26 fevral 2026 14:11
105

Xocalı qətliamı Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsidir

1992-ci ilin fevralında erməni silahlı birləşmələri keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini mühasirəyə aldılar. Şəhərin dinc sakinləri ərazini tərk etməyə çalışırdılar. Onların əksəriyyəti qarlı dağ cığırları ilə piyada şəkildə Ağdam istiqamətinə hərəkət edirdi.

Lakin erməni silahlı dəstələri mülki əhaliyə hücum edərək yüzlərlə insanı, o cümlədən qadınları, uşaqları və qocaları qətlə yetirdilər. Çox sayda yaralıya belə aman verilmədi. Təqibdən yayınaraq xilas olmağa çalışanların bir qismi isə Ağdam istiqamətinə çatmağa müvəffəq olmadan sərt hava şəraiti səbəbindən həyatını itirdi.

Xocalının 613 sakini xüsusi qəddarlıqla qətlə yetirildi, 150 nəfərin taleyi isə bu günədək naməlum qalır. Bu qanlı qırğından bir neçə il sonra Ermənistanın o zamankı prezidenti, Xocalı hadisələrinin iştirakçısı Serj Sarkisyan xarici jurnalistə verdiyi müsahibədə qeyd etmişdir: “Onlar (azərbaycanlılar) düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməz. Biz bu stereotipi sındırmalı idik. Elə də oldu”.

Faktiki olaraq, işğalçı ölkənin rəhbəri bu fikirlə Ermənistan dövlətinin əsl niyyətini açıq şəkildə ortaya qoymuş oldu. Əsas məqsəd ölkəmizin ərazilərinə nəzarəti ələ keçirməklə oradan azərbaycanlı əhalini qovmaq idi. Belə ki, dinc insanlar doğma yurdlarını dərhal tərk etmək və ya həyatlarını itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bu baxımdan, Xocalıda mülki sakinlərin qətlə yetirilməsi təsadüfi hərbi özbaşınalıq kimi dəyərləndirilə bilməz. Hadisələr planlı şəkildə həyata keçirilmiş, işğal və etnik təmizləmə siyasəti ilə uzlaşan məqsədlərə xidmət etmişdir.

Erməni tərəfinin sonrakı hərəkətləri də bu yanaşmanın sistemli xarakter daşıdığını göstərirdi. Ərazilər eyni ssenari üzrə ələ keçirilir, yerli əhali kütləvi şəkildə öz yurdlarından didərgin salınırdı. Qaçmağa imkan tapmayan mülki şəxslər isə ya qətlə yetirilir, ya da əsir götürülərək ağır şəraitdə saxlanılırdı. Bu kontekstdə Ermənistanın hərbi-siyasi dairələrində təmsil olunan bəzi şəxslərin adı xüsusilə hallanırdı. Məsələn, Ermənistan ordusunun generalı kimi tanınan Manvel Qriqoryan haqqında müxtəlif dövrlərdə əsirlərlə və mülki şəxslərlə bağlı ciddi iddialar səsləndirilmişdi.

Bu gün ölkəmizdə Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilir. İşğal altında olan torpaqlarımız azad edilmiş, keçmiş məcburi köçkünlər isə artıq doğma yurdlarına qayıdırlar.

Azərbaycan torpaqlarının, o cümlədən Xocalının işğalında iştirak etmiş, Qarabağ və Şərqi Zəngəzurda cinayət törətmiş bir sıra şəxslər hazırda Bakıda öz cəzalarını çəkirlər. Onların arasında keçmiş “Artsax rəhbərləri”, hərbi komandirlər və cinayətlərin birbaşa icraçıları yer alır. Şübhəsiz ki, 30 illik işğalı planlayan və həyata keçirən erməni cinayətkarlarının siyahısı daha genişdir.

Bu gün regionda davamlı sülhün təmin olunması üçün əlverişli fürsət yaranıb. Lakin Xocalı faciəsi kimi tariximizin qanlı səhifələrini heç vaxt unutmayacağıq.

Nigar Arpadarai,
​Milli Məclisin deputatı