Bəşəriyyət texnoloji inkişafın elə bir mərhələsinə qədəm qoyub ki, burada fiziki, rəqəmsal və bioloji dünyalar arasındakı sərhədlər sürətlə itməkdədir. Dördüncü Sənaye İnqilabı (4Sİ) adlanan bu yeni dövr sadəcə istehsalın avtomatlaşdırılması deyil, süni intellektin, böyük verilənlərin (Big Data) və əşyaların internetinin (IoT) həyatımızın hər bir sahəsinə nüfuz etməsi ilə səciyyələnən keyfiyyətcə tamamilə yeni bir dövrdür. Müasir dünyada rəqabət qabiliyyətini qorumaq istəyən dövlətlər üçün rəqəmsal transformasiya artıq bir seçim deyil, qarşısıalınmaz zərurət, hətta milli təhlükəsizlik və iqtisadi suverenlik məsələsidir.
2011-ci ildən etibarən formalaşmağa başlayan “4-cü Sənaye İnqilabı” (4Sİ) termini ilk dəfə həmin ildə Almaniyada keçirilən Hannover Sərgisində bir dövlət strategiyası olaraq irəli sürülmüşdür. Həmin vaxtdan Hannover rəqəmsallaşma və davamlılıq mövzularında müzakirələri təşviq edərək beynəlxalq texnologiya və sənaye sərgiləri üçün əsas məkan kimi çıxış edir. Lakin bu anlayışın qlobal miqyasda elmi və siyasi ədəbiyyata daxil olması hər il yanvar ayında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun təsisçisi Klaus Şvabın adı ilə bağlıdır. O, 2015-ci ildə yazdığı məqalə və 2016-cı ildə nəşr etdiyi eyniadlı kitabı ilə bu dövrün artıq 3-cü inqilabın (rəqəmsal inqilabın) sadəcə davamı deyil, tamamilə yeni və fərqli bir mərhələ olduğunu elan etmişdir. Bir sözlə, 4Sİ fiziki, rəqəmsal və bioloji dünyalar arasındakı sərhədlərin itdiyi, texnologiyaların sürətli inteqrasiyası ilə xarakterizə olunan bir dövrdür.
Azərbaycan bu qlobal çağırışa çevik və strateji cavab verən ilk ölkələrdən olmuşdur. Qeyd edək ki, dövlətimiz elə ilk anlardan 4Sİ-yə adekvat siyasət yürütməyə başlamış və bugünədək bu sahədə bir sıra zəruri addımlar atılmışdır. Elə 2011-ci il Hannover Sərgisi çərçivəsində iştirakçılar tərəfindən əlamətdar hadisə kimi qiymətləndirilən “Azərbaycan iqtisadiyyatı günü” keçirilmişdi.
2012-ci ilin aprel ayında dövlət xidmətlərini elektronlaşdırmaq və vətəndaşlara rahatlıq təmin etmək məqsədilə “Elektron Hökumət” portalı (e-gov.az) istifadəyə verildi. Portal vətəndaşlara dövlət qurumlarının xidmətlərini “bir pəncərə” prinsipi ilə vahid platformadan təqdim etmək məqsədinə xidmət edir və hazırda ASAN xidmət tabeliyində yaradılmış “Elektron Hökumətin İnkişafı Mərkəzi” tərəfindən idarə olunur. “Elektron hökumət”in formalaşması artıq tam təmin olunmuşdur və dövlət idarəçiliyində operativliyin və səmərəliliyin artırılmasını uğurla həyata keçirir.
13 iyul 2012-ci il tarixli Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) yaradılması bu sahədə çox mühüm addım olmudşur. Dövlət xidmətlərinin şəffaf, operativ və vətəndaş məmnunluğu əsasında vahid məkandan göstərilməsini təmin edən bu qurum, dövlət-vətəndaş münasibətlərində yeni bir model kimi ötən müddətdə özünü yüksək səviyyədə təsdiq etmişdir. Təsadüfi deyil ki, son illərdə bağlanan müvafiq razılaşmalar əsasında Azərbaycan brendi olan ASAN xidmət modeli dünyanın 3 qitəsində (Avropa, Asiya və Afrika) 30 dövlətdə, o cümlədən Avropa İttifaqının üzvü olan Rumıniyada tətbiq olunmuşdur. Dövlət orqanları tərəfindən xidmətlərin vahid və əlaqələndirilmiş formada təqdim edilməsi, bürokratik maneələrin aradan qaldırılması və vətəndaş məmnunluğunun təmin edilməsinin əsas fəaliyyət prinsipləri kimi qəbul edildiyi ASAN xidmət mərkəzləri, dövlət qulluqçusu-vətəndaş münasibətlərində keyfiyyətcə yeni, müasir və innovativ yanaşmaların formalaşdırılmasına xidmət edir.
Azərbaycan dövlətinin elektron xidmətlərlə bağlı atdığı ən mühüm addımlardan biri “Elektron Hökumətin İnkişafı Mərkəzi” (EHİM) publik hüquqi şəxsin yaradılması oldu. Mərkəz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən ASAN xidmət tabeliyində yaradılıb. EHİM tərəfindən Azərbaycanın rəqəmsal hökumət platforması kimi yaradılan “myGov” platforması hökumətlə vətəndaş arasında körpü yaradaraq, bütün vacib sənədlərə və dövlət xidmətlərinə rəqəmsal formada çıxış imkanı yaradır, fiziki müraciətlər, uzun növbələr və kağızla sənəd prosesləri geridə qalır – bütün bunlar “mygov”la onlayn, rahat və sürətli şəkildə həll olunur.
Cənubi Qafqaz regionunda ilk olaraq Azərbaycanda 3 iyun 2019-cu il tarixli Prezident Fərmanı ilə “Hökumət buludu” konsepsiyası təsdiq edilmiş, TIER III səviyyəli, ISO 20000 və ISO 27001 standartlarına uyğun Data Mərkəzi yaradılmış və fəaliyyəti təmin edilmişdir. Bu, dövlət qurumlarının məlumatlarının vahid, təhlükəsiz və TIER III səviyyəli data mərkəzlərində saxlanmasını təmin edir.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 3-cüsündə (Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı) həmin prioritetin uğurla reallaşdırılması üçün XXI əsrin tələblərinə uyğun təhsil; yaradıcı və innovativ cəmiyyət; vətəndaşların sağlam həyat tərzinə nail olmaq əsas məqsədlər elan olunur və “3.2. Yaradıcı və innovativ cəmiyyət” altbaşlığında deyilir: “Gələcək dövrdə ən müasir texnoloji sahələri və innovasiyaları dəstəkləyən rəqəmsal cəmiyyət inkişafın aparıcı qüvvəsinə çevriləcəkdir. Ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistem qurulmalıdır”.
Vətəndaşların elektron xidmətlərə vahid məkandan çıxışını təmin etmək məqsədilə 2020-ci ilin aprel ayından etibarən fəaliyyətə başlayan “ASAN Login” Vahid Giriş Sisteminin və 2022-ci ilin fevralında “AzInTelecom” MMC tərəfindən bulud əsaslı yeni nəsil rəqəmsal imza proqramı olaraq yaradılan SİMA-nın tətbiqi rəqəmsallaşma istiqamətində görülən mühüm tədbirlərdən hesab olunmalıdır.
2022-ci il fevralın 24-də Dünya İqtisadi Forumunun (DİF) prezidenti Borge Brendenin iştirakı ilə Bakıda DİF Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi açılıb və həmin gün “Dördüncü sənaye inqilabında trendlər” mövzusunda tədbir keçirilib. Dünyada az sayda olan, MDB regionunda ilk dəfə Bakıda 4Sİ mərkəzlərindən birinin fəaliyyətə başlaması mütərəqqi texnologiyaların sürətli tətbiqinə, vətəndaşlara və ictimai marağa xidmət göstərməsinin təmin edilməsinə, rəqəmsal iqtisadiyyatın inkişafına xidmət edir.
22 iyul 2022-ci il tarixli Prezident Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan müddətdə rəqəmsal texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsi üçün normativ hüquqi bazanın yaradılması və bu sahənin dövlət tərəfindən tənzimlənməsi, rəqəmsal texnologiyaların inkişafı məqsədilə xüsusi fondlar və inkişaf institutlarının fəaliyyətə başlaması, bu əsasda internet, yüksəksürətli mobil internet (5G texnologiyası daxil olmaqla), xüsusilə genişzolaqlı internet xidmətlərinin əhatəsinin 95%-ə çatdırılması nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyası” təsdiq edilmiş, strategiyanın həyata keçirilməsi üçün Tədbirlər Planı müəyyən olunmuşdur. Strategiyanın icrası nəticəsində ölkədə süni intellektin inkişafı və tətbiqi üzrə daha sistemli yanaşmanın formalaşdırılması, innovasiyalar və texnoloji yeniliklərin tətbiqi üçün əlverişli mühit yaradılması hədəflənir. Strategiya ölkəmizin gələcək inkişaf modelinin rəqəmsal sütunlarını müəyyən edərək, Azərbaycanı regionun innovasiya mərkəzinə çevirməyi, dövlət idarəçiliyində şəffaflığı artırmağı və qeyri-neft sektorunda yüksək texnoloji sıçrayışa nail olmağı hədəfləyir. 2025-ci il sentyabrın 8-də Süni İntellekt Strategiyasına əsasən yaradılan və AZCON Holdinqin dəstəyi ilə fəaliyyət göstərən “Süni İntellekt Akademiyası”nın (“Aİ Academy”) açılış mərasimi baş tutub.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 2021-ci ilin sonlarından etibarən 2024-cü ilin sonunadək bütün ölkə ərazisində GPON texnologiyası vasitəsilə sürətli və genişzolaqlı internetin əlçatanlığını təmin etmək məqsədi ilə başlanan “Onlayn Azərbaycan” layihəsi uğurla başa çatdırılmışdır. Layihə ölkənin bütün ərazisində həm biznes, həm də ev təsərrüfatlarının müasir texnologiyalar vasitəsilə yüksəksürətli, sabit genişzolaqlı internetlə təmin olunmasını hədəfləyirdi. Layihənin icra olunduğu 4 il ərzində ölkədə sabit genişzolaqlı, yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatdı, nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edildi. Bu layihə internet infrastrukturunu yaxşılaşdırmaqla yanaşı, ölkənin rəqəmsal gələcəyini formalaşdıran strateji addımlardan biri oldu.
2025-ci il dekabrın 10-da Azərbaycan Prezidentinin imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün strategiya” təsdiq edildi. Ölkədə rəqəmsal transformasiyanı sürətləndirmək, innovativ iqtisadiyyatı gücləndirmək və dövlət-özəl sektor tərəfdaşlığı ilə rəqəmsal infrastrukturun (5G, bulud texnologiyaları) inkişafını, kibertəhlükəsizliyin artırılmasını və rəqəmsal bacarıqların təşviqini nəzərdə tutan əsas dövlət sənədi olan bu strategiya Azərbaycanın rəqəmsal transformasiya sahəsində regional liderlik mövqeyini möhkəmləndirməyə və iqtisadiyyatın rəqabətqabiliyyətliliyini artırmağa xidmət edir.
28 avqust 2023-cü il tarixli Sərəncamla ölkənin informasiya məkanının təhdidlərdən qorunması, informasiya təhlükəsizliyi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, habelə bu sahədə qarşıda duran vəzifələrin müəyyən edilməsi məqsədilə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” təsdiq edilmişdir.
Ölkəmizdə rəqəmsal texnologiyalar sahəsinə məsul mərkəzi icra hakimiyyəti orqanının formalaşması da bu mərhələdə baş vermişdir. Əvvəlcə 2004-cü ildə Rabitə Nazirliyi ləğv edilərək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmış, 2014-cü ildə həmin nazirliyin əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təşkil edilmiş, bu sonuncu qurum Nəqliyyat Nazirliyinin birləşməsi ilə 2017-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə çevrilmiş, ən nəhayət, 2021-ci ildə nazirliyin adı dəyişdirilərək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılmışdır. Bu addım ölkədə rəqəmsallaşma, innovasiya və telekommunikasiya sahələrinin vahid mərkəzdən idarə olunmasını hədəfləyir. Nazirlik, ölkədə rəqəmsal transformasiya, İKT infrastrukturunun müasirləşdirilməsi, kosmik sənaye, yüksək texnologiyalar və nəqliyyat sahələrində dövlət siyasətini həyata keçirir.
Məhz görülən bu işlərə görə Oxford Insights-ın “Government AI Readiness Index 2025” hesabatına görə, Azərbaycan süni intellektə hazırlıq üzrə dünyada ən sürətlə irəliləyən ölkələrdən biri kimi tanınıb.
Azərbaycan diplomatiyası tarixinə mühüm hadisə kimi düşən 2026-cı il fevralın 10-da ABŞ Vitse-prezidenti C.D.Vensin Bakıya səfəri zamanı iki ölkə arasında imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”da süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsal infrastrukturun inkişafı ilə bağlı sərmayə qoyuluşunun təsbit olunması ölkəmizin bu sahəyə prioritet iqtisadi inkişaf istiqaməti kimi baxdığının növbəti sübutu olmuşdur. ABŞ kimi özəl investisiyaların həcminə, ən nüfuzlu elmi tədqiqatlara və startap ekosisteminə görə dünyada birinci olan, OpenAI, Google, Microsoft və Nvidia kimi nəhəng şirkətlərin mərkəzi olan dövlətlə rəqəmsallaşma sahəsində sərmayə cəlbinə nail olunması Azərbaycanda qarşıdakı illərdə hədəflənən inkişafa nail olunacağına əminlik yaradır.
C.D.Vensin səfərinin ardınca Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi məhz bu zəruri transformasiyanın ölkəmizdə vaxtında və optimal şəkildə həyata keçirilməsi, daha doğrusu, başa çatdırılması məqsədinə xidmət edir. Dövlət başçımızın müşavirədə səsləndirdiyi – “Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir”, – fikri bu sahədə Azərbaycanın ən yaxın gələcəkdə ən azı regional lider ölkə kimi irəli çıxmaqda qətiyyətli olduğunu sübut edir.
Fevralın 9-da Azərbaycan Prezidentinin ABŞ-ın tanınmış şirkətlərinin rəhbər şəxsləri ilə keçirdiyi görüş bu baxımdan əlamətdar sayılmalıdır. Bu görüşdə Prezident İlham Əliyev rabitə, süni intellekt, data mərkəzlərinin yaradılmasını prioritet məsələlər adlandıraraq, bu sahələrin inkişafı üçün zəruri olan və ölkəmizin malik olduğu üstünlüklərdən bəhs etmişdi: “Birincisi, coğrafi yerləşmə. İkincisi, çox asan olmayan dövrdə yaradılmış neft və qaz boru kəmərləri, dəmir yolları, elektrik kabel xətləri kimi mövcud kommunikasiya infrastrukturu. Sonra ən önəmli məsələlərdən biri bizim istifadə etmədiyimiz, istehlak etmədiyimiz və hələ ki, ixrac etmədiyimiz çoxlu elektrik enerjimiz var. Hələ ki, söhbət mövcud olan təqribən 2 giqavat elektrik enerjisinin istehsalından gedir. Azərbaycanın yerləşdiyi daha geniş regionda biz hər hansı növ enerji mənbələrinin idxalından asılılığı olmayan yeganə ölkəyik”.
Beləliklə, 4Sİ və bu çərçivədə baş verən rəqəmsallaşmanın qlobal iqtisadiyyatı yeni çağırışlarla üz-üzə qoyduğu faktdır. Dünya iqtisadiyyatının rəqəmsal transformasiyası, yüksək texnologiyalara əsaslanan istehsal ekosisteminin formalaşdırılması prosesində yaranan şərtlər 4Sİ tələblərinə cavab verən, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasını zəruri edir. Bu gün Bakıdan Şuşayadək uzanan “ağıllı” infrastruktur layihələri, yeni nəsil data mərkəzlərinin qurulması ilə bağlı qətiyyətli iradə və insan kapitalına qoyulan investisiyalar sübut edir ki, Azərbaycan 4-cü Sənaye İnqilabının sadəcə müşahidəçisi deyil, onun fəal iştirakçısı və memarlarından biridir. Azərbaycanın rəqəmsallaşmanın genişləndirilməsi hədəfi üzrə qətiyyəti ölkəmizin qarşıdakı illərdə regional rəqəmsal inkişaf mərkəzinə çevriləcəyinə əminlik yaradır.
Elman Cəfərli,
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent