27 fevral 2026 12:41
133

Tələb-təklifdən kənar bahalaşma: Siyasi gərginlik nefti bahalaşdırır

Cenevrədə İran ilə ABŞ arasında keçirilən danışıqların 3-cü mərhələsinin pozitiv keçməsinə baxmayaraq nəticəsiz qalması yenə də dünya bazarında neftin bahalaşmasına səbəb olub.

“İki sahil” xəbər verir ki, danışıqlardan sonra “Bloomberg” ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanı Tim Horinsə istinadla bildirib ki, Bəhreyndəki hərbi bazaya “Task Force Scorpion” tipli pilotsuz uçan aparatlar (PUA) yerləşdirilib. Bu PUA kamikadze xarakterlidir və dəqiq müəyyən olunan obyektin üzərinə uçaraq güclü partlayış törədə bilir. Partlayışdan əvvəl komanda mərkəzinə foto və video məlumatlar göndərərək obyektin ölçüsünü və digər lazımi məlumatları ötürür.

Bundan başqa, danışıqlardan sonra mətbuata açıqlama verən İranın xarici işlər naziri Abbas Əraqçının “İran kapitulyasiya etməyəcək” - deyə bəyanat verməsindən sonra Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,25 dollar artaraq 71 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,23 dollar artaraq 65,44 dollar təşkil edib. Bu bazarda tələb və təklif prinsipindən kənarda bahalaşma tendensiyasının davam etdiyini göstərir.

Analitiklər hesab edirlər ki, neftin qiymətinin daha da bahalaşmasının qarşısını almaq üçün ABŞ tələbləri geri götürməsə də danışıqlarda yumşaq mövqe nümayiş etdirir. İran isə ABŞ-ın hərbi əməliyyatlara başlamayacağına əmin olduğu üçün mövqeyindən geri çəkilmir. Rəsmi Tehran bilir ki, Körfəzdə hərbi əməliyyatlar Hörmüz boğazının bağlanması ilə nəticələnəcək ki, bu da bazara neft nəqlini dayandıracaq və nəticədə dünya bazarında neftin 1 barelinin qiyməti 100 dollardan da artıq satılmağa başlayacaq. Belə vəziyyət ABŞ-ı qane etmir. Neftin bahalaşması ABŞ-da benzinin, ardınca isə ərzaq və digər istehlak mallarının bahalaşmasına, inflyasiyanın artmasına gətirib çıxaracaq.

Prezident Donald Trampın idxal mallarına rüsum tətbiqi istehlak mallarının qiymətinin artmasına səbəb olub. Neftin bahalaşması isə onsuz da davam edən bahalaşmanı daha da sürətləndirəcək. Qarşıda isə Konqresə aralıq seçkiləri gəlir. Belə bir vəziyyətdə ABŞ Prezidenti qeyri-populyar addım atmayacaq.

Bundan başqa, bu gün ABŞ-ın xarici borcu 39 trilyon dollardır. İran ilə müharibə isə bu rəqəmi 60 trilyona çatdıra bilər ki, bu da ABŞ iqtisadiyyatını çökdürər. Beləliklə, danışıqlar prosesi bir tərəfdən neftin qiymətinin sabit qalmasına, digər tərəfdən isə onun tədricən artmasına səbəb olur.