgi ilə yanaşan, innovativ tədris metodları və beynəlxalq təcrübəsi ilə seçilən Bakının Sabunçu rayonundakı Elxan Misirxanov adına 71 nömrəli tam orta məktəbin ingilis dili müəllimi İlahə Quliyevadır. Onunla müsahibəmizdə müəllimlik peşəsinin incəlikləri, müasir təhsilin çağırışları, beynəlxalq təcrübənin gətirdiyi yeniliklər və illərin süzgəcindən keçən xatirələrdən bəhs olunur.

Müsahibəyə keçid almadan öncə  qeyd edək ki, İlahə Quliyeva 2004-cü ildən bu günə qədər 71 nömrəli tam orta məktəbin ingilis dili müəllimidir. O, bir çox beynəlxalq və yerli layihələrdə qurucu və spiker kimi iştirak etmiş, sertifikat və diplomlar qazanmışdır. Həmçinin 2018–2019-cu illərdə ABŞ-ın Bakıdakı Konsulluğunda MOOC LEADER və fasilitator kimi çalışmış, regionlarda təlimlər aparmışdır.

2019–2020-ci illərdə Amerika səfirliyinin “Fulbright TEA MEDIA LITERACY” mübadilə proqramının qalibi olaraq ABŞ-ın Ohayo ştatında Kent Dövlət Universitetində təhsil almış və vətənə diplom və sertifikatlarla qayıtmışdır. Təhsil sektorunda təlimçi kimi fəaliyyətini davam etdirmişdir.

2022–2023-cü illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi bir illik “Training for Trainers” beynəlxalq layihəsinin iştirakçısı olaraq region gəncləri üçün “Beynəlxalq Təhsil” və “Yumuşaq Bacarıqlar” mövzusunda təlimlər keçmiş, yekun qiymətləndirmə üçün Fransanın Strasburq şəhərində Avropa Konsulluğunun təlim bazasında sertifikatla təltif edilmişdir.

2020-ci ildən bu günə qədər Elm və Təhsil Nazirliyi və Təhsildə İnformasiyalaşdırma İdarəsində Avropa Şurasının fasiləsiz təhsil proqramı – “eTwinning” layihəsinin səfiridir.

2024-cü ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Yaradıcı müəllim: yaradıcı tətbiqetmə” mövzusunda təqdimat müsabiqəsində “Süni zəkanın xarici dil tədrisində rolu” təqdimatı ilə III yerə layiq görülmüş, bu il isə “Yaradıcı müəllim: davamlı nəticə” müsabiqəsində “Səsləndirmə, dublyaj – ingilis dili danışığında produktiv və dinamik inkişaf” mövzusu ilə I yerə layiq görülmüşdür.

-Bu peşəni seçməyinizə nə səbəb oldu və illər ərzində sizi bu sahədə saxlayan əsas motivasiya nədir?

-Bir çox dövlət qurumlarında tərcüməçi fəaliyyətim vardı , ailə qurduqdan sonra böyüklərin məsləhəti ilə müəllim kimi çalışmaq qərara gəldim. İlk dərsimi heç vaxt unutmaram. Uşaqlara, onların səmimi və saf sevgisinə heyran qalmışdım…

-Sizcə, yaxşı müəllim necə olmalıdır? Müasir müəllimi fərqləndirən əsas keyfiyyətlər hansılardır?

-Yaxşı müəllim - əsl insani keyfiyyətlərə malik olan pedaqoq,psixoloq,fasilitator olmalıdır. Bu peşənin başlanğıc amili sevgidir ən əsas da uşaqlara olan sevgi. Bu sevgiyə inandırdığınız gündən  onların sizə etibarı, bağlantısı, inamı başlayır.

Müəllim mütləq “sinfin idarə olunması “,”komanda işi”,”hisslərin mübadiləsi “,  “effektiv ünsiyyət “ ,”problem həll etmə” və “yaradıcılıq” səriştələrinə sahib olmalıdır. Müasir müəllim isə daim axtarışda olan insan protatipidir.

- Müəllimlik peşəsinin ən böyük çətinlikləri nələrdir?

-Müəllimlik bütün peşələr kimi məsuliyyət tələb edir. Lakin digər peşələrdən fərqli olaraq bəlli zaman çərçivəsinə sığmır. Növbəti günün dərslərinə tam hazır olmaq üçün bir müəllim 24 saat yeni ideyaların axtarışında olmalıdır. Müasir təhsilalanları təəccübləndirmək müasir müəllimlərin ən böyük çətinliyidir.

-Uzunmüddətli pedaqoji fəaliyyətiniz dövründə Azərbaycan təhsil sistemində hansı əsas dəyişiklikləri və yenilikləri müşahidə etmisiniz?

-23 illik iş fəaliyyətimdə şahid olduğum və məmnun qaldığım əsas dəyişiklik təhsil sisteminin idarə edilməsinin elektronlaşdırılmasıdır.Artıq işimizin əksər hissəsini kağız üzərində deyil, müəllim və şagirdlər üçün yaradılmış Rəqəmsal Məktəb platforması üzərində aparırıq.Qiymətlərin avtomatik hesablanması,qaiblərin çıxarılması,şagirdlərin gündəlik tapşırıqlarının qeyd edilməsi prosesi zamana qənaət etməyə imkan verir .

-Beynəlxalq proqram və layihələrdə qazandığınız təcrübə pedaqoji fəaliyyətinizə necə təsir göstərib?

-Bir çox beynəlxalq layihə, konfrans,forum və müsabiqələrin iştirakçısı olmuşam. İstənilən layihə fəal iştirak və təcrübə qazandırdı mənə.Bu isə yeni qazanılmış bacarıqlar, innovativ tədris üsulları deməkdir.Tədris metodları yenilənir, texnalogiyalar inkişaf edir, artıq süni zəka dövründə ənənəvi dərs metodları qənaətbəxş hesab edilmir. Şagirdlər durmadan informasiya axtarışındadırlar,bu nəsli yeni yaradıcı üsullarla təəccübləndirmək lazımdır. Xaricdə keçdiyim mübadilə proqramlarından mənimsəyib istifadə etdiyim ən əsas üsul texnologiya ,web 2 və web 3 alətlərin tədris prosesində fəal istifadəsi olmuşdur.

-Əgər müəllim olmasaydınız, hansı sahədə fəaliyyət göstərmək istərdiniz və niyə?

-Çox ehtimal ki, rəssam -heykəltəraş olardım.İncəsənəti çox sevirəm. Məncə, müəllimlik də bir yaradıcılıq və incəsənətdir. Şagirdlərin qəlbinə yol salmaq, orada daim var olub motivasiya mənbəyi olmaq,şagirdi əlindən tutub onu özəl olduğuna inandırmaq…

- Keçdiyiniz təlimlərin əsas məqsədi və hədəf auditoriyası kimlərdir?

-Təlimçi fəaliyyətim Amerika Konsulluğunda fasilitator kimi çalışdığım müddətdən başladı.  Orada region gənclərinə “Yumşaq bacarıqlar”,”Xaricdə təhsil imkanları”,”Karyera inkişafı “ mövzusunda təlimlər təşkil edirdik. Avropa Şurasının fasiləsiz təhsil sahəsi olan “eTwinning” layihəsi çərçivəsində də “ Layihələrin idarə olunması “, “ Beynəlxalq müəllimlər və şagirdlər arasında layihələrin qurulması” mövzusunda Azərbaycan müəllimləri üçün keçirilən seminar və konfranslarda təqdimatçı fəaliyyətim olub. Strasburqda “Təlimçilər üçün təlim” beynəlxalq layihəsi çərçivəsində isə qeyri-formal təhsilin əsasları ilə tanış olmaq nəsibim oldu. Bu təlim mənə professional təlimçi adı qazandırdı. Bir daha əmin oldum ki, müəllim bir fasilitator olmalıdır!

Bütün şagirdlərimdə ilk görmək istədiyim dəyər
onların özgüvən hisslərinin formalaşmasıdır

-Şagirdlərinizə hər zaman hansı dəyərləri və prinsipləri tövsiyə edirsiniz? Onlara ən çox nəyi aşılamağa çalışırsınız?*

-Bütün şagirdlərimdə ilk görmək istədiyim dəyər onların özgüvən hisslərinin formalaşmasıdır. Bu dəyərdən başlayır özünə,kimliyinə sevgi, hörmət,inam. Özünə hörmət edən şəxs isə bütün cəmiyyətdə özü kimi şəxsiyyətlərin sayını artırmaq arzusunda olacaq. Bu, bir refleksiyadır.

-Pedaqoji fəaliyyətinizdə sizi duyğulandıran, unutmadığınız anlar və xatirələr olubmu?

-Müəllimlik həssaslıq ,anlayış, empatiya tələb edən peşədir. Bu peşədə ən emosional dövr həssas qrupa aid şagirdlərlə işdir. Məni bu cür böyüməyə vadar edən , düzgün addım atmağı öyrədən bir çox unutmadığım anlar olub. 

Mövzu nə olursa olsun müəllim innovativ üsullarla
onu şagirdə daha maraqlı təqdim edə bilməlidir.

-Gənc müəllimlərə hansı tövsiyələri verərdiniz ki, pedaqoji fəaliyyətlərində uğur qazansınlar?

-Daim axtarışda olsunlar,gənc nəslin sürətini, marağını qabaqlamaq lazımdır.Professional inkişafı artıran proqram və təlimlərə qoşulsunlar. Müasir müəllim təkcə öz ixtisasını deyil digər fənləri də qismən mənimsəməlidir ki, fənlərarası, fənnüstü inteqrasiya edə bilsin. Mövzu nə olursa olsun müəllim innovativ üsullarla onu şagirdə daha maraqlı təqdim edə bilməlidir.

-Qarşıdakı illər üçün təhsil sahəsində hansı hədəfləriniz və həyata keçirməyi planlaşdırdığınız layihələr varmı?

Yəqin ki, həmin gün kövrək olaram

-Hədəflərim çoxdur, təhsilyönümlü layihələrim var. Müəllimlərin bacarıq və səriştələrini artıran təlimlər keçmək istəyirəm. Savadlı müəllimlərimiz çoxdur. Lakin bu savadı şagirdlərə yeni metodlarla təqdim etmək zamanıdır. Bunu bizdən zaman və yeniliklərə daim açıq olan gələcək nəsil tələb edir.

-Son dərs gününüzü necə xəyal edirsiniz?

-Son dərs günümə kifayət qədər məsuliyyətlə hazırlaşacağam. Dərsimin son saniyələrində şagirdlərimə artıq müəllim kimi fəaliyyət göstərmədiyimi bildirəcəyəm və onlara gələcək həyatlarında uğurlar arzulayacağam. Yəqin ki, həmin gün kövrək olaram. Şagirdlərim, sinif otağı və məktəblə vidalaşarkən emosiyalarımı saxlaya bilməyəcəyim üçün yəqin ki, ağlayaram.

Yaqut Ağaşahqızı, “İki sahil”