27 fevral 2026 18:31
103

Regional bağlantıları gücləndirmək potensialına malik strateji layihə - Zəngəzur dəhlizi

Orta Dəhlizin əsas komponenti olan Zəngəzur dəhlizi bu gün dünya diplomatiyasının diqqət mərkəzindədir və nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Region ölkələri üçün mühüm tarixi, siyasi və iqtisadi əhəmiyyətə malik olan Zəngəzur dəhlizi Ermənistan üçün də böyük imkanlar yaradacaq. 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvə Görüşündə sülh sazişinin mətninin paraflanmasından sonra Azərbaycanla Ermənistan arasında müəyyən müsbət addımlar atılıb. Azərbaycanın Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırmasını buna nümunə göstərmək olar. 

Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etdiyi kimi, Azərbaycan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətləri aradan qaldırıb. Bundan sonra taxıl yüklü qatar Azərbaycandan keçməklə Ermənistana gedib. Qazaxıstandan göndərilən min tona yaxın taxıl yüklü 15 vaqon noyabrın 5-də Azərbaycana daxil olub. Bundan başqa, Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə 1048 ton 800 kq taxıl yüklü 15 vaqon Böyük Kəsik stansiyasından Ermənistana göndərilib. Yüklər Gürcüstana, oradan isə Ermənistana daşınıb. 2025-ci ilin dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil benzini göndərib.  2026-cı il yanvarın 9-da  Ermənistana ümumilikdə 2 698 ton yük (48 vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel yanacağı yola salınıb. Yanvarın 11-də isə bu ölkəyə 979 ton Aİ-92 markalı avtomobil benzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib. Fevralın 25-də Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində 4500 ton dizel yanacağı yola salınıb.

Dövlətimizin başçısı Zəngəzur dəhlizinin açılmasının 2028-ci ilin sonunadək baş verə biləcəyini qeyd edib: “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”.

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, “Tramp marşrutu” avqustun 8-də Vaşinqtonda razılaşdırılan Azərbaycan üçün məqbul şərtlərlə işləyəcək: “Biz Bakı üçün məqbul şərtlər əsasında sənəd imzaladıq. Və bu şərtlər Ermənistan və Azərbaycan liderlərinin imzaladığı sənəddə öz əksini tapıb: ərazi bütövlüyü, suverenliyi, legitimliyi”.

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan Prezidentlərinin avqustun 8-də Ağ Evdə görüşü və bu görüşün nəticəsi olaraq Birgə Bəyannamənin imzalanması, eləcə də hər iki ölkənin xarici işlər nazirlərinin “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflaması və Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Trampın “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nu imzalanması rəsmi Vaşinqtonun regiona siyasi nüfuz etmək imkanlarını artırıb. Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri, eləcə də şahid kimi ABŞ Prezidenti tərəfindən imzalanan Birgə Bəyannamə və paraflanan sülh sazişi təkcə Cənubi Qafqazın deyil, ümumilikdə dünyanın geosiyasi mənzərəsində ciddi dəyişikliklərə yol açıb. Əldə edilən böyük uğurlardan biri də Ermənistan ərazisindən keçərək Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin razılaşdırılmasıdır.

ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Emi Karlon bildirb ki, inqilabi layihə olan TRIPP-ıAzərbaycanın əsas hissəsi ilə Naxçıvanı 30 ildən sonra ilk dəfə real şəkildə birləşdirən tam multimodal tranzit məkanı kimi təsəvvür edirik. O, qeyd edib ki, bu, həm beynəlxalq, həm də dövlətlərarası bağlantını təmin edəcək və həm bütövlükdə regionun, həm də hər iki ölkənin iqtisadiyyatı üçün çox böyük təsirə malik olacaq: “Biz inanırıq ki, TRIPP layihəsi regional bağlantıları, əsl mənada gücləndirmək potensialına malikdir. O cümlədən bu layihə Azərbaycanın region üçün mərkəzə çevrilmək niyyətinin reallaşdırılmasına kömək edəcək, eyni zamanda, Mərkəzi Asiya ilə Qərbi Avropa ölkələri arasında tranzitin inkişafına təkan verəcək”.

Bu günlərdə “Foreign Policy” nəşrində dərc olunan məqalədə qeyd edilib ki, ABŞ prezidenti Donald Trampın diplomatik və sülhməramlı etimadnaməsini artırmaq səylərinin bir hissəsi olaraq, hər iki ölkə səyləri üçün ABŞ-ın dəstəyini qazanmağa çalışıb: “Ötən ilin avqust ayında həm Azərbaycan prezidenti İlham Əliyev, həm də Paşinyan Ağ Evdə Trampla anlaşıb və orada sülh müqaviləsini imzalamaq üçün yüksək səviyyəli mərasim keçiriblər. Mərasimdə iki tərəfin uzunmüddətli münaqişəyə son qoyacaq bir müqavilənin yekun təsdiqinə doğru getdikləri barədə qarşılıqlı bəyannamə də yer alıb. 2025-ci il müqaviləsinin vacib komponentlərindən biri “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlandırılacaq əsas tranzit dəhlizinin yaradılması idi. ABŞ tərəfindən dəstəklənən infrastruktur layihəsi Azərbaycanı Naxçıvanla Ermənistan ərazisi vasitəsilə avtomobil, dəmir yolu və boru kəməri vasitəsilə birləşdirəcək”.

Zahid Rza, “İki sahil”