28 fevral 2026 15:15
278

Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması - YENİ DÖVRÜN STRATEJİ ÇAĞIRIŞI

Prezidentin təşəbbüsü ilə başlanılan bu proses Azərbaycanın rəqəmsal gələcəyinin sağlam əsaslar üzərində qurulmasına xidmət edəcək

“Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” ölkə başçısının imzaladığı Sərəncam cəmiyyətimiz üçün mühüm və strateji əhəmiyyət daşıyan bir sənəddir. Bu təşəbbüs hüquqi çərçivə olmaqla bərabər, eyni zamanda gələcəyimizin təhlükəsizliyinə yönəlmiş dövlət siyasətinin ardıcıl davamıdır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirdi.

Texnologiyanı təhlükə kimi deyil, düzgün tənzimlənməli və istiqamətləndirilməli inkişaf vasitəsi kimi qəbul etmək lazımdır

Onun sözlərinə görə, artıq “ekran əsri”ndə yaşayırıq və rəqəmsal mühit uşaqların həyatında əsas sosiallaşma platformasına çevrilib. Uşaqlar ilk məlumatlarını, ilk ünsiyyətlərini və hətta ilkin davranış modellərini məhz rəqəmsal məkanda formalaşdırırlar. Bu isə həm böyük imkanlar, həm də ciddi risklər yaradır. Ramil İskəndərli vurğulayıb ki, texnologiyanı təhlükə kimi deyil, düzgün tənzimlənməli və istiqamətləndirilməli inkişaf vasitəsi kimi qəbul etmək lazımdır. Onun fikrincə, əsas məsələ balansın qorunmasıdır. Texnologiya düzgün istifadə olunarsa, təhsili interaktivləşdirir, dünyagörüşünü genişləndirir və uşaqlara yeni bacarıqlar qazandırır. Əks halda isə nəzarətsiz istifadə diqqət dağınıqlığı, sosial təcrid, psixoloji gərginlik və digər mənfi hallara gətirib çıxara bilər.

Bu yanaşma uşaqların təhlükəsizliyinin təmin olunması üçün vacib şərtdir

Forum sədri qeyd etdi ki, hazırlanacaq normativ hüquqi aktlar sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqini, zərərli məzmunun hüquqi təsnifatını və platformaların məsuliyyət mexanizmlərini əhatə edəcək. Bu yanaşma uşaqların təhlükəsizliyinin təmin olunması üçün vacib şərtdir. Onun sözlərinə görə, burada yalnız dövlət deyil, bütün cəmiyyət məsuliyyət daşıyır. Təhsil sistemi  rəqəmsal savadlılıq və kibertəhlükəsizlik mövzularını sistemli şəkildə tədris etməlidir. Valideynlər isə qadağa qoyan nəzarətçi deyil, düzgün istiqamət göstərən bələdçi rolunu oynamalıdır. 

Dövlət, ailə və vətəndaş cəmiyyəti birlikdə hərəkət edərsə,
uşaqlarımız rəqəmsal dünyada da təhlükəsiz və milli dəyərlərə bağlı şəkildə böyüyəcəklər

Ramil İskəndərli bildirdi ki, Milli QHT Forumu bu istiqamətdə maarifləndirmə layihələri, ictimai müzakirələr, tədqiqat təşəbbüsləri və ictimai müzakirə platformaları ilə prosesə dəstək verməyə hazırdır. QHT-lər dövlətlə cəmiyyət arasında körpü rolunu oynayaraq real problemləri gündəmə gətirə və praktik həll yolları təklif edə bilərlər. O əlavə etdi ki, beynəlxalq təcrübənin öyrənilməsi vacibdir, lakin tətbiq ediləcək mexanizmlər Azərbaycanın milli-mənəvi dəyərlərinə uyğun şəkildə formalaşdırılmalıdır. Rəqəmsal mühitdə milli kimliyin və ailə institutunun qorunması prioritet məsələdir.

Məqsəd onları texnologiya daxilində sağlam saxlamaqdır

Sədrin fikrincə, uşaqları texnologiyadan tamamilə uzaqlaşdırmaq mümkün deyil. Məqsəd onları texnologiya daxilində sağlam saxlamaqdır. Bu isə hüquqi mexanizmlərin, institusional əməkdaşlığın və ictimai məsuliyyətin vəhdəti ilə mümkündür. Prezidentin təşəbbüsü ilə başlanılan bu proses Azərbaycanın rəqəmsal gələcəyinin sağlam əsaslar üzərində qurulmasına xidmət edəcək. Dövlət, ailə və vətəndaş cəmiyyəti birlikdə hərəkət edərsə, uşaqlarımız rəqəmsal dünyada da təhlükəsiz və milli dəyərlərə bağlı şəkildə böyüyəcəklər.

Yaqut Ağaşahqızı, “İki sahil”