28 fevral 2026 01:39
93

Yuxuda niyə danışırıq?

Yuxuda danışmaq, əslində yuxu ilə oyaqlıq arasındakı sərhədin qismən bulanıqlaşması kimi izah olunur. Mütəxəssislərin sözlərinə görə, bu hal yuxu zamanı ortaya çıxan davranış pozuntuları qrupuna aid edilir və beynin bəzi hissələri dərin istirahət mərhələsinə keçdiyi halda, nitq və səs formalaşdırılmasına cavabdeh olan sahələr müəyyən qədər aktiv qala bilir. Nəticədə insan yuxuda pıçıltı, anlaşılmayan səslər və ya bəzən aydın cümlələr deyə bilər. Əksər hallarda isə həmin şəxs səhər oyandıqda bu danışdıqlarını xatırlamır.

Alimlər qeyd ediblər ki, insanın yuxu dövrü təxminən 90 dəqiqəlik mərhələlərdən ibarətdir və bu mərhələlər gecə saatları ərzində bir neçə dəfə təkrarlanır. Dərin yuxu mərhələlərində eşidilən səslər daha çox anlaşılmaz mırıltılar şəklində olur, gecə irəlilədikcə və yuxu daha yüngül mərhələyə keçdikcə isə daha aydın söz və ifadələr eşidilə bilər. Bu hal bəzən yuxu görməklə əlaqəli olsa da, deyilən sözlər hər zaman yuxunun məzmununu əks etdirmir.

Mütəxəssislər bildiriblər ki, yuxu rejiminin pozulması bu vəziyyətin yaranma ehtimalını artıran əsas amillərdən biridir. Düzgün seçilməyən yuxu saatları, tez-tez oyanmalar və yuxu mərhələləri arasında qeyri-sabit keçidlər beynin tam istirahət etməsinə mane olur. Bununla yanaşı, hər gün fərqli satlarda yatmaq, yuxusuz qalmaq, yuxu apnesi, alkoqol qəbulu və yüksək hərarət kimi hallar da yuxu keyfiyyətinə təsir göstərərək yuxuda danışmağa səbəb ola bilər. Beyin tam şəkildə dincəlmədikdə, sinir sistemi qeyri-iradi reaksiyalar göstərə bilir.

Psixoloji faktorların da bu prosesdə mühüm rol oynadığı vurğulanır. Güclü stress, narahatlıq, zehni yorğunluq və ifadə olunmayan emosiyalar sinir sistemini aktiv vəziyyətdə saxlayır. Gün ərzində emal olunmayan düşüncələr gecə beynin fəaliyyətinin davam etməsinə səbəb ola bilər. Bəzi mütəxəssislər yuxuda danışmağın beynin gündəlik məlumatları emal etməsinin yan təsirlərindən biri olduğunu bildirirlər.

Əksər hallarda yuxuda danışmaq sağlamlıq üçün təhlükə yaratmır və qısamüddətli epizodlar şəklində müşahidə olunur. Bu halın uşaqlarda daha tez-tez rast gəlinməsi və ailə üzvlərində oxşar halların olması genetik amillərlə əlaqəli ola biləcəyini göstərir. Danışılan sözlər adətən təsadüfi olur və şüurlu düşüncələri əks etdirmir. Lakin yetkin yaşda qəfil başlaması, qışqırma, güclü qorxu və ya kəskin hərəkətlərlə müşayiət olunması hallarında bu, başqa yuxu pozuntularının əlaməti ola bilər və belə vəziyyətlərdə mütəxəssisə müraciət etmək tövsiyə edilir.

Şahnigar Əhmədova, “İki sahil”