Regionun lider dövləti olan Azərbaycanın daxili siyasətində sosial siyasət həmişə prioritet istiqamət təşkil edib. Ölkəmizin maliyyə imkanlarının artması, öz növbəsində, əhalinin sosial rifah halının daha da yüksəldilməsi istiqamətində həyata keçirilən siyasətə mühüm töhfəsini verir. Dövlət büdcəsinin 40 faizdən çoxu sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilir. Əməkhaqları, pensiya, təqaüd və müavinətlərin, digər sosial ödənişlərin ardıcıl olaraq və dəfələrlə artımı təmin edilir.
Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncama əsasən, 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq pensiyalar 9,3 faiz artırılıb. Sözügedən artım bu il yanvarın 1-dən etibarən qüvvəyə minib və ölkə üzrə bütün pensiyaçıları əhatə edir. Sərəncamla 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəsmi göstəricilər əsasında indeksləşdirilib. Artımların tətbiqi tam avtomatlaşdırılmış elektron sistem üzərindən həyata keçirildiyindən, pensiyaçılardan hər hansı müraciət və ya sənəd təqdim olunması tələb edilmir. Bu yanaşma dövlət xidmətlərində şəffaflığın, operativliyin və vətəndaş məmnunluğunun artırılması məqsədinə xidmət edir. Pensiyaların indeksləşdirilməsi 1,1 milyon pensiyaçını, o cümlədən pensiyaçı olan hərbi qulluqçuları, hüquq-mühafizə orqanlarının əməkdaşlarını və digər kateqoriyaları əhatə edir. Bu artımların maliyyələşdirilməsi üçün dövlət büdcəsindən illik əlavə 640 milyon manat vəsaitin ayrılması dövlətin sosial öhdəliklərinə sadiqliyini və pensiyaçıların rifahının yüksəldilməsinə verilən xüsusi önəmi bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin sosialyönümlü siyasətinin əsas xüsusiyyətlərindən biri pensiya və sosial ödənişlərin ölkədəki iqtisadi artım və əməkhaqqı səviyyəsi ilə uzlaşdırılmasıdır. Pensiyaların məhz orta aylıq əməkhaqqının artım tempinə uyğun indeksləşdirilməsi pensiyaçıların gəlirlərinin real iqtisadi proseslərdən geri qalmamasına və alıcılıq qabiliyyətinin qorunmasına şərait yaradır. Bununla yanaşı, dövlət başçısının müvafiq Sərəncamına əsasən, sığortaolunanların 2026-cı il yanvarın 1-dək fərdi şəxsi hesablarında qeydə alınmış pensiya kapitalları da ötən il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq 5,6 faiz indeksləşdirilərək artırılıb. Bu mexanizm isə sosial sığorta sistemində iştirak edən şəxslərin gələcək pensiya hüquqlarının qorunmasında dövlətin aktiv rolunu nümayiş etdirir. Hər ilin əvvəlində tətbiq olunan bu indeksasiya mexanizmi göstərir ki, vətəndaşların pensiya kapitalı yalnız onların əmək fəaliyyətindən irəli gələn sosial sığorta ayırmaları hesabına deyil, eyni zamanda, dövlət tərəfindən də müntəzəm olaraq qorunur və artırılır. Bu isə uzunmüddətli sosial təminat baxımından mühüm əhəmiyyət daşıyır.
Ümumiyyətlə, mövcud artımlar fonunda orta aylıq pensiya 2025-ci ildəki 543 manatdan 593 manata, yaşa görə orta aylıq pensiya isə 578 manatdan 632 manata çatır. 2018-ci ildə orta aylıq pensiya 208 manat, yaşa görə orta aylıq pensiya 234 manat təşkil edirdi. Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir. Bu göstəricilər pensiyaçıların gəlirlərinin artım tempinin saxlanıldığını və sosial müdafiə tədbirlərinin genişləndirildiyini göstərir.
Rəsmi məlumatlara əsasən, ötən il ölkədə əmək pensiyası alanların ümumi sayı 1 milyon 98 min 651 nəfər təşkil edib. 2025-ci il ərzində pensiya ödənişlərinə 7,1 milyard manat vəsait yönəldilib ki, bu da əhaliyə edilən bütün sosial ödənişlərin 97,6 faizindən çoxuna bərabərdir. Bu fakt pensiya təminatının Azərbaycanda sosial xərclər strukturunda əsas yer tutduğunu göstərir. Bu il üçün pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 milyard 993 milyon manat nəzərdə tutulub ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2,3 dəfə artımın olduğunu göstərir. Hazırda orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 49,9 faiz, yaşa görə pensiyanın nisbəti isə 53,2 faziz təşkil edir. Bu göstəricilər beynəlxalq təşkilatların tövsiyə etdiyi 40–60 faiz intervalına tam uyğun olmaqla, Azərbaycan pensiya sisteminin dayanıqlılığını və balanslı strukturunu əks etdirir.
Dövlətin sosial siyasəti yalnız pensiyaların artırılması ilə məhdudlaşmır. Aztəminatlı ailələrin müdafiəsi də bu siyasətin əsas istiqamətlərindən biri olaraq qalır. Ötən il ölkə üzrə 76 min aztəminatlı ailənin 335 mindən çox üzvünə ünvanlı dövlət sosial yardımı ödənilib. Bu məqsədlə 420 milyon manat vəsait ayrılıb. Eyni zamanda, ilin sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ünvanlı dövlət sosial yardımı alan hər bir ailəyə 200 manat birdəfəlik ödəniş üçün dövlət büdcəsindən 15,3 milyon manat vəsait ayrılıb. Ümumiyyətlə, ünvanlı dövlət sosial yardımı 2018-ci ildə 108 milyon manatdan 2026-cı ildə 465 milyon manata qədər yüksəlib, bu isə 4,3 dəfə artım deməkdir. Beləliklə, ünvanlı dövlət sosial yardımının orta məbləği 2,4 dəfə, yaşayış minimumu 73 faiz artıb, ehtiyac meyarının isə 2,3 dəfə artımına nail olunub. Bu, sosial həssas əhali qruplarına göstərilən diqqətin və qayğının nümunəsi kimi dəyərləndirilir.
Sevinc Azadi, “İki sahil”