13 fevral 2026 19:37
101

Ölkəmiz daha bir mötəbər beynəlxalq tədbir ərəfəsində

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq ili” elan olunub. Bu il, həmçinin  Bakı BMT-nin ən böyük və strateji əhəmiyyətli platformalarından olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) da ev sahibliyi edəcək. Şübhəsiz, bu, Azərbaycanın şəhərsalma mədəniyyətinin dünya miqyasında yüksək dəyərləndirilməsi, həm də ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun təsdiqidir.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycanın milli inkişaf strategiyasının, qlobal məsuliyyətinin və gələcəyə yönəlmiş baxışının ifadəsidir: “Bu addım ölkəmizin dayanıqlı şəhərsalma, ekoloji tarazlıq, innovativ planlaşdırma və mədəni irsin qorunması sahələrində əldə etdiyi təcrübəni beynəlxalq müstəviyə çıxarmaq üçün mühüm platformadır. Tarixi irsə söykənən, müasir çağırışlara cavab verən və gələcək nəsilləri hədəfləyən bu yanaşma göstərir ki, Azərbaycan üçün şəhərsalma və memarlıq sadəcə məkan quruculuğu deyil, milli kimliyin qorunması, sosial rifahın yüksəldilməsi və dayanıqlı gələcəyin təmin olunmasıdır”.

2026-cı ilin 17–22 may tarixlərində ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında ətraflı söz açan müsahibimiz vurğuladı ki, beynəlxalq mötəbər tədbirlərə ev sahibliyi Azərbaycanın xarici siyasətində artan imicinə müsbət təsir göstərməklə yanaşı, diplomatik əlaqələrin yeni formatda inkişafına imkan yaradır və beynəlxalq platformalarda mövqeyimizi daha da gücləndirir: “Bu, həm də dövlətimizin “Azərbaycan 2030: Sosial-iqtisadi İnkişaf üzrə Milli Prioritetlər” strategiyasına uyğun olaraq urbanizasiya, ekoloji təhlükəsizlik və davamlı inkişaf sahələrində beynəlxalq əlaqələrini gücləndirmək və qlobal proseslərə təsir etmək üçün yeni imkanlar açır”.

Müsahibimiz, həmçinin qeyd etdi ki, Forum tarixində ilk dəfə olaraq Liderlər Sammiti də keçiriləcək: “BMT-yə üzv dövlətlərin dövlət və hökumət başçıları bu Zirvədə qlobal yaşayış yeri problemləri və dayanıqlı şəhər inkişafı üzrə fikir mübadiləsi aparacaqlar. Bu isə Azərbaycanın dayanıqlı şəhərsalma məsələlərini daha yüksək səviyyədə dialoqa daşıdığını göstərir”.

“Parlamentarilər Ümumdünya Şəhərsalma Forumlarının əsas iştirakçı qruplarından biridir” sözləri ilə söhbətini davam etdirən müsahibimiz bildirdi  ki, məhz qanunverici orqanlar dayanıqlı şəhərsalma və memarlıq siyasətinin hüquqi əsaslarını formalaşdırır, urbanizasiya, yaşayış yeri siyasəti, torpaq idarəçiliyi, ekoloji təhlükəsizlik və sosial inklüzivlik sahələrində strateji qərarların qəbulunu təmin edirlər: “Parlamentlər beynəlxalq öhdəliklərin milli qanunvericiliyə inteqrasiyasında, yeni şəhərsalma gündəliyi və dayanıqlı inkişaf məqsədlərinin icrasında mühüm körpü rolunu oynayır. Eyni zamanda, parlament diplomatiyası vasitəsilə ölkələr arasında təcrübə mübadiləsi gücləndirilir, qlobal şəhər çağırışlarına kollektiv cavabların formalaşdırılmasına töhfə verilir. Onu da deyim ki, Bakı Forumunun əsas məqsədləri qlobal yaşayış yeri çağırışlarının aradan qaldırılması üçün praktik həllər və qabaqcıl təcrübələri təqdim etmək, siyasi və maliyyə öhdəliklərini artırmaq, həmçinin “Bakı Çağırışı” vasitəsilə WUF13 gündəliyi üzrə konkret nəticələrə nail olmaqdır. İştirakçılar dünyanın müxtəlif ölkələrindən şəhər idarəçiləri, siyasətçilər və innovatorlarla görüşərək əlaqələrini genişləndirmək və yeni tərəfdaşlıqlar qurmaq imkanı əldə edəcəklər. Yeri gəlmişkən, yanvarın 30-da dünyanın 30 ölkəsindən 32 parlament üzvünün iştirakı ilə WUF13-ə həsr olunmuş “Parlamentlərin dayanıqlı şəhərlərin inkişafında və davamlı şəhərsalmanın təşviqində rolu” mövzusunda beynəlxalq onlayn tədbir də keçirilib. Müzakirələrdə iştirak edən xarici deputatlar Azərbaycanın WUF13-ə ev sahibliyini, eləcə də zəngin şəhərsalma təcrübəsini yüksək qiymətləndirərək, WUF13 Milli Koordinatoruna birgə müraciət ünvanlayıb. Həmin müraciətdə bildirilir ki, biz WUF13-ün ev sahibi kimi Azərbaycan Respublikasına güclü dəstəyimizi ifadə edirik, Azərbaycanın dayanıqlı urbanizasiya üzrə qlobal dialoqu irəli aparmaq öhdəliyini və şəhərləri dayanıqlığın, sülhün və inklüziv inkişafın hərəkətverici qüvvəsi kimi təqdim edilməsi istiqamətində fəaliyyətini alqışlayırıq”.

Müsahibimizin fikrincə, Azərbaycan xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji zonası” kimi layihələri ilə dayanıqlı inkişaf gündəliyində qlobal liderliyə iddialıdır: ”İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri şəhərsalma və memarlığın dövlət siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiqləyir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”