Bu abidə ağrının, acının yaddaşı olmaqla yanaşı, iradənin, birliyin, gücün də rəmzidir
Xəbər verildiyi kimi, fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışı oldu. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində istirak etdilər. Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.
Bu abidə ağrının yaddaşı olmaqla yanaşı, iradənin, birliyin və gücün rəmzidir. Bu gün Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etməyə qadir olan, sülhü güc vasitəsilə qoruyan və gələcəyə inamla addımlayan qüdrətli bir dövlətdir. Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorial Kompleksinin məhz Xocalı şəhərində açılışını ədalətin təntənəsi kimi dəyərləndirmişdir. Dövlət başçısının çıxışı yalnız bir memarlıq abidəsinin istifadəyə verilməsi deyil, həm də tarixi ədalətin bərpası, milli qürurun və əzmin təntənəsi kimi qiymətləndirilə bilər. Prezident çıxışında xatırlatmışdır ki, xocalılılarla birlikdə bu kompleksin təməli qoyularkən artıq layihə tam hazır idi. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, hətta Bakıda inşa olunması üçün yer də seçilmişdi: “Bu gün bu Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir. Çünki mən bunu iki il bundan əvvəl təməlqoyma mərasimində demişdim. Xocalılılarla birlikdə bu kompleksin təməlini qoyduq. O vaxt demişdim ki, Heydər Əliyev Fondu tərəfindən bu layihə çoxdan hazır idi, bax necə var, necə tikilib, elə də nəzərdə tutulmuşdu, Bakıda yer də seçilmişdi və artıq mənim son qərarım lazım idi ki, biz bunun inşasına başlayaq. Məni hər dəfə nə isə bundan çəkindirirdi. Sonra başa düşdüm o nə idi. O da inam idi ki, gün gələcək və bu Memorial Kompleksi biz Xocalıda quracağıq və belə də oldu. Bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır”.
İllər boyu işğal altında qalan torpaqda bu gün Azərbaycan Bayrağı dalğalanır və şəhidlərin xatirəsinə ucaldılmış möhtəşəm kompleks fəaliyyət göstərir. Açılış mərasimində iştirak edən Xocalı sakinlərinin demək olar ki, hər biri 1992-ci ilin faciəli hadisələrində öz yaxınlarını, qohumlarını, doğmalarını itirmiş insanlardır. Onlar təkcə ailə üzvlərini deyil, həm də doğma yurdlarını itirmiş, uzun illər məcburi köçkün həyatı yaşamışlar. Bu, yalnız fiziki məhrumiyyət deyil, həm də mənəvi sınaq idi. Otuz ilə yaxın davam edən həsrət, ədalətsizlik və doğma torpaqlardan didərgin düşmək ağrısı hər bir insan üçün ağır yükdür. Lakin bu insanlar sınmadılar. Onları ayaqda saxlayan amil inam idi – ədalətə inam, dövlətə inam, Azərbaycan Ordusuna inam. Məhz bu inam sayəsində Xocalı sakinləri dözdülər və qələbə gününü gördülər. Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, bu Kompleks silinməz milli yaddaşımızın təcəssümüdür. Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir və bu hadisə heç vaxt unudulmamalıdır.
Memorial yalnız keçmişin xatırladılması üçün deyil, həm də gələcək nəsillərin tarixi həqiqətlər ruhunda tərbiyə olunması üçün mühüm əhəmiyyət daşıyır. Burada ucaldılan hər bir abidə elementi, hər bir memarlıq detalı bir mesaj verir: xalq öz şəhidlərini unutmur və unutdurmayacaq. Prezident çıxışında Ermənistan dövlətinin törətdiyi vəhşiliklərin heç vaxt unudulmamalı olduğunu xüsusi vurğulamışdır. Bu çağırış yalnız emosional bəyanat deyil, həm də siyasi və strateji məna daşıyır.
Tarix göstərir ki, milli təhlükəsizlik və sabitlik yalnız güc, birlik və ayıqlıq sayəsində qoruna bilər. Dövlət başçısının “həmişə güclü olmalıyıq” mesajı Azərbaycanın gələcək inkişaf strategiyasının əsas prinsiplərindən biri kimi səslənir. Prezident qeyd etmişdir ki, bu gün Azərbaycan xalqı sülh içində yaşayırsa, bu, təsadüfi deyil. Bu, güc amilinin nəticəsidir. Onun sözlərinə görə, düşmənin qorxusu sülhün təmin olunmasında mühüm rol oynayır. Bu fikir müasir beynəlxalq münasibətlər kontekstində də aktualdır. Güclü dövlət, güclü ordu və milli birlik – bunlar təhlükəsizliyin əsas dayaqlarıdır. “Biz bu Memorial Kompleksin açılışında iştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin” - bu sözləri Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib. Dövlət başçısıdaha sonra bildirib: “Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir”.
Bir zamanlar ağır faciənin yaşandığı Xocalı bu gün dirçəliş və qürur rəmzinə çevrilmişdir. Burada Memorial Kompleksin açılması həm şəhidlərin ruhuna ehtiram, həm də gələcəyə inamın ifadəsidir. Prezident İlham Əliyevin çıxışı göstərir ki, Xocalı məsələsi yalnız keçmişin ağrısı deyil, həm də gələcəyin məsuliyyətidir. Tarixi unutmaq olmaz, lakin tarixdən nəticə çıxarmaq və güclü dövlət qurmaq əsas məqsəddir. Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimində səsləndirilən fikirlər təkcə keçmişin xatırlanması deyil, həm də milli iradənin, dözümlülüyün və dövlətçilik gücünün ifadəsidir.
Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı bir daha göstərir edir ki, tarixi yaddaş dövlət siyasətinin mühüm tərkib hissəsidir. Keçmişi unutmaq olmaz, çünki tarix həm dərsdir, həm də xəbərdarlıqdır. Bu Memorial gələcək nəsillərə mesaj verir: xalq öz ləyaqətini qorudu, sınmadı, mübarizə apardı və qalib gəldi.
Sevinc Azadi, “İki sahil”